…uşaqlıqda bir çiçəkli donum vardı…

Esmira MƏHİQIZI

mən gözləyim, sən də gəlmə.. gözləməyə alışım,
öz-özümə təsəlliyə, söz deməyə alışım,
qarışım da,
yanğınların küllərinə qarışım,
axırında bir son gələr..
o son ilə gedərəm

nəsə olar bilmədiyim, bilməzlərdən keçərəm,
kim ağlayar,
nə ağlayar… gülməzlərdən keçərəm,
bilirəm ki, gələr yoxdu, gəlməzlərdən keçərəm,
yerə düşkün bir canım var..
o can ilə gedərəm.

həyat belə ta əzəldən ağladandı, ağladıq..
sındırandı,
somurandı,
ağrıdandı..ağrıdıq,
qıra-qıra bir umudu bircə ana bağladıq,
gözləyirəm o an gəlsin,
o an ilə gedərəm.

nə yarımçıq bilirdinsə, əzəlində tam imiş,
ha sil,
ha yu pəncərəni, sonu qırıq cam imiş,
bilirdinmi, son nəfəs də bircə qaşıq qan imiş,
son yolu da o nəfəslə,
o qan ilə gedərəm.

uşaqlıqda bir çiçəkli donum vardı, sevdiyim,
-necə oldu?
külək alıb uçurtdu da, bildiyim,
ömür kimi yamadığım, kəfən kimi geydiyim
yel gətirsin o donu da..
o don ilə gedərəm.

****

bu dəfəlik olan olsun, olmayanlar olmasın,
neyləməli, demək elə olanların vaxtıdı.
neyləməli, bu ömürdə gün düşmürsə içəri,
qoy düşməsin, necə düşür o da günün haqqıdı.

ha çarpış da, ha vuruş da yazı əzəl yazıdı,
pozulması, dəyişməsi heç ağlına gəlməsin.
alnındakı möhür kimi
payız əcəl payızdı,
heç görmüsən o payızda bir çiçək də ölməsin?

heç görmüsən doğulanın əbədilik halını,
peyğəmbər ol,
ya imam ol..yenə ölüm yolu var.
bir can ilə nöqtə qoyur həyatına yer yolu,
yenə Şükür o dərgahda hələ göyün yolu var.

bir cızqıdı taleyin də, bir xətt keçər ömründən..
istəsən də o cızqıdan çıxammazsan qırağa.
ya kafirsən,
ya möminsən..dua keçər içindən,
o duadı.. ha yıxılsan, qaldıracaq ayağa.

bu dəfəlik ömür ötsün, ötsün necə istəyir,
bəlkə sonra bu dünyaya yenə, yenə gəl olur.
burax getsin sevdanı da ayrılığın yanına,
umudum var o sonraya,
görək sonra nə olur.

****

nədəndisə, bilmirəm
bilmirəm necə olur
günün günortasında
hər tərəf gecə olur

şəhər bir küçə olur
ayrılıqdan başlayır.
günləri yarpaq kimi
sarılıqdan başlayır

qışlayır e,
qışlayır
burda payızın qışı.
əsir qəmin küləyi,
yağır dərdin yağışı.

gecələri uzanır,
uzanır da,
bitmir heç.
mən gedirəm, ay gedir..
bu qaranlıq getmir heç.

hələ lal gecələri,
qulağımı batırır.
qollarımda bu ömrü,
ayrılıqlar yatırır..

nədəndisə..bilmirəm,
bilmirəm nədən olur,
ürəyim ağrıyanda
hər tərəf vətən olur

Share: