SƏNİ ÖYRƏNİRƏM
Səni öyrənirəm təzə dil kimi –
əlifba kimi – öyrənəm gərək.
Səni qarış –qarış dolaşmalıyam
mənə əziz olan bir oba kimi.
Gözümdə həsrətim, bir də ki, dünyam,
Səni öyrənirəm – öyrənəm gərək.
Mən səni sevdiyim bir şeir kimi
əzbər bilməliyəm.
Həvəsim olanda, lazım olanda
Özünü özünə söyləyəm gərək.
Zarafatyana
Özünü özünə tanıdım gərək.
Sənə danışmağa sözüm olanda
Hər şeyi, hər şeyi unudam gərək.
Mənim uranımsan,
Səni kəşf edirəm, öyrənirəm mən
geoloq kimi.
Mənim həm dağımsan, həm aranımsan –
Səni öyrənirəm geoloq kimi.
Yerin altında yox, göyün altında,
Günəşin altında, Ayın altında.
Səni öyrənirəm…İncimə, gülüm,
öyrənəm gərək,kəşf edəm gərək-
bir zaman özümü kəşf etdiyim tək…
Layihənin Kamalə ABİYEVA təqdim edir