“Uzaqdan bir şeir” layihəsində AĞACƏFƏR HƏSƏNLİ

TÖVBƏ GÜNÜ


İnanıram ki, hər kəsin

Bir tövbə günü var.

Qarşıda boran, qar,
qübar, intizar.

Qiyamət olar.
Qiyamət günü yalan olar,
həmin günün yanında.
Növbə ilə tövbəyə başlar,
kimin etirafı varsa, canında.

İlk xəyanətin kökü
qidasını hardan tapır? –
Hər kəsin tövbə günündə
günah düyünü açılar.
Heyrətdən adamın
ağzı açıla qalar.
Hər kəs tövbə gününün
muştuluğunu gözləyər.
Etirafının üzərində
üzərrik yandırsan da, göz dəyər.

Hər kəsin tövbə günü var:
yaşın başlanğıcında, ortasında…
Və ya lap axırında –
günün günortasında.


Layihənin Kamalə ABİYEVA təqdim edir

 

Share: