“Uzaqdan bir şeir” layihəsində   ELDAR BAXIŞ

SAĞ ƏLİM     

Dünya mənim sağ əlimdi
hara getsəm yanımdadı,
yanımdadı, böyrümdədi,
böyrümdədi, xeyrim nədi?
Dünya mənim sağ əlimdi.

Burdan yazdı, ordan pozdu,
ömrün dərdi – səri artdı.
Sığallaya – sığallaya
qara saçımı ağartdı.
Dünya mənim sağ əlimdi.

Barmaqdan özgə nəyi var?
O da su deyil, yer deyil.
Olanı beş barmağıdı,
onun da beşi bir deyil.
Dünya mənim sağ əlimdi.

Belə getsə havalanıb
mən sel kimi qalxacağam,
Mən yel kimi əsəcəyəm.
Dünya mənim sağ əlimdi:
Sağ əlimlə yamanlığın
damarını kəsəcəyəm!

Layihəni Kamalə ABİYEVA təqdim edir

 

 

Share: