Uzaq səfərlər kapitanı Mübariz Mədətovun anım günüdür

Uzaq səfərlər kapitanı Mübariz Mədətovun anım günüdür

Uzaq səfərlər kapitanı, görkəmli dənizçi Mübariz Mədətovun anım günüdür.

Mübariz Mədətovun dənizçilik sahəsinin inkişafında rolu və xidmətləri əvəzolunmazdır. O, Azərbaycanın zəngin dənizçilik ənənələrinin qorunub saxlanılmasında, ölkədə gənc nəslin dənizçi kimi formalaşmasında böyük əməyi olan şəxslərdəndir. Hər zaman ətrafdakılara xüsusi diqqət və qayğısı ilə seçilən görkəmli dənizçi yüksək insani keyfiyyətləri ilə hər kəsə nümunə olub. Həm peşəkar dənizçi, həm də səmimiyyəti ilə ətrafdakıların hörmətini qazanıb.

Mübariz Mədətovun xatirəsinə həsr olunmuş “Kapitan” adlı mahnı yazılıb. Sözləri və musiqisi Xanım İsmayılqızına aid olan mahnını Ramal İsrafilov ifa edib.

Mübariz Mədətov 1952-ci il noyabrın 8-də Bakı şəhərində doğulub. 25 mömrəli məktəbin səkkizinci sinfini bitirdikdən sonra o, 1968-ci ildə Bakı Dəniz yolları Məktəbinə daxil olub. 1972-ci ildə həmin məktəbdə texnik gəmi sürücüsü, 1973-1989-cu illərdə Odessa Ali Dəniz Mühəndisləri Məktəbində mühəndis gəmi sürücüsü ixtisaslarına yiyələnib.

Əmək fəaliyyətinə 1972-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasının gəmilərində matros kimi başlayıb, sonralar 1973-1986-cı illərdə müxtəlif gəmilərdə kapitanın üçüncü, ikinci, böyük köməkçisi və kapitan işləyib. Mahir gəmi sürücüsü olan Mübariz Mədətov uzaq səfərlər kapitanı kimi dünyanın onlarla ölkəsinin limanlarına səfərlər edib.

1995-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin Kadrlar xidmətinin rəisi vəzifəsinə irəli çəkilib. İki il bu vəzifədə çalışıb, 1997-ci ildə Gəmiçiliyin Sosial məsələlər və təsərrrüfat xidmətinin rəisi təyin edilib. 2000-ci ilin avqustunda Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifəsinə irəli çəkilən Mübariz Mədətov “AXDG” QSC yaranana kimi bu donanmaya rəhbərlik edib. Mübariz Mədətov 2014-cü ilin martından bir müddət QSC sədrinin müavini işləyib.

Mübariz Mədətovun gəmiçiliyin inkişafında səmərəli xidmətləri yüksək qiymətləndirilib. 2006-cı ildə “Tərəqqi” medalı ilə təltif olunub. 2012-ci ildə isə “Azərbaycanın əməkdar mühəndisi” fəxri adına layiq görülüb.

Allah rəhmət etsin!

 

 

Share: