Kulis.az Həcər Bayramın yeni yazısını təqdim edir.
Uşaq ailənin güzgüsüdür.
Əgər siz uşaqlarda dəcəllik hissini öldürsəniz, heç vaxt müdrik insan yetişdirə bilməzsiniz.
Jan Jak Russo
İnstaqramda bir video rast gəlmişdim. Balaca oğlan uşağı durmadan söyüş söyürdü. Dörd və ya beş yaşı olardı. Otağa girib, biədəb sözlər danışır, böyüklər isə əylənirdi. Bu səhnələr məni sarsıtdı. Xüsusən də, videonu çəkənin qəhqəhə çəkib gülməsi… uşaq o sözləri deyərkən, videonu çəkən adam elə gülürdü, az qalırdı “bərəkallah” desin.
İstənilən bir Qərb ölkəsində bu videonu sosial mediada paylaşsaydılar, uşaq haqlarını qoruyan qurumlar uşağı valideynlərdən alıb, sığınacağa verər, ən yaxşı halda, valideynlərə uşaqla davranmaqla bağlı aylıq sürən məcburi kurs keçərdilər. Sosial mediada valideynlərin uşaqla şiddət dili ilə danışdığını, zorakı rəftarını, tərbiyəsinə məsuliyyətsiz yanaşdığını, hətta söyüş söydüyünü göstərən onlarla video var. Bir dəfə blogger Saleh Nəsirov öz “Facebook” səhifəsində siqaret çəkən balaca uşaqların görüntülərini paylaşmışdı. Videonu böyüklər lentə almışdı. Belə hallar təkcə sosial mediada deyil, ətrafımızda da çoxdur. Qohumlarımızda, qonşularımızda belə hallarla çox rastlaşmışam. Uşağa söyüş öyrədən, uşağının söyüşlə danışması ilə fəxr edən nə qədər adam var. Şəhər, əyalət, fərqi yoxdur, bu problem hər yerdədir.
Hər millətin özünəməxsus adət-ənənələri və özünəməxsus psixologiyası var. Uşaqlarımıza davranış öyrətmək dedikdə çoxları cəza və ya sərt davranışı başa düşürlər. Əslində, uşağın tərbiyəsində ailənin rolu əvəzsizdir. Uşaqlara dediyimiz hər sözə diqqət etməliyik, çünki gələcəkdə onların tutacağı mövqe valideyn tərbiyəsindən asılıdır.
Əksəriyyət düşünür ki, uşaqların tərbiyəsində əsas rolu ata oynayır. Çünki uşaq atasından daha çox çəkinir, onun verdiyi öyüd-nəsihətə daha çox əməl edir. Digərləri isə deyir ki, uşaqların tərbiyəsində önəmli rolu ana oynayır. Çünki Azərbaycan cəmiyyətində qadınlar daha çox evdə, kişilərsə işdə olduğundan onlar uşaqlarla daha çox vaxt keçirirlər. Hətta elə atalar var ki, pul qazanıb ailəsini saxlamaq üçün başqa ölkələrə gedir, dənizdə aylarla növbədə olur və ya fiziki ağır işlərdə çalışdığı üçün evə yorğun və gec gəlir. Övladları ilə ünsiyyət qura bilmir. Nəticədə ailədə bütün yük qadının üzərinə düşür və uşaqların tərbiyəsi ilə analar məşğul olur.
Analar, atalarla müqayisədə övladı ilə daha yaxın olur. Burada bir faktor da var ki, övladın qız və ya oğlan olması da rol oynayır. Qız övladı daha çox anaya, oğlan övladı isə daha çox ataya meylli olurlar. Uşaq həm atasından, həm anasından hər gün yeni nələrisə öyrənir. Ailədə ata və ana bir birinə hörmət edirsə, həmfikir olursa, uşaqlar da daha məsuliyyətli olurlar. Bəzən də tərsinə olur, valideynlərin ayrı-ayrı baxış bucağı olur. Bu zaman uşaq iki tərəf arasında qalır və bu, onun davranışına təsir edir.
Çoxuşaqlı ailələrdə və ya valideyn məsuliyyətini tam dərk etməyən ailələrdə uşaq tərbiyəsi ilə bağlı daha bir problem ortaya çıxır. Psixologiyada parentifikasiya deyilən bir anlayış var. Bu, böyüklər tərəfindən qərarların şüursuz şəkildə uşağın çiyinlərinə qoyulmasıdır. Başqa sözlə, uşaqlar öz bacı və qardaşlarına və ya valideynlərinə valideyn olurlar. Belə valideynlərdə asılılıq, əlillik, uşaqlara laqeyd yanaşma və sadəcə ailəni saxlamaq üçün çalışmaqları səbəb ola bilər. Bəzən də ailə münasibətlərində əsasən valideyn daxilən özü böyüyə bilmir, və çox həvəslə öz “yükünü” kiminsə üstünə atmağa çalışır. Belə davranışın səbəbləri çox ola bilər:
* Psixotravmalar
* Valideynlərin boşanması
* Psixoloji sapmalar, psixopatiya
* Asılılıq
Vaxt keçdikcə belə uşaqlar öz çətinliklərini, hisslərini bölüşə bilmir, yaşca böyüklərlə nəyi necə bölüşəcəklərini bilmirlər. Belə uşaqlarda emosional sfera donur, inkişaf dayanır və illər keçdikcə normadan geri qalır.
Parentifikasiya çox vaxt “ana-qız” münasibətlərində yaranır. Qadınlar daha emosionaldırlar, onlar daha çox valideynlərinə bağlıdırlar. Çox vaxtı qız uşaqlarını ailə təsərrüfatını idarə etmək, kiçik bacı və qardaşlarının qayğısına qalmağa cəlb edirlər. Oğlanlara isə atalarının ölümündən sonra qohumlar tərəfindən deyilən “indi sən evin başçısısan” sözü tipik nümunədir. Onlar bu rola çox ciddi yanaşırlar, düşünürlər ki onlar olmasa, valideynləri, qardaş-bacısı onsuz məhv olar. Belə hallar çox vaxtı kəndlərdə baş verir. Uşaqlar təhsildən yayınır, bütün günü ev işi görür, ev heyvanlarına qulluq edir. Onlarda empatiya və məsuliyyət hissi daha güclü olur Nəticədə də valideynlərin uşaqların üzərinə qoyduğu məsuliyyət onları psixikasına pis təsir edir. Sözün əsl mənasında uşağın şəxsiyyətini şikəst edir.
Belə uşaqlar narahat, depressiyaya, obsesif-komplusif pozğunluğa meylli olurlar.
Tanınmış ukraynalı həkim Y. Komarovski deyir ki, uşağın tərbiyəsi ilə bir yaşından başlamaq lazımdır. Uşaqlar kiçik yaşlarından dünyanı, həmyaşıdları və böyüklərlə ünsiyyət qaydalarını öyrənir.
Uşağa “xeyr”, “yox” sözlərini demək çox əhəmiyyətlidir. Bu sözlər uşaqların şəxsiyyət kimi formalaşmasında, savadlı, məsuliyyətli, adil insan olmasında köməkçi ola bilər.
Çox vaxt uşaqlar göz yaşları və qışqırıqla istədiklərini əldə etməyə çalışırlar. Doktor Komarovski məsləhət görür ki, uşağı tək qoymaq, sakitləşəndən sonra yanına qayıtmaq lazımdır. Beləliklə, uşaq anlayacaq ki, o sakit olanda ona qulaq asırlar, sözə baxmayanda və kaprizli davrananda diqqətsiz qalır.
Sevimli nəvələrinin hər kaprizinə can deyən nənələr bu texnikaya diqqət etməlidirlər, çünki, doktor demişkən, “pedaqogikadakı ən zəif halqa – nənədir”.
Çoxumuz üzr istəməyi qürurumuza sığışdırmırıq. Etdiyimiz səhvlər qarşısında qürurumuzu sındırmır, üzr istəməyi alcalmaq kimi qiymətləndiririk. Hələ qarşımızdakı uşaqdısa… Uşaqlara üzr istəməyi öyrətmək üçün özümüz də onlardan üzr istəməyi bacarmalıyıq. Üzr istəməyi insanlara uşaqlıq dövründən öyrətmək lazımdır. Bəli, hamımız səhf edə bilərik. Amma bu səhvlərdən nəticə çıxarıb, üzr istəməyi çoxumuz qəbul etmirik.
Valideynlər uşağını balacalıqdan üzr istəməyi öyrətməlidirlər. Uşağın etdiyi hər hansı bir səhvi ona izah olunmalı və üzr istəməyin lazımlığını başa salmalıdır. Mütəxəssislərin fikrincə bu işə uşaqlar 3 yaşından öyrənməlidir. Çünki 7 yaşdan öncə uşaqlar ünsiyyət qurmaqda, qarşıdakı insanın duyğularını, istəklərini anlamaqda çətinlik çəkirlər. 2-7 yaşlı uşaqlar elədikləri bütün hərəkətlərin doğru olduğunu düşünürlər. Bunun üçündə uşaqlar üzr istəməyə çətinlik çəkir, ümumiyyətlə, üzr istəməyin nə olduğunu bilmirlər.
Uşaqlara üzr istəməyin niyə vacib olmasını anlatmaq çox vacibdir. Bunun sadəcə quru bir sözdən ibarət olmamasını uşağa izah etmək lazımdır. Uşaq səhvinin məsuliyyətini anlamalıdır. Yoxsa hər düşdüyü vəziyyətdən xilas olmaq üçün tez-tez “üzr istəməkdən” istifadə edə bilər. Bu onun əlində silaha çevrilər. Üzr istəməyi uşağa asanca öyrətmək üçün ona nümunə olmaq lazımdır. Əsəbi anımızda uşağa qışqıranda sonra üzr istəməli, bir az əsəbi olduğumuzu deməliyik. Belə olanda uşaq da səhv etdikdə böyüklərdən üzr istəyəcək. Uşaqlar üzr istəyəndə, tez qəbul etmək lazımdı. Bu, uşağa üzr istəmənin gücünü göstərir. Uşaqları üzr istəməyə məcbur etmək olmaz. Bu zaman o, üzr istəməyi cəza kimi görəcək.
Hər uşağın öz dərketmə prosesi, öz inkişaf tempi, böyüməsi var.
Bəzən valideynlər övladlarını tərbiyə vermək adı ilə istismar edirlər. Dəfələrlə uşaqların təhsildən yayındıran, erkən yaşda ərə verən valideynlər görmüşük. Onların fikrinə görə sahədə işləyən, pul qazanan uşaq tərbiyəli olur. Şəhərlərdə isə çox valideynlər uşaqlarını “yarış atı” hesab edir. “Qonşudan qalma geri prinsipi” ilə uşaqlarının fikrini, marağını öyrənmədən, müxtəlif kurslara yazdırırlar. “Hərtərəfli” biliyə malik uşaq yetişdirdiklərini düşünürlər. Uşaqlar da məcbur qalıb, valideynin dediyinə əməl edir. Valideyn istədiyi işə icazə verir, istəmədiyini vermir. Bu da gələcəkdə uşaqların psixikasına böyük zərbədir. Belə ailələrdə böyüyən uşaqlar çox vaxt yaşıdları tərəfindən bullinqə məruz qalır, iradəsiz, qorxaq böyüyür.
Ümumiyyətlə, uşağı qorxu ilə tərbiyə etmək çox çürük metoddur. Çünki uşaq yalnız valideynin qorxusundan hansısa hərəkətləri etmir və ya həyatının hansısa hissəsində valideyn qorxusu az duyursa, ya da heç duymursa, o zaman özünü qəfəsdən çıxmış kimi hiss edir.
Özümüzü digər ölkələrlə müqayisə etsək, görərik ki, oralarda vəziyyət tam fərqlidir.
Avropa ölkələrində uşağın tərbiyəsində hər iki valideynin rolu bərabərdir. Əgər valideynlər ayrılmış belə olsalar, yenə də uşaqları ilə maraqlanırlar. Çünki ata-ana amili uşaq psixologiyasına və tərbiyəsinə ciddi təsir edir.
Skandinaviya ölkələrində valideynlər övladlarına tam sərbəstlik verirlər. Uşaq nə oynayacağına, nə edəcəyinə özü qərar verir. Bu ölkələrdə sərt bir gün rejimi yoxdur və uşaq böyütmək üçün səy göstərdikləri ancaq övladlarının inkişafıdır. Uşaqlara qışqırmaq və ya səsini qaldırmaq qətiyyən mümkün deyil. Əgər ailə övladlarına şiddət göstərirsə, uşaq ailədən alınır.
Məsələn, Danimarkada uşaqları vurmağı qadağan edən qanun 1968-ci ildən qəbul edilib. Uzun illərdir ki, fiziki cəzanın nə olduğunu bilməyən neçə nəsil yetişib. Uşaqlar 18 yaşına çatdıqda valideynlərinin evini tərk edirlər. Yeri gəlmişkən, Danimarka dünyanın ən xoşbəxt ölkələrində biri hesab olunur.
İngiltərədə uşaqlara ilk yaşlarından özünə inam hissi aşılanır. Hər uğuruna görə alqışlanır və təqdir olunurlar. İngilislər uşaqlarda özünəinam hissinin olmasına fikir verirlər. Yalnız bu halda onun müstəqil şəxsiyyət kimi yetişəcəyini, çətin məqamda qərar verə biləcəyini deyirlər. İngilis qadınları heç vaxt özgə uşaqlarına açıqlanmırlar. Bağçalardakı tərbiyəçilər belə nadinc uşaqları nəinki vurmaq, heç məzəmmət də etmirlər, onları başqa yollarla sakitləşdirməyə çalışırlar.
Nisbətən yuxarı yaşda uşaqlarla uzunmüddətli söhbətlər aparılır, hərəkətlərinin məsuliyyəti sözlə başa salınır. Məktəblərdə də şagirdlərin müstəqilliyi, fərdi xarakteri alqışlanır. İngilis uşaqları hansı dərslərə gedib-getməyəcəklərini də özləri seçir. Kiçik yaşlardan onlara ayrıca otaqlar ayrılır. Valideynlər qapını döymədən heç vaxt övladlarının otağına daxil olmurlar.
Yaponiyada uşaqlara verilən təhsil öz mürəkkəbliyi ilə seçilir. Yaşından asılı olmayaraq uşaqlara müxtəlif cür yanaşırlar. 5 yaşına qədər uşaqlara bütün hərəkətlər icazə verilir. Uşaq yolda uzansa, evin divarlarını yazsa belə, valideynlər təmkinlərini itirmirlər. 6-14 yaş arasında uşaqlar artıq yapon sərtliyi ilə üzləşirlər. Bu dövrdə valideynin sözü uşaq üçün qanundur.
Məşhur yapon işgüzarlığı, ictimai qaydalara və qanunlara hörmət, tapşırığı sözsüz yerinə yetirmək vərdişi bu yaşlarda formalaşır. Oğlan uşaqlarını yeniyetməlik yaşlarından müxtəlif idman dərnəklərinə yazdırırlar. Qızlar isə daha çox evdə qalır və ev təsərrüfatını idarə etməyi öyrənir. On beş yaş yapon yeniyetmələr yapon cəmiyyətində bərabərhüquqlu üzvü sayılır və ona böyüklər kimi yanaşılır.
Bizdə isə uşaq tərbiyə etmək məsələsini valideynlər uşağı əhliləşdirmək kimi başa düşürlər. Çox vaxt bu söz məcbur etmək, tələb etmək, nəzarət etmək, yoxlamaq kimi hərəkətlərlə əlaqələndirilir. Halbuki, tərbiyə etmək məsələsi daha çox böyütmək, ayağa qaldırmaq anlayışları ilə daha çox uyğun gəlir.
Uşaq tərbiyə edərkən valideynlər nadir hallarda uşaq psixologiya və tərbiyəsi haqqında kitab oxuyurlar. Çox vaxt valideynlər deyirlər ki, kitab oxumaqla uşaq tərbiyə etmək mümkün deyil. Amma bu mövzuda elmi əsaslandırılmış kitablar və professional psixoloq və pedaqoqlar tərəfindən aparılan seminarlar uşaqlarımızın tərbiyəsini, onların ən çətin, gözlənilməz, bəzən hətta çətin yaş dövründə necə kömək etməkdə, düzgün addım atmaqda yardım edə bilərlər.
Məsələn, uşaq və yeniyetmə terapevti Mehtap Kayaoğlunun “Özü-sözü gözəl uşaq” kitabında bəzi suallara cavab tapmaq olur.
İngilis atalar sözündə deyilir:
“Uşağa tərbiyə verməyin, onsuz da o sizə bənzəyəcək. Özünüzü tərbiyə edin!”
Əgər valideyn həyatdan zövq alırsa, inkişaf edirsə, teatra gedirsə, kitab oxuyursan, maraqlı film izləyirsə, səyahət edirsə bu uşaq üçün tərbiyədir. Uşağa birinci növbədə xoşbəxt valideyn lazımdır. Nə qədər xoşbəxt və güclü olsa, övladına təsir gücü o qədər çox olacaq.
Valideynin “yox” cavabı dəqiq olmalıdır. Bununla uşaq valideyndən qərarlı və qətiyyətli olmağı öyrənir. Uşaqlarla birlikdə səyahət etmək çox vacibdir. Çünki onlarla birlikdə keçirilən vaxtı uşaqların həyatında ömürlük iz buraxacaq. Uşaqların hobbiləri onların formalaşmasına kömək edir. Dünya görüşünü artırır. Məsələn, şəkil kolleksiyası yığmaq , musiqi dərslərinə qatılmaq və ya rəsm çəkmək də ola bilər.
Mehtap Kayaoğlu uşaqlara gündəlik yazmağı tövsiyə edir.
“Yazın… Qələm tutmağa başladığınız andan etibarən yazın. 6 yaşınızda 60 yaşınız üçün tövsiyələr yazın. Gələcəkdə uşaqlıq hisslərinizlə yazdığınız bu dəftəri oxuyarkən hər sətrin arasında özünüzü tapacaqsınız. Oxuduğunuz hər xırda detala özünüzü görəcək, daha çox sevəcəksiniz. Siz olmağınıza səbəb olan gözəl xüsusiyyətlərinizi görəndə təəccüblənəcəksiniz”.
Valideynlər uşaqları ilə monoloq deyil, dialoq qurmalıdırlar. Bu özünəqapanmağa, stressə, özünəinamsızlığa, aqressiyaya, kobudluğa qarşı da kömək edir.
Uşaq dünyaya gəldiyi gündən valideynin üzərində böyük məsuliyyət düşür. Valideynlər çalışırlar ki, körpələrinin sağlam və tərbiyəli böyüdüb, cəmiyyətə yararlı vətəndaş yetişdirsinlər. Çünki cəmiyyət olaraq bizim gələcəyimiz uşaqlardan asılıdır. Eyni zamanda, uşaqların tərbiyəsində ailənin də böyük rolu var. Belə bir deyim var ki, uşaqlar ailənin güzgüsüdür. Valideynlərdə öz şəxsi nümunəsi tərbiyə işində böyük rol oynayırlar. Uşaqlar ata və analarının timsalında sosial təcrübələri mənimsəyirlər. Onlar öz dünyagörüşləri, maraq və meylləri, hətta zahiri görkəmləri ilə gənc nəslə çox böyük təsir göstərirlər.
Uşaqlara hər dediyimiz sözə görə diqqət etməliyik, çünki gələcəkdə onların mövqe tutmağında valideynlərin tərbiyəsindən çox şey asılıdır. Uşaqlar səhv edərkən onlara istər fiziki, istərsə psixoloji təsir göstərmək olmaz, çünki bu onları ruhdan salır, həyatdan küsdürür.
Ona görə də etdiyimiz hər bir hərəkəti onları incitməyəcək tərzdə etməliyik.
Bəs, valideynin təhlükəsiz akvariumundan çıxan uşaq nə edəcək? Axı ailədə, məktəbdə, qohum-əqrəbada toksik münasibətdən, şiddətdən, təhqirlərdən, manipulyasiyadan xilas olmuş uşaq, cəmiyyətdə bundan xilas ola bilməyəcək. Valideynin imkanları da bir yerə qədərdir. Sabah uşağın işləyəcəyi şirkətdə gerçəkliyi valideyn idarə edə bilməyəcək. O ortamlarda uşaq şiddət, manipulyasiya, təhqir, hər şey görəcək. Özü də, bütün bunları uşaqlıqdan görən insanlara nisbətən, halı daha pis olacaq.
Bir Çin atalar sözündə deyilir: Övladınız ovcunuzda tutduğunuz quş kimidir, bərk sıxsanız ölə bilər, boş buraxsanız uçub gedər”.
Uşaqlıq dövründə uşaqlarla təkcə fiziki deyil, həm də emosional olaraq yaxınlıq vacibdir. Onlar böyüdükcə ehtiyaclarını başa düşməyi öyrənin. Uşağın yerinə deyil, onunla birlikdə qarşısına çıxan çətinlikləri aradan qaldırmalı, onların uğurlarına və qələbələrini sevinməliyik. Hər valideynin məsuliyyəti uşaq üçün həyat modeli yaratmaqdır. Uşaqlar böyüklərin sözlərindən deyil, hərəkətlərindən öyrənirlər.