“Uzaqdan bir şeir” layihəsində Akif SƏMƏD

Sizi məndə öldürdülər

Daş ağlatdı “Yurd yeri”ndə,
sazı məndə öldürdülər.
Ürəyimdə dəfn elədim,
sözü məndə öldürdülər.

Telinə gül bağlamadım,
Sevgiyə yas saxlamadım,
Öldü getdi, ağlamadım,
Gözü məndə öldürdülər.

Dağlarım dumana qaldı,
Yaxşılar yamana qaldı,
Alışmaq gümana qaldı,
Közü məndə öldürdülər.

Daşa dönən daşı danlar,
“Daş olanı” naşı danlar.
Qaranquşa daş atanlar
Yazı məndə öldürdülər.

Çevirmədim üz günəşə,
bələnmədim yaz günəşə.
Ay xatirəm, ay bənövşəm,
Sizi məndə öldürdülər.

Layihəni Kamalə ABİYEVA təqdim edir

Share: