Uşaqların sevdiyi “super qəhrəmanlar” əsl qəhrəmanların övladları ilə görüşdü — Fotolar

Uşaqların sevdiyi “super qəhrəmanlar” əsl qəhrəmanların övladları ilə görüşdü — Fotolar

“Fire Land Production” hər zaman vətənpərvərlik mövzularına xüsusi önəm verib, 44 günlük müharibə dövründən sonra isə şəhid yaxınlarını diqqətdə saxlayıb, onlara xüsusi qayğı ilə yanaşıb.  

“Qafqazinfo”nun məlumatına görə, son 2 il “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələri çərçivəsində 20-ə yaxın tədbir keçirilib, 1000-ə yaxın şəhid əmanətini bu silsilədən olan tədbirlərə dəvət edilib.

Bütün tədbirlər şəhid yaxınlarının, ictimai, siyasi xadimlərin, mədəniyyət nümayəndələrinin iştirakı ilə Şuşa Şəhər Dövlət Qoruğu, DreamLand Golf Club, Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, Heydər Əliyev Mərkəzi kimi önəmli məkanlarda təşkil olunub. Bütün tədbrilər Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən  şəhid yaxınlarının təhlükəsizliyinə diqqət edilib, onlara ehtiram göstərilib. Bu səfər isə şəhid əmanətlərinin 1 gününün maraqlı, əyləncəli keçməsi, istirahətlərinin təmin olunması üçün “Hyatt Regency” hoteli onları “Yayın son günü”nü qeyd etməyə dəvət etdi. “Fire Land Production” və “Hyatt Regency” hotelinin birgə təşkilatçılığı ilə şəhid övladları üçün bu gün unudulmaz oldu.

Qeyd edək ki, avqustun 31—ində baş tutan tədbirə 150-ə yaxın şəhid övladı, 50-yə yaxın şəhid xanımının dəvət olunub. “Fire Land Production” tərəfindən musiqili proqram, tanınmış səhnə ulduzlarının dəvət olunması, uşaqların əyləncəsi üçün animatorların iştirakı təmin olunub. Günün birinci yarısında şəhid övladları hotelin hovuzunda üzərək əsl yay həyəcanını yaşadıblar. Sonra onlar üçün təşkil olunmuş süfrəyə əyləşiblər. Tanınmış aparıcı, gənclərin sevimlisi Elvin Mərdan və onun xanım həmkarı Mədinə Abdullayeva şəhid övladlarının yaddaqalan və unudulmaz bir gün keçirmələri üçün tədbirin idarə edilməsini öz öhdələrinə götürüblər.   

Uşaqların əyləncəsinə “Mister White” adı ilə tanınmış şoumen Oleq Silkov da qoşulub.

Tədbirə animator kimi dəvət olunmuş super qəhrəman “Hörümçək adam”ın şəhid övladlarına “Əsl qəhrəmanlar sizin atalarınızdır” deməsi isə şəhid yaxınları arasında kövrək anlara səbəb olub.

Musiqili qonaqlardan Murad Arif, Hiss, Günay İbrahimli, Çinarə Məlikzadə, Turanə Səfərli şəhid əmanətləri qarşısında şövq ilə çıxış ediblər. Kikboksinq üzrə dəfələrlə dünya çempionu olmuş Zabit Səmədov qəhrəman övladlarına həyatın bütün sahələrində dəstəyini ifadə edib. Dünya və Avropa çempionu Rəsul Çunayev şəhid övladlarının yanından bir an olsa belə ayrılmayıb. Tanınmış aparıcı Hacı Nuran da hər zamankı kimi  şəhid yaxınlarına diqqətini əsirgəməyib.

“Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələrinin rəhbəri,  Yazıçılar Birliyinin üzvü Cəlal Qurbanov çıxışında  fikirlərini bu cür ifadə edib:

“Super qəhrəmanları əsl qəhrəmanların övladları ilə tanış etməyin vaxtı idi. Yayın sonu bunun üçün yaxşı fürsət oldu. Uşaqlar həm əyləndirlər, həm də bizim onların qəhrəman atalarına nə qədər minnnətdar olduğumuzu bir daha hiss etmiş oldular. Hər zaman dediyim kimi, nə qədər çalışsaq da şəhidlərimizin haqqı ödənməz, biz onlara həmişə borclu qalacağıq. Bizə bütün tədbirlərimizdə dəstək olan Heydər Əliyev Fonduna dərin təşəkkürümüzü bildiririk. Şəhid yaxınlarının ən böyük dəstəkçiləri məhz Heydər Əliyev Fondunun Rəhbərliyidir. Məhz buna görə şəhid Telman Kəlbiyevin övladı Səid balamız öz ad günündə şəhid övladlarına hədiyyələr edən vitse prezident Mehriban xanım Əliyevaya balaca ürəyindən keçən sözləri, təbrikləri çatdırmaq istədi. Və şəhid övladlarının alqışlarını ona hədiyyə etmək sitədiyini bildirdi. Uşaqlar həqiqəti daha yaxşı hiss edib, daha ədalətli  ifadə edə bilirlər. Şəhid övladları həm də polis əmilərinin onlara olan münasibətlərindən qürur duyurlar. Daxili İşlər Nazirliyinin əməkdaşları onları hər gördükləri yerdə hərbi salamla salamlayırlar. Şəhid əmanətləri “Yayın son günü”ndə onlar üçün yaradılmış şəraitdən razı qaldıqlarını sevinc hissləri ilə biruzə veriblər. Əminik ki, “Hyatt Regensy”nin açıq hava tədbirləri üçün nəzərdə tutulmuş məkanında hovuz əyləncəsi, animatorlarla yarışlar, ulduzlarla bir səhnədə rəqs etmələri uşaqlıq xatirəsi kimi onların hafizəsində qalacaq”.


Share: