Masallı rayonu Azərbaycanın ən gözəl və bərəkətlı məkanlarındandır desək əminəm ki, yanılmarıq. Di gəl gör ki, belə bir gözəlliyi görmək böyük qurbanlar tələb edir. Ən böyük qurbansa əsəbləriniz olacaq. Əsla düşünməyin ki, Masallının insanları buna səbəb olacaq. Əksinə, Masallı əhalisini, xüsusiylə Miyanki-Kubin kəndinin sakinlərinin özləri belə hər gün əsərlərindən, zamanlarından, səbirlərindən rayonun rəhbərliyinə “sədəqə” verməklə həyatlarını sürdürməyə çalışırlar.
Oxucularımızın yadından çıxmayıbsa Prezidentin Sərəncamı ilə Masallı rayonunun bir neçə kəndinə yol çəkilişi zamanı səlahiyyət sahiblərinin saxta və yalan məlumatları əks olunan yazı dərc etmişdik. Yazı ilə bağlı ölkə Prezidentinə və aidiyyatı orqanlara ünvanladığımız məktub Masallı rayonunun İcra Hakimiyyətinə yönəldilmişdi. İcra Hakimiyyəti isə yenə də hər zamankı yalanları ilə rəsmi cavablarının kolleksiyasına yeni bir “eksponat” əlavə etdi.
Haqları kobud şəkildə tapdanan, yollarının çəkilişi üçün ayrılmış vəsaiti yeyərək üzərindən Masallı bulaqlarının sərin suyunu icən MRİB-nın Memarlıq və Tikinti şöbəsinin müdiri Abbas Mikayılov kimi məmurlar Miyanki-Kubin kəndinin sakinlərini təhqir edəcək şəkildə məktub göndərməklə insanların qürurlarını ayaq altına alırlar.
Sakinlər 2006-cı ildə öz vəsaitləri hesabına kəndin əsas yoluna çınqıl doşəmişlər. Onların köməyinə barmaq belə uzatmayan rayon rəhbərliyi bizim məktubumuzdan sonra heç bir həya-abır gözləmədən kənd əhalisinin onsuz da tarım olan əsəblərini daha da gərməkdən zövq alırlar. Yola döşənən çınqıl örtüyünü öz adına yazdıran rayonun İcra Başçı Şahin Məmmədov bununla da yetməyib, Prezidentin Kubin kəndinin sakinlərinə hədiyyə etdiyi 1,5 km yolun çəkilişini 2025-ci ildə həyata keçirəcəklərini bildirir. Halbu ki, Prezidentin 2018-ci 23 iyul Sərəncamında Miyanki-Kubin kəndlərinə yol çəkilişini açıq şəkildə qeyd etsə də hansı maraqlar xatirinə Azəravtoyol Dövlət Agentliyinin sədri Saleh Məmmədovla, Masallı rayon İcra Başçısı Şahin Məmmədov yolun tikintisinin tamamilə başa çatdırmağa lüzum ğörmədilər. Düşündülər ki, Kubin kəndinin əhalisi illərcə dozdukləri işgəncəyə bir qədər də dözə bilərlər. Lakin onların bitib-tükənməyən şıltaq ehtiyacları tükənmir ki, tükənmir. Elə bu səbəblədə “qaçanı qovub” deyib kənd camaatının yol ehtiyaclarını özlərinin dəb ehtiyaclarına qurban verdilər. Əlbəttə, bunu başa düşmək heç də çətin deyil. Beş ildən sonra çəkilmiş yolun bərpası adı altında dövlət büdcəsindən vəsait tələb edildikdə yarımçıq qoyduqları Miyanki-Kubin yolunun çəkilişini başa çatdıracağını xəyal etdilər və dözmələri üçün soyuq, quru yalan dolu məktublarda başlarından etdilər.
Bu minvalla da Kubin kəndinin sakinləri hələ də bir neçə il “qurban” verməklə həyatlarını davam etdirməlidirlər. Yollarda torpağın yeddi qatı dərinliyində yaranan çatlaqlara düşməmək üçün “ölüm-dirim” mübarizəsi verən çarəsiz Kubin əhalisi rayon rəhbərliyinin “hökm”ünə boyun əymək məhkumiyyətinə qatlanmalıdırlar. Bu minvalla Masallı rayon İcra Hakimiyyətinin etimadı Kubin əhalisinin gözündə Kubin yollarındakı çatlar kimi dibi görünməyən yarğanlar acacaq.
Tərifə Maqsudova