Ürəyimdə duruşunu sevirəm – Cavid Bədəlov

Ürəyimdə duruşunu sevirəm – Cavid Bədəlov

TANRININ ƏKBƏRİ
(Şəhid Əkbər Hüseynovun əziz xatirəsinə)

Bu sınmaz qeyrətin qeyrət dağıdır,
Saf ruhun cənnətdə sənin ulduzdur.
Hörmətin yurdumda hörmət bağıdır,
Yoxluğun bizlərə dərd payızıdır.

Üçrəngli bayrağa sarıldın möhkəm,
Gözündə ucaldı şəhid dünyası.
Vətənin dadına oldun sən məlhəm,
Sənə çox yaraşır şəhid röyası.

Sənin qisasını aldı İsrayıl,
İqbalda həmin vaxt köməyə yetdi.
Arzumdur,torpaqdan bir anlıq ayıl,
Sənin saf qanadın mələyə yetdi.

 

SƏNİN ÜÇÜN DARIXIRAM, ƏZİZİM

Möhkəmcə sarılmaq istərəm sənə,
Hər şeyi unudub gələsən yenə,
Şübhələr gətirir tənhalıq mənə,
Sənin üçün darıxıram, əzizim.

Çaxan şimşək,tez boşalan buludam,
Çətin səni xatirəmdə unudam,
Tənhalığı mümkün deyil ovudam,
Sənin üçün darıxıram, əzizim.

Parlayan günəşə qalmışam həsrət,
Sənsiz yaşamağa çatmaz cəsarət,
Bizi birləşdirir kölgəli qismət,
Sənin üçün darıxıram, əzizim.

Ürəyimdə duruşunu sevirəm,
Əllərimdən tutuşunu sevirəm,
Mənə gülən baxışını sevirəm,
Sənin üçün darıxıram, əzizim.

 

İSTƏYİRƏM

Bir anlıq gülşənə dönmək istərəm,
Açılsın könlümdə güllərin ətri.
Silahlı əsgərtək dinmək istərəm,
Çarpışıb vuruşum ellərdən ötrü.

Sevdalı günümə çələng toxuyum,
Çiçəkli budağa qonan quş olum.
Söz olan məkanda meydan oxuyum,
Ovqatlı aşığa sözlə tuş olum.

Parlaq sənətkartək dayanım məğrur,
Alovlu sənətə hökm edim gərək.
Heç vaxt basılmasın içimdə qürur,
Xəyallar içində çırpınsın ürək.

Share: