Faiq Hüseynbəylinin uşaq şeirləri ilə bağlı çoxdan yazmaq istəsəm də qismət gəlib bu günə çıxdı. Görəsən nədən onun haqqında yazmağa can atırdım?
Bu sualın cavabı onun şeirlərindədir. Bir vaxt diqqətimi çəkən müəllifin uşaq şeirlərini indi yenidən oxudum və sevindim.
Yazdıqlarını
Cırdı, tulladı.
Müsabiqəyə
Bunu yolladı:
Bütün gözəllik
Şeir sözüdür.
Ən yaxşı şeir
Uşaq özüdür.
Bu nümunələr şairin “Uşaq şeiri”adlı şeirindən götürülüb. Deməli, dədə “Uşaq şeiri” müsabiqəsinə hazırlaşır. Yazır, yazır və axırda yazdıqlarını cırıb atır. Belə qənaətə gəlir ki, uşaq şeiri elə uşağın özüdür. Məncə, Faiq demək istəyir ki, uşaq şeiri uşağın özünə bənzəməlidi. Onun özü qədər şirin, səmimi, maraqlı və.s. olmalıdır. Ona görə də, o işinə məsuliyyətlə yanaşır və şeirləri belə uğurlu alınır.
Ağ vərəqlərə
Yaşıl qələmlə
“Səməni” rəsmi
Əkmişdi Aytac.
Onun qəhrəmanı təkcə “çəkmir”, həm də “əkir”, “biçir”, “toplayır” və s.
Sərçə haqqında çox şeir yazılıb. Amma o, bu şeirlə uşaqlara Vətən sevgisini belə aşılayır:
Getmir uzağa,
Doğma vətəndən.
Qarın altında,
O, axtarır dən.
Siz də vətəni,
Sevin, uşaqlar.
Yurdun qışı da
Bahardır, bahar.
Və yaxud
Bahar gəlir ellərə,
Yaşıllaşır dağ-dərə.
Açılıb Novruzgülü,
Heyran edir bülbülü.
Baş qaldırır Yasəmən,
Gözəlləşir çöl-çəmən.
Laləyə bax, Laləyə,
Batıb şehə, jaləyə.
Açılıb min bir çiçək,
Gülləri ləçək-ləçək.
deyə, müəllif yurdun hər qarışında baharı əzizləyir. Onun təbiətlə bağlı şeirləri unudulmaz şairimiz Mirmehdi Seyidzadəni xatırladır…
Birinci qar, birnci qar,
Qəlbimizin sevinci qar…
M.Seyidzadənin fəsillərə yazdığı şeirləri nəinki uşaqlar, az qala böyüklər də əzbər bilir. İnanıram ki, gələcəkdə Faiqin də şeirləri dərsliklərə, Oxu kitablarına daxil edilərək bax belə oxunacaq və seviləcək…
Faiqin bir kitabının adı “Yer üzü bir beşikdi” adlanır. Yəqin şair bunula demək istəyir ki, amandı, yer üzünü müharibələrlə, qırğınlarla silkələməyin, çünki
Yer üzü bir beşikdi,
Küləklər layla səsi.
Göy üzündən asılıb
Şairlərin nənnisi.
F.Hüseynbəyli uşaqlar üçün təmsillər, satirik nümunələr də, yazır:
Məşğələ keçib,
Qarğa iki ay.
“Bülbüləm”, deyə,
Salıb hay-haray.
Və ya
Sarmaşıq Qızılgülə
“Qəşəngsən”, deyə-deyə
Sarılıb gövdəsinə
Qalxdı ondan yüksəyə.
F.Hüseynbəyli bir müsahibəsində söyləyir ki, şeir pıçıltıdı, duadı, nəğmədi, layladı, ağıdı. Şeir nədirsə şair də odu…
Mən də, düşünürəm ki, uşaq şairi gərək Günəşi alıb “gətirsin” uşağa, sözünə xilaf çıxmasın. Elə Faiq Hüseynbəyli kimi:
Siçan dedi Qaçana, –
Top-top oynayaq, Qaçan?
Qaçan dedi Uçana, –
Top-top oynayaq, Uçan?
Uçan getdi göylərə,
Uçdu, ucaldı, gəldi.
Top-top oynamaq üçün,
Günəşi aldı, gəldi.
Fəqət, nəinki uşaqlar üçün, elə böyüklər üçün də, yazdığı əsərlərlə (9 kitabı çap edilib) ədəbiyyatımıza rəng qatan Faiq Hüseynbəyli kimi cavan, istedadlı yazarlara xüsusi diqqət, qayğı ilə yanaşmaq lazımdır. Ona görə ki, o, üç uşaqlı ailəsi ilə yaşadığı evin kirayə pulunu necə ödəyə biləcəyini deyil, yeni-yeni, daha gözəl mövzular düşünüb, uşaqlarımızı sevindirsin. Bu gün dərsliklərimizin onun kimi müəlliflərə çox ehtiyacı var.
Mina Rəşid