Uzaq səfərlər kapitanı: “Dörd okeanın dördündə də üzmüşəm”

Uzaq səfərlər kapitanı: “Dörd okeanın dördündə də üzmüşəm”

“Dənizçi Həyatı layihəsinin bu dəfəki qonağı Azərbaycan Dğvlər Dəniz və Liman agentliyinin liman nəzrəti kapitanı, uzaq səfərlər kapitanı Təvəkkül Bağırovdur.

-Təvəkkül müəllim, “Dənizçi həyatı” layihəsində sizinlə həmsöhbət oluram, oxuclarımızla sizin yaxından tanış edək.

– Mən Bağırov Təvəkkül Məcid oğlu 1965-ci ilin iyul ayının 26-da  Şabran (Dəvəçi) şəhərində anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra, 1982-1985-ci illərdə Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbinə daxil olmuşam. Təhsilimi başa vurduqdan sonra təyinatla XDND yə göndərilmişəm. 1986-cı ilin fevral ayının 4-də “Əli Əmirov” geoloji-kəşfiyyat gəmisində kapitanın 3-cü köməkçisi kimi əmək fəaliyyətinə başlamışam. İl yarımdan sonra, daha dəqiq desək, 1987-cı ilin noyabr ayının 8-də isə artıq bu gəmidə kapitanın böyük köməkçisi idim. 1989-cu ildə isə Admiral Uşakov adına Novorasiysk Ali Dənizçilik məktəbinə qəbul olundum. 1993-cü ildən “Om”, “Yarenqa” və sair gəmilərdə kapitan vəzifəsində çalışmışam.

– Təhsiliniz, təcrübəniz kifayət qədər zəngindir, görünür dənizçi olmaq təsadüf olmayıb, deyin, dənizə maraq nə vaxt yarandı sizdə?

-Erkən yşlarımdan bu sahəyə marağı olub. Bizləri dənizci ailəsi də adlandırmaq olar. Başda rəhmətlik əmim Bağırov Bağırın adını çəkə bilərəm. O, 25 yaşında artıq gəmi kapitanı, 30 yaşında isə “Mortransin” (cənub donanmasının )rəisi olub. Belə ki bu gün ümumilikdə 12 dənizçimiz var. Onlardan 5 nəfəri kapitan,  3 nəfəri mexanik,  və digər ixtisas sahibləridir.

-Demək, dənizçilik sizin üçün həm də ənənəvi bir sahədir. O zaman deyin, dəniz həyatı, dənizçi ömrü sizin üçün nə deməkdir?

– İnsan təbii ki, öz peşəsin sevməlidir. Dənizçi olmaq üçün isə 1-ci növbədə dənizi sevməlisən, fərq etməz matrossan, yoxsa kapitan. Bu sevgini ailəmdə oğlum Elmirə də otürə bilmişəm. Dənizçi həyatı hər hansı bir sıxıntı və neqativliyi ilə mənə sirayət etsəydi, bu sahəyə marağı oğluma ötürə bilməzdim. Bu baxımdan bütün çətinlikləri ilə dənizçi ömrü mənim alın yazımdır və mən bu həyatda özümü çox sərbəst və rahat hiss edirəm. Mən dənizçilik həyatımda  dörd okeanın dördündə də üzmüşəm, altı materikdən beşində də olmuşam.

-Təvəkkül kapitan, çox zəngin dənizçi təcrübəniz var, çoxlarının arzu etdiklərini gerçək olaraq yaşamısız. Bu qədər səfərlər, ocean və dənizlərdə üzmələr hansısa maraqlı hadisələrlə müşahidə olunub. Dənizçi həyatı həm də macəra dolu bir həyatdır.

– Siz sual verirsiz və mənim gözlərimin önünə artıq keçmişdə qalan maraqlı, macəra dolu və vəziyyətdən çıxmaq üçün peşəkarlıq tələb edən olaylar gəlir.

Yadımdan heç çıxmır, 1996-0cı ilin dekabr ayının 8-də  Türk bayrağı altında üzən  “Rəşit Atasoy” gəmisi ilə Venesuelanın Motanzas limanından cıxdıq, gedəcəyimiz məsafə Atlantik okeanına tökülən Oranika çayı ilə 20 saatlıq yoldur. Bələdçiləri götürüb çayda hərəkətə başladıq. Günün qaranlıq vaxtı o çayda hərəkət etmək qadağandır. Bu səbəbdən lövbərə durduq. Çayın hər iki sahili cəngəllik idi. Gəminin burun, arxa hissələrində və kapitan körpüsündə  gücləndirilmiş vaxt elan olundu. Birdən qəribə səslər, və çayda gəmiyə tərəf hərəkət edən qaraltılar göründü. Cəngəllikdə hansısa tayfakların qəbilə halında yaşadıqları haqda məlumatlı idik. Baxın, həmin qəbilələr qayıqlarda yaxinlaşdılar, sanki gəminin ətrafına əhatələdilər. Qadın, kişi hamı lüt, paltarsız idilər. Pul tanımırlar, sivilizasiyadan, müasir həyatdan uzaq insanlar idilər. Uşaqlardan kimsə onlara 1 dollarlıq atdı. Götürüb dişləri ilə cırdılar.  Gəlməkdə məqssıədləri çörək, sabun, müxtəlif konservalar və s. kimi şeylər idi,  meyvə tərəvəzlə  dəyişmək idi. Biz də onlarla bazarlıq etdik, meyvə ehtiyatımızı çoxalada bildik.

Bir dəfə də İspaniyanın Bilbao limanından çıxdıq. Səfərimiz Nyu-York şəhərinə yaxın Nyu-Haven adlı limana idi. Atlantik okeanına çıxdiq. 1 gün yol gedəndən sonra fırtına başladı. Fırtına düz 15 gün gəmi limana girənə qədər davam elədi. Elə olurdu ki, gəmini bir kursla idarə etmək olmurdu. Əlimizi hər şeydən üzmüşduk. Fırtınanın episentrinə düşən onlarla  gəmilər sınaraq batdılar. SOS həyacan siqnalı alırdıq. Atlantik okeanının ortası 10 000 m dərinlikdə dəniz heyvanlarına yem olacağımızı düşünürdüm. Heç kim qorxusunu biruzə vermirdi. Gəmidə panika yox idi. Allah qorudu bizi. 15 gün oturmaq belə olmurdu. Yeməkdən, yatmaqdan söhbət belə getməz. 10.06.1997-ci ildə axır ki, limana girdik

Hadisələr bitmir ki, bu da çox ağrılı bir hadisədir, demək, 1989-cu il 9 may ərəfəsi idi.  İtaliyanın Triest limanında idik.  Heyyətdə məndən savayı iki nəfər azərbaycanlı da vardı. Qərara gəldik ki, gedib   Mehdi Hüseynzadənin qəbrini ziyarət edəcəyik. O zaman SSRİ-nin orada bir səfiri vardı, Aqanyan familyalı erməni idi.  O,bizə viza vermədi ki gedib Mehti Hüseynzadənin qəbrini ziyarət edək..O vaxt qondarma Sumqayıt hadisələri baş vermişdi. Erməni imkan vermədi bizə ki qəhrəmanımızı ziyarət edək.

-Təvəkkül müəllim, yaddaşınız çox möhkəmdir. Hər bir hadisə detalları ilə yadınızda qalıb.

– Bilirsiniz,  mən o zaman gündəlik tutmuşdum, hər günümüzü qeyd edirdim.  Bir dəfə də Misirin Suyeş kanalından Hindistana səfərimiz oldu. Qanq çayının qolunda Alanq limanı var. Dünyanın ən böyük gəmi qəbirstanlığı da deyilir bura. Hər yerdən metallom gəmilər gətirilir bura.  XDND-nin “Yarenqa” Yedək Yük gəmisi ilə biz də 250 metr uzunluğunda, 3 nəfər heyyət üzvü ilə birlikdə  tankeri yedəyə görürdük. Gəminin kapitanı Rövşən Dəmirov, mən isə  kapitanın baş köməkçi idim. Hərəkət etdiyimiz Qanq çayı da Hind okeanına tökülür. Okeanın su səthinin qabarma və çəkilməsi sayəsində çay 12 saat içəri axır, 12 saat isə okeana tökülür. Özü də bu hallarda su axını  çox sürətli olur. Özünün hərəkəti olmayan 250 metrlik gəmini okeanın qabarması səbəbi ilə çayın axını dəyişməsi zamanı təhlükəli bir vəziyyət yarandı. Yedəkdə olan gəmi təhlükə altında idi. Yenə də Rövşən kapitanın peşakarlığı sayəsində təhlükə aradan qaldırildı və hərəkətsiz obyekti lövbərə qoymağa nail olduq.

Vallah yaddcaşımı vərəqlədikcə ötənlərdə baş verənləri yenidən yaşamalı oluram. Yadıma gəlir ki, 1997-ci ilin iyun ayının 7-də Panama kanalına girdik. Qəribədir, burada gəmi ilə 3 pilləli hovuzlarla yuxarı qalxıb, açıq gölə çıxdıq . İki saat 30 dəqiqədən sonra növbəti hovuzlarla aşağı endik və beləliklə Sakit okeana daxil olduq. Onu da deyim ki, Panama kanalın keçmək hər dənizçiyə qismət olmur.

– Sizinlə söhbət etdikcə sanki bir film izləməli oldum. Əlbəttə, dənizçi həyatının maraqlı anları çox olur və yeni nəsl nümayəndəliri də bundan bəhrələnə bilirlər. Bəs Sizin Gənc dənizçi nəslinə əlavə olaraq tövsiyyəniz nə olardı?

-Mən hələ XDND-də işləyəndə gəmiyə təcrübəçi kimi, yaxud şagird kimi gələn gənclərə, matroslara tövsiyyə edirdim ki, oxuyun, təhsil alın, biliyinizi təcrübənizi artırın. Əgər təhsilinizi artırmasanız,  oxumasanız uzaq başı bosman olacaqsınız. Mənim tövsiyyəmlə qiyabi olaraq oxuyanlar oldu. Onlardan bəziləri indi artıq kapitan vəzifəsində.

– Bu gün liman kapitanı olaraq fəaliyyət göstərirsiniz, işləriniz haqda bir neçə kəlmə bəhs edərdiniz.

– Hal hazırda Səngəçal limanında tankerlərlə işləyirəm. Kapitan köməkçiləri ilə tez-tez görüşürəm, ünsiyyətdə oluram. Sevindirici haldır ki, Azərbaycan Dövlət Dəniz Akademiyasının məzunları çox savadlıdır. Bu gün bu Ali Tədris ocağı savadlı və məsuliyyətli dənizçilər   yetişdirir. Buna ancaq sevinmək olar, Necə ki, mən sevinirəm. Həm də ki sir deyil, məsuliyyət+savad  bu yüksək iş əmsalıdır.

Söhbətləşdi: Faiq Balabəyli

 

 

 

Share: