Şair-pedaqoq İbrahim Yusifoğlu
Uşaq ədəbiyyatı yazmaq, yaratmaq həm çətindir, həm də məsuliyyət tələb edən bir sahədir. Uşaqların zövqünü oxşayan əsər yazmaq yazardan yüksək həssaslıq tələb edir. Yəni uşaqları oz diliylə danışdırmağı bacarmaq hər əli qələm tutana nəsib olmur. Gərək böyük kimi müdrik, tərbiyəvi, ağıllı düşünməklə yanaşı, uşaq kimi saf təbiətli, uşaqdilli, uşaq düşüncəli, səmimi olmağı da bacarasan.
Bu yaxınlarda əlimə bir kitab keçmışdi.- “Göy yerə zəng eyləyir”. Üz qabığında gülən uşaqların şəkli diqqətimi çəkdi. Vərəqlədim… bir-birindən maraqlı uşaq şeirlərini oxumağa başladım. İstər-istəməz üzümdə təbəssüm oyandı. Şəkildəki uşaqlar da sanki bu şeirləri oxuyub gülür, kitabın müəllifi İbrahim Yusifoğlunun onların dəcəlliklərini necə gördüyünə, ürəklərini necə oxuduğuna məəttəl qalıb sevinirdilər:
Hava yaman tutulub,
Şimşək hay-küy eyləyir.
Topa-topa buludlar
Yerə yağış ələyir.
Baxıb yağan yağışa,
Uşaqlar söz söyləyir:
Ilkin deyir:-Bu yağış
Yeri lap dəng eyləyir.
Toğrul deyir:-Damcılar
Bax,yerlə cəng eyləyir.
Aycan deyir:-Uşaqlar,
Göy yerə zəng eyləyir…
Bu şerdə yağışla torpağın təmasını bədii ifadələrlə, uşaq gözüylə görmək, uşaq təfəkküründə onu mənalandırmaq və sadə bir dillə onu yenə uşaq oxucuya çatdırmaq var. Həmqafiyə sözlərin (dəng, cəng, zəng) şeirdə bir-birini asanlıqla əvəz etməsi şeirin asanlıqla oxunub, yaddaşda tez qalmasını saxlayır. Başqa bir nümunədə isə İbrahim müəllim Günəşlə uşağın söhbətini sadə fikirlərlə bədiiləşdirib:
Araz deyir:-Ay Günəş,
Işığın aşıb-daşır.
Sənə baxa bilmirəm
Gözlərim bərk qamaşır.
Qaçıb çıxmısan göyə,
Cığallığından əl çək.
Əgər məndən qorxmursan,
Düş gəl yerə güləşək.
Yazdığı uşaq şeirləri kimi səmimi, sadə, təvozökar bir insandı İbrahim müəllim. İnsanlara yaxşılıq etməkdən, yıxılanın əlindən tutmaqdan fərəh duyar. Xalq yazıçısı Hüseyn İbrahimovun bir cümləsi yadıma düşür: -“Qədim və bərəkətli Şərur torpağının yetirməsi İbrahim Yusifoğlunu ilk gündən ifallı və istedadlı bir ziyalı kimi tanımışam”. Bəli, bu sözləri onu tanıyan hər kəs söyləyə bilər. Bütün bu gözəl və özəl xarakteri onun – həm böyüklər, həm də uşaqlar üçün yazdığı bütün əsərlərinə yansıyıb.
Uşaq ürəkli şairimizin bu kitabda vətənlə, təbiətlə, insan və insan xarakteri ilə bağlı aydın dillə yazılmış onlarla, yüzlərlə şeiri var. Ana torpağı sevimli uşaqlarla addım-addım dolaşan şair, “Azərbaycan vətənimdir”- deyib, doğma Şərurdan yol alıb bütün Nuh yurdunu gəzir:
Naxçıvanam!
..Övladlarım gülərüzlü,
Şən nəgməli, azad səsli.
Qucagımda bəsləyirəm
Xoş günlərə gedən nəsli.
Hər misrası müstəqillik, Cəngi qoxuyan vətən nəgməsini körpə yaddaşlara yazır:
Nəğmələrin ən qədimi, ulusu,
Meyvələrin ən şirini, sulusu,
Bulaqların ayna kimi durusu-
Vətən nəğməsi!
İbrahim Yusifoğlu övladlarına Xan Arazın harayından, Xocalının fəryadından, düşmənə göz dağı olan müzəffər ordumuzun əsgər inamından soz açır. Arpaçay əfsanəsini tarıx yaddaşımıza sadə dillə çatdırır:
Bir mahnı haray kimi
Dolaşsa da elləri,
Saranı qorxutmayır
Arpaçayın selləri.
Uşaqlar üçün maraqlı, tərbiyəvi, düşündürücü əhəmiyyəti olan hər mövzuya toxunur şair. Bəzən çiçəklərlə, ağaclarla söhbət edib onların xüsusiyyətini uşaqların dililə açır:
Yaz günləri obadan
Ətirli bir iy gələr.
Nənəm sevincək deyər:
-Çiçəkləyib iydələr.
Bəzən də heyvanların sevimli canlı olduqlarını uşaqlara dörd misra ilə çatdırır:
-Budağa qonub baxan
Bu quş necə yumrudu.
-Tanımadın, ay Araz,
Onun adı Qumrudu.
Salxım söyüdü uşaq gözü ilə görən şair onun yazda ağaclardan daha tez boy atmasını,yarpaqlamasını, saçlarını daramadığını irad tutur:
Ağaclar arasında
Qoçaq gördüm söyüdü.
Bircə ilin içində
O boy atıb böyüdü.
Iradım var söyüdə,
Baxmır sözə, öyüdə.
Saçlarını daramır,
Özünə iv aramır.
İbrahım müəllim salxım söyüdün saçları ilə birgə iv sözünü (saçları ortadan, yandan ayıran düz xətt) seir dilinə gətirib, bədii sözə çevirib. Həmçinin, uşaqların, həm də böyüklərin yaddaşında unudulmuş, az-az işlənən sözlərdən birini təzələyib. Kitabı vərəqlədikcə gözümüzün önündə bir-birindən maraqlı, yığcam, poetik səhnələr açılır. Şair hətta milli yeməklərimizi, əriştəni, daş küftəsini, qaysavanı şirin , dadlı dillə bişirib, uşaqlara yedirdir:
O hansı yeməkdi ki,
Un ələkdən ələnir.
Sonrası xəmir olur,
Balaca kündələnir.
Bu balaca kündələr
Oxlovla ovxalanır.
Doğram-doğram doğranıb
Sonra ipdən sallanır.
Hələ onu bişirmək
Tələb edir səriştə.
Aynur deyir:- Ay nənə,
Əriştədi, əriştə.
Belə gözəl nümunələr kitabın sonuna qədər bizi izləyir. Hamısını təhlil etsə belə, yorulmaz insan… kitabdakı şeirləri balalarınıza, şagirdlərinizə, nəvələrinizə oxuyun. Hərəsi bir dünyadı. Uşaq dünyanıza poetik nümunələrlə səyahət edin.
Bax beləcə, hərdən uşaq olub, uşaq şeiri, uşaq nağılı oxumaq istəyir insan. Əlbəttə ki, hər dövrün öz uşaq ədəbiyyatı var. Bizim nəsil M.Ə. Sabiri, A. Şaiqi, S.S. Axundovu, A.Səhhəti. X. Əlibəylini, R. Yusifoğlunu və onlarla bu kimi yazıçı və şairlərin uşaq əsərlərini oxuyaraq böyüyüb. Bu nümunələr indi də yaddaşımızın bir küncündə, əzbərimizdə özünə möhkəm yer edib. Çox zaman evdə uşaqlara onların yazdıqlarından nümünə gətiririk. “Uşaq və buz”, “ Gəl-gəl, a, yaz günləri”, “Keçi”, “Xoruz”, Pişik” və s. bu kimi yaddaqalan şeirlər unudulmayan bədii nümunələrdir. Bir də bu gözəl uşaq şeirlərinin üzərinə müasir nümunələri əlavə edib oxumaq, körpə balalara İbrahim Yusifoğlu kimi uşaqları sevən, onları unutmayan şairləri də tanıtmaq lazımdır.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü olan İbrahim Yusifoğlu Azərbaycan, eləcə də Naxçıvan ədəbi mühitində öz sözünü deyən şair kimi iyirmi beş adda şeirlər, poemalar, mənzum pyeslər, hekayələr kitablarının müəllifidir. Onun uşaq ədəbiyyatı sahəsindəki fəaliyyəti olduqca təqdirəlayiqdi. “Futbolçu, topçu, gopçu”, “Arpaçayın uşaqları”, “Azərbaycan nəğməsi”, “Vətən nəğməsi”, “Seçilmiş əsərləri-2” kitablarını balacalara hədiyyə edib.
Azərbaycan Yazıçılar Birliyinin tərtib etdiyi “Azərbaycan uşaq ədəbiyyatı antologiyası”, “Məktəbəqədər təhsil müəssisələrində tərbiyə və təlim proqramı”na dair “Müntəbaxt” dərsliyində silsilə şeirləri verilib.
“Ulduz”, “Göyərçin”, “Günəş”, “Uşaqlar və Günəş”, İbtidai məktəb” və s. jurnal və toplularda, “Şərq qapısı”, “Savalan”, “Tumurcuq”, “Azərbaycan müəllimi”, “Təhsil problemləri” və başqa qəzetlərdə müntəzəm olaraq uşaq şeirləri ilə çıxış edir.
Dəyərli şairimiz 2016-cı il Prezident mükafatçısı, “Qızıl qələm” media mükafatı laureatıdır. Əsərləri türk, rus, fars və fransız dilinə tərcümə edilmişdir.
Hər zaman öz səmimiyyətinə, eyni zamanda məsuliyyətinə sadiq qalan İbrahim Yusifoğlu uşaqları unutmur, yeni-yeni əsərlərlə, cəlbedici, sadədilli şeirləri ilə körpə balaları sevindirməkdə davam edir.
Təranə ƏLİYEVA