31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Azərbaycanda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi ölkəmizlə bağlı gerçəklərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması işində əhəmiyyətli rol oynayır.
Bu gün müstəqil Azərbaycan bütün Dünya Azərbaycanlıları üçün əsl iftixar və qürur mənbəyinə çevrilmişdir. Heç kəsə sirr deyildir ki, suveren Azərbaycan dövlətinin nüfuzu qlobal dünya məkanında gündən- günə sürətlə artmaqdadır.
Hal-hazırda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü, təkcə Azərbaycanda deyil, dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur.
Azərbaycanlılar əsrlər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasının inkişafına böyük töhfələr vermiş, həmçinin dünya sivil mədəniyyətinin formalaşmasında xüsusi xidmətlər göstərmişlər.
Lakin bütün bunlara baxmayaraq, zaman – zaman Azərbaycan ərazilərində aparılan işğalçı və dağıdıcı müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, bir qism azərbaycanlılar öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir- birindən ayrı düşmüşdür.
Ona görə də, bu gün həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha da məqsədyönlü və mütəşəkkil formada bir- biri ilə həmrəy və həmfikir olmaları çox vacibdir.
Həmrəylik günü milli birlik, Azərbaycana sevgi , milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə əks etdirir, özündə cəmləşdirir.
Hazırda dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal mövqe nümayiş etdirir, dünyanın aparıcı dövlətlərinin respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə xüsusi səy göstərir, əsl həmrəylik nümunəsi göstərir, o cümlədən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha düzgün şəkildə çatdırılmasında, həmçinin müəyyən hallarda yarana biləcək münaqişə və təxribatlarının qarşısının alınmasında əzmkarlıq və qətiyyətlilik nümayiş etdirirlər.
Onlar Azərbaycan dövlətinin daxili və xarıci siyasətinə güvənərək, fəaliyyət göstərdikləri təşkilat və qurumlarla səmərəli əməkdaşlıq qurur, bu aspektə bağlı olan müəyyən tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixinin daha da zənginləşməsinə, möhhkəmlənməsinə və nəsildən-nəsilə ötürülməsinə xüsusi səy və maraq göstərirlər.
Təbii ki, bu uğurlu və vacib missiyanın həyata keçirilməsində ölkədən kənarda fəaliyyət göstərən Azərbaycanlı dənizçilərinin də payı vardır. Azəbyaycandan uzaqlardan çalışan, lakin bütün varlıqları ilə Azərbaycana bağlı olan, qəlbi Azərbaycan eşqi ilə döyünən Azərbaycanlı dənizçilər bu məsuliiyəti daim dərindən dərk etmiş, Dünya Azərbaycanlıların həmrəyliyini alqışlamışlar.
Odur ki, mən də fürsətdən istifadə edərək, ölkəmizdən kənarda fəaliyyət göstərən Azərbaycan dənizçiləri adından, soydaşlarımızı Dunya azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramları münasibəti ilə təbrik edirəm.
Dünya Azərbaycanlıları Həmrəyliyi Gününüz və Yeni İliniz mübarək!
Hörmətlə: uzaq səfərlər kapitanı Nazim Həbibov