“Uzaqdan bir şeir” layihəsində Şahmar ƏKBƏRZADƏ

Müstəqil.Az saytında “Uzaqdan bir şeir” layihəsinə başlayırıq. Hərdən gəncliyimdə yazdığım şeirləri paylaşıram. İlləi dəqiq xatırlamadığımdan “uzaqdan bir şeir”yazırdım sadəcə. Sayt bu şeirləri elə bu başlıqla yayımlayırdı. “Uzaqdan bir şeir “saytın rəhbərinin xoşuna gəldi və bunu layihə kimi təqdim etməyə qərar verdi. Siz də “Uzaqdan bir şeir”inizi və ya sevdiyiniz bir şeiri müəllifi göstərməklə bizə göndərə bilərsiz.

Layihənin rəhbəri: Kəmalə Abiyeva

 

Şahmar ƏKBƏRZADƏ

NECƏSİZ

Məğrur duran o dağlardan nə xəbər?
O vaxtlardan, o çağlardan nə xəbər?
Yaxınlardan, uzaqlardan nə xəbər?
Ay səfalı  yaylaqlarım, necəsiz?
Ovsuz qalan ovlaqlarım, necəsiz?

Üzdən ötüb baş vurmuruq dərinə,
Bilirikmi, Qaragölün dərdi nə?
Dəm tuturuq yaxınların dərdinə,
Ay göllərim, irmaqlarım, necəsiz?
“Dara düşmüş”torpaqlarım,necəsiz?

Azğınlar var, aza- aza yolları,
Aşındırır yamacları, yolları,
Niyə düşmür yanlarına qolları?
Dağ – dağ olan a dağlarım, necəsiz?
Yazıq olan yazıqlarım, necəsiz?

Gözlülər var, Zəngilanı görməyib,
Kəlbəcəri, Mincivanı görməyib.
Yardımlıya, Laçına hay verməyib.
Ay gözlərdən uzaqlarım necəsiz?
Könüllərdən iraqlarım, necəsiz?

Yapışmışıq elə “ucqar” sözündən,
Batırmışıq çeşmələri gözündən.
Havaxtacan qansızlığa dözüm mən?
Ay şəfalı qaynaqlarım, necəsiz?
Loğmannəfəs bulaqlarım, necəsiz?

Odlar yurdu, adın kimi ad varmı?
Sənin kimi ocaq varmı, od varmı?
Heç Vətənin ucqarı da olarmı?
Uzaq  – uzaq oylaqlarım, necəsiz?
Odsuz qalan ocaqlarım, necəsiz?

Ey Vətəni ana Vətən sananlar,
Yerə, yurda sözdə, dildə yananlar.
Yaylaqları yaydan yaya ananlar,
Ay Vətəndə qonaqlarım, necəsiz?
Dildənpərgar qanıqlarım, necəsiz?

Biz damarıq,VƏTƏN çarpan ürəkdir,
Ona yanan mərd oğullar gərəkdir.
Boş – boş “Vətən”, “Vətən” demək hənəgdir.
Vətənpərvər dodaqlarım necəsiz?
Qızarmayan yanaqlarım, necəsiz?

1987.

Share: