“Uzaqdan bir Şeir” layihəsində ZÜLFİQAR ŞAHSEVƏNLİ

PAYIZ ÇİÇƏYİM

Fikrimdə ilahi pıçıltıların,
istəyim düyündü, aça bilmirəm.
Ruhum, sevdiciyim, ömrüm, çiçəyim,
Əllərim bağlıdı uça bilmirəm.

Nə ümid gərəkdi, nə gülüş mənə,
Gülüm, günlər uçur, ömür yarıdı.
İllər, məhəbbətlər, eh…nələr, nələr
Zülfi qar olanın bunlar varıdır.

Ömrüm ulduz- ulduz ərisin, nə qəm,
Saçını, saçını dağıt sinəmə.
Ürəyim daş deyil, daş deyil, vallah
Ruhunu, qəlbini axıt sinəmə.

Əlin ovcumdasa alışar bir gün,
Mənim dəli könlüm oddu, ocaqdı.
Sənin düymələrin Əsli düyməsi,
Əlimlə toxunsam yandıracaqdır…

Niyə tale görən qarğayıb bizi?
İstək var dil ilə bölə bilmirəm.
Nə ürək partlayır bir mərmi kimi,
ölmək istəyirəm, ölə bilmirəm.

Susub dayanmışıq  səssiz- səmirsiz,
hardasa, hardasa, a yaz çiçəyim.
Nə bildin hər şeydə qismətim payız,
Gəl, öpüm gözündən payız çiçəyim…


Layihənin Kamalə ABİYEVA təqdim edir

Share: