“Uzaqdan bir şeir” layihəsində Mikayıl MÜŞFİQ

SƏNİN GÖZLƏRİN

Nə gözəl süzülür qara gözlərin,
əcaba, onları süzmək vaxtımı?
Duruşun mənalı, baxışın dərin,
Mən bu dərinlikdə buldum baxtımı.

Sənin gözlərinmi gənclik bağında,
yoxsa nərgizlərin sayrışıb oynar?
Yoxsa çıxılmayan eşqin dağında
ömrümün dirilik çeşməsi qaynar?

O qara gözlərin deyil parlayan,
ulduzlar içində gecələrimdi.
Bəlkə də ruhuma aydınlıq yayan
bir sərin, ziyalı, yaz səhərimdi…

Qoy desin dünyanın el aşıqları
bu şövqü kim mənim ruhuma yaydı.
Donardım gözünün şən işıqları
qəlbimin camında qırılmasaydı.

Qara qış üstümə tökər qarını,
nərgiz gözlərindən məni ayırsan.
Mənim ümidimin qapılarını
neçin gah açırsan, gah qapayırsan?

Sənin gözlərinmi gənclik bağında,
yoxsa nərgizlərin sayrışıb oynar?
Yoxsa çıxılmayan eşqin dağında
ömrümün dirilik çeşməsi qaynar?

Share: