OKSFORD UNİVERSİTETİNİN PROFESSORU CƏNAB EDMUND HERZİQƏ CAVAB
Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin professoru cənab Edmund Herziq 2017-ci il aprel ayının 15-də Kaliforniya Universitetində “Nizami Gəncəvi Azərbaycan milli şairinə necə çevrildi?” mövzusunda üzdəniraq bir məruzə ilə çıxış etmişdir. Alim başdan-başa yalan, böhtan üzərində qurulmuş, həqiqətdən uzaq olan məruzəsində nəyin bahasına olursa olsun, Azərbaycan xalqının dahi şairi və mütəfəkkiri Nizami Gəncəvini mənsub olduğu milli zəmindən ayırmağı, onu yetirən ədəbi-mədəni mühiti, yaradıcılığında aydın əksini tapan milli-mənəvi dəyərləri inkar etməyi qarşısına məqsəd qoymuşdur. Bu istəyinə çatmaq üçün elmi-tarixi faktlara söykənməyən məruzəçi qondarma mülahizələr irəli sürmüş, sosial-siyasi və mədəni hadisələri təhrif etməkdən çəkinməmiş, dünya miqyasında tanınan nüfuzlu alimlər, görkəmli şəxsiyyətlər, dövlət xadimləri və eləcə də Azərbaycan xalqının ünvanına təhqiramiz fikirlər söyləmişdir.
Edmund Herziqin məruzəsində qədim köklü ənənələrə malik olan və dünya mədəniyyətinə ölməz dühalar bəxş edən Azərbaycan xalqı barədə söylədiyi “erməni, gürcü xalqları ilə müqayisədə çox da qədim olmayan”, “uydurma tarix və mədəni irs düzəltmək” kimi həqiqətdən uzaq olan mülahizələr və Azərbaycanı “keçmiş Sovet məkanında milli şairi olmayan yeganə respublika” kimi qələmə vermək cəhdləri onun təkcə məsuliyyətsizliyini deyil, həm də elmə və alimə yaraşmayan qərəzli münasibətini göstərir. Onun Nizami yaradıcılığından və şairi yetirən ədəbi-mədəni zəmindən xəbərsizliyini, dahi sənətkarın Qətran Təbrizi, Məhsəti Gəncəvi, Əbül-üla Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani, İzzəddin Şirvani, Mücirəddin Beyləqani, Qivami Mütərrizi və başqa azərbaycanlı sələf və müasirlərinin adlarını belə eşitmədiyini nümayiş etdirir. Bütün bunlar bizə cənab Edmundun belə yüksək tribunadan nəinki yaxşı bilmədiyi, hətta təsəvvürü olmadığı bir məsələ haqqında mühakimə yürütmək iddiasına düşdüyünü söyləməyə əsas verir.
Buna görə də ilk növbədə məruzəçinin nəzərinə çatdırmaq istəyirik ki, çoxəsrlik qədim tarixi olan Azərbaycan xalqının bədii irsi siyasi və ictimai-ədəbi zərurət üzündən ana dilindən başqa, ərəb və fars dillərində də yazılıb inkişaf etmişdir. Azərbaycanın alim və şairləri Şərq ədəbi ənənələrinə uyğun olaraq uzun müddət elmi və bədii əsərlərini ərəb dilində yazmış, ümumislam mədəniyyətinin yaranma və inkişafında fəal iştirak etmişlər.
XI əsrdən başlayaraq yalnız Azərbaycan deyil, hind, əfqan, özbək və türk şairləri də əsərlərini yeni fars-dəri dilində yazmışlar. Qədim və Orta fars dillərindən fərqlənən bu dil Yaxın Şərqdə uzun müddət şeir dili olmuşdur. Azərbaycan xalqının dahi şair və mütəfəkkiri Nizami Gəncəvi və bir çox qüdrətli sənətkarları öz əsərlərini fars-dəri dilində yaratmışlar. Ancaq bu, dahi Nizaminin, eləcə də fars dilində yazan başqa şairlərin soy-kökünün azərbaycanlı olmasını inkar etmək üçün əsas ola bilməz. Qədim Türk mədəniyyəti və Türk psixologiyası ilə bağlı olan sənətkar tez-tez türk mənşəli sözlər, danışıq ifadələri və atalar sözləri işlətmişdir. Şairin əsərlərinin bədii dilindən bəhs edən tədqiqatlarda Nizaminin şeir dilinin fars şairlərinin bədii dilindən əsaslı şəkildə fərqləndiyi aydın göstərilir. Bunu İran alimləri də inkar etmirlər. Nizaminin əsərlərində sırf Azərbaycan dilində olan, yalnız türkün başa düşə biləcəyi söz və idiomatik ifadələrlə tez-tez qarşılaşırıq.
Azərbaycan nizamişünaslarının əsərlərində təkzibedilməz dəlillərlə sübut edilmişdir ki, Nizami “Xəmsə”sində hadisələrin harada baş verməsindən asılı olmayaraq əhvalatların çoxunu Azərbaycanla bağlamışdır. Şair Azərbaycan ərazisində olan İnhiraq adlı dağın adını çəkərək (tədqiqat bu dağın Kəpəz olduğunu müəyyənləşdirmişdir), onun keçmiş əzəməti ilə bərabər, zəlzələdən sonrakı acınacaqlı vəziyyətindən də söz açmış, Dezaqna adlı bir qala haqqında məlumat vermişdir.
وز آن کوهی که خوانند انحراقشسری بینی فتاده زیر ساقش
(O İnhiraq adlanan dağdan sən qolunun altına düşmüş bir baş görərsən).
Öz əsərlərində Gəncədən böyük məhəbbətlə söz açan Nizami “Sirlər xəzinəsi”ndə gəncəli olmasını qürurla bildirmiş, Gəncənin o zamankı vəziyyətindən bəhs etmişdir. “Xosrov və Şirin” poemasında Şapurun dili ilə Bərdə hökmdarı Əfrasiyab soylu Məhin Banudan, onun ədalətindən, qardaşı qızı Şirinin gözəlliyindən, əhatəsində olan at minən, ox atan türk qızlarının qoçaqlığından və ovçuluq məharətlərindən heyranlıqla danışmışdır. Nizami bu poemasında hadisələrin mühüm bir hissəsinin həm də Azərbaycan torpağında getdiyini göstərmişdir.
Şair “Leyli və Məcnun” poemasında “Şəki alması”nı bənzətmə kimi işlətmişdir. “İskəndərnamə”də qəhrəmanı İskəndəri Azərbaycana gətirmiş, Bərdənin keçmişindən, hətta quş südü də tapılan bərəkətli torpağından, onun bol nemətlərindən, yaz-qış ölkəni bəzəyən çiçəklərindən, Nüşabə adlı, aslan təbiətli, ağıllı hökmdarından bəhs etmişdir. Şair onu İskəndər şahla qarşılaşdırmış, ölkələr fəth edən əzəmətli hökmdarın zəka və hünər sahibi olan Nüşabə qarşısında baş əydiyini göstərmişdir. Nizami bu əsərində Azərbaycandakı atəşkədələr haqqında da məlumat vermiş, xalqın maddi və mənəvi sərvətlərinin qorunduğu bu atəşkədələrin İskəndər tərəfindən dağıdılmasının Azərbaycan mədəniyyətinə vurulan ağır zərbə olduğunu təəssüflə bildirmişdir.
Onu da qeyd edək ki, İran alimi Bərat Zəncani “İskəndərnamə” əsərindəki Bərdənin tərifini Firdovsinin “Şahnamə” poemasındakı Mazandaranın tərifindən təsirlənərək qələmə almasını, Mazandaranı vəsf edən sələfi kimi doğma Bərdəni məhəbbətlə təriflədiyini bildirir.
Həqiqətdə isə məzmunla bağlı və tarixə müraciətlə yazılmış “Bərdənin tərifi” şairin öz təbiətinin məhsulu olub, bəlkə də, Firdovsiyə cavab, şairin öz sələfi ilə sənət yarışıdır. Hər iki şairi yüksək vətənpərvətlik ruhu və təsvir obyektinə məhəbbət birləşdirir.
Bununla belə, nizamişünas alimin bu qeydi Nizaminin Azərbaycanla bağlılığının təsdiqi kimi diqqəti çəkir. Yəni Mazandaran Firdovsi üçün nə olmuşdursa, Bərdə də Nizami üçün eyni dəyər kəsb etmişdir. Tasadüfi deyil ki, Nizami “İskəndərnamə”sində Bərdənin zəmanəsindəki acınacaqlı vəziyyətini ürəkağrısı ilə təsvir edir. Doğma xalqının vətənə olan sevgisini yaxşı bilən, onun qurub-yaratmaq istedadına inanan şair Bərdənin tezliklə əvvəlki əzəmətini qaytara biləcəyini də inamla söyləyir:
در آن بوم آباد و جای مهان
زمانه بسی گنج دارد نهان
بدین خرمی گلستانی کجاست
بدین فرخی گنجدانی کجاست
(Bu abad diyarda, böyüklər yurdunda zəmanə çox xəzinələr gizlətmiş. Bu şənlikdə gülüstan harda var, belə səadətli xəzinə harda var).
Nizami “İskəndərnamə”ni yazmazdan əvvəl də “Xosrov və Şirin” əsərində Bərdədən, dastanın oradakı əlyazma nüsxəsindən bəhs etmiş, Bərdənin yaşlı adamlarından bu barədə məlumat topladığını və əsəri də onların təşviqi ilə qələmə aldığını bildirmişdir.
Vətənpərvər sənətkar əsrarəngiz təbiət təsvirlərində Azərbaycanın təbii və mənəvi zənginliklərini, Bərdənin yaşıl çəmənliklərini, Kəpəz dağının əzəmətini ilhamla tərənnüm etmişdir. Nizami doğma vətəni Gəncədə baş vermiş zəlzələdən də ətraflı bəhs etmiş, onun xalqa gətirdiyi ağır fəlakətləri dərin kədərlə xatırlamışdır:
Qopdu bir zəlzələ yeri oynatdı,
Şəhərlər dağılıb yerlərə batdı.
Dağ-daş sarsılaraq qopub uçanda,
Fələk toz altında qalır bir anda.
Fələk zəncirinin həlqələritək,
Yerin bəndləri də ayrıldı tək-tək.
Nizami Gəncənin zəlzələdən sonrakı vəziyyətindən, viran qalmış binaların bərpasından, şəhərdə aparılmış abadlıq işlərindən də söz açmışdır.
Azərbaycan nizamişünaslığında Nizaminin şifahi xalq ədəbiyyatı, folklor yaradıcılığı ilə bağlılığına xüsusi diqqət yetirilmiş, “Kitabi-Dədə Qorqud” eposunun Nizami sənətinə təsiri konkret faktlar və müqayisələr əsasında üzə çıxarılmış, şairin doğma xalqın tarixi taleyi və mədəniyyəti ilə bağlı sözlər, idiomlar, atalar sözləri və məsəllər işlətməklə fars sənətkarlarından fərqləndiyi də sübuta yetirilmişdir. Şairin əsərləri ilə qədim Azərbaycan nağılları və dastanları arasındakı oxşarlıqlar da müfəssəl araşdırılaraq oxuculara çatdırılmışdır.
Nizaminin əsərlərində “Dədə Qorqud” dastanları üçün xarakterik olan “xatun”, “çalış”, “sancaq”, “külüng”, “qəlavuz”, “yaylaq”, “yağı”, “tutuq”, “tutmac”, “alacuq”, “yataq”, “yedək”, “yaraq” və başqa Azərbaycan sözlərini olduğu kimi [5], “xanlar-xanı”, “Ağ tozlu yay”, “dəmir don”, “at oynatmaq”, “gözə gəlmək”, “göz dəymək”və başqa ifadələri fars dilinə tərcümə edərək işlətmişdir.
Şairin “Yeddi gözəl” əsərində rastlaşdığımız:
دختری داشت دلربای شگرف
چهره چون خون زاغ برسر برف
(Ürək ovlayan, gözəl qızı vardı. Sifəti qar üzərindəki qarğa qanına bənzəyirdi).
– beyti bizə “Kitabi-Dədə Qorqud”da qarşılaşdığımız “Qar üzərinə qan dammış kimi qızıl yanaqlım” təsvirini xatırladır.
Dediyimiz kimi, bu haqda nizamişünaslıq və qorqudşünaslıqda xeyli araşdırmalar aparılmış və maraqlı fikirlər söylənmişdir. Məlumat üçün məruzəçiyə Azərbaycan qorqudşünasları və nizamişünaslarının əsərləri ilə tanışlıq kifayət edərdi.
Nizaminin qəzəllərinin birində belə bir beytlə qarşılaşırıq:
داغ کن داغم که صید لاغرم
آن نمی ارزد که قربانم کنی
(Mən arıq ovam, dağımın üstündən dağ vur, məni qurbanlıq etməyə dəyməz).
Bu beytdə şairin “seydi-lağər” (arıq ov) bənzətməsi “Kitabi-Dədə Qorqud”da xatırlanan bir adəti yada salır. Ovçuluq qanunlarına görə təcrübəli ovçu arıq ovu öldürməməli, ona öz damğasını vurub buraxmalıdır. Nizami “Yeddi gözəl” əsərində Bəhramın cavan gurun qanını haram saydığını, buna görə də onları öldürməyib damğasını vuraraq azad etdiyini yazır. Bu motiv “Kitabi-Dədə Qorqud” abidəsindəki “Bəkil oğlu Əmranın boyu”nu xatırladır.
Həmin boyda dastanın qəhrəmanlarından olan Bəkil haqqında deyilir: “Üç yüz altmış atlı alp ata minsə, qınalı keyik üzərinə yürüş olsa, Bəkil nə yay qurardı, nə ox atardı. Haman yayı yeləyindən çıxarardı, buğanın, sığının boynuna atardı, çəkib durğurardı. Arıq olsa, qulağını dələrdi, av da bəlli olsun deyü, amma simiz olsa, boğazlardı”. Nizami də qəzəlində “seydi-lağər” – arıq ov bənzətməsi ilə ovçuluqla bağlı olan bu qaydanı nəzərdə tutur.
“Leyli və Məcnun” əsərində oğlunu acınacaqlı vəziyyətdə görən ata öz müsibətini papağını çıxarıb yerə vurmaqla nümayiş etdirir.
چون دید پدر بحال فرزند
آهی بزد و عمامه بفکند
(Oğlunun halını görəndə, ata ah çəkib əmmaməsini yerə atdı).
“Kitabi-Dədə Qorqud”da Beyrəyin ölümünü Qazan xana çatdıran igidlər də onun qarşısında sarıqlarını yerə atırlar “Sarıqlarını yerə urdular: – Beyrək – deyü çox ağladılar”…
Nizaminin əsərlərindəki “Təngiye-posteye-şəkər sekənəş” (Şəkər tökən ağzının püstə kimi darlığı), “rox ço sibi ke delpəsənd bovəd” (alma kimi ürək bəyənən yanaq), “rəsəni-zolf ta bedamən biş” (zülfü ətəyindən uzun) və başqa bu kimi ifadələr “Kitabi-Dədə Qorqud” dastanlarını yada salır: “Qoşa badam sığmayan dar ağızlım”, “Güz almasına bənzər al yanaqlım”, “Topuğunda sarmaşanda qara saçlım”.
Nizami əsərlərində yer alan yuxu görmək, atın tərifi, ürəyin döyünməsi, gözün səyriməsinin baş verəcək uğursuzluqlardan xəbər verməsi və başqa inam və sınamaları “Kitabi-Dədə Qorqud” dastanlarında da görmək mümkündür. “Xosrov və Şirin”də Şirin Xosrovun gizlicə saraya gəlmək təklifini ona çatdıran Şapura deyir:
دلم می جست و دانستم کز ایام
زیانی دید خواهم کام و ناکام
بلی هست آزموده در نشانها
که هر کش دل جهد بیند زیانها
کنونم می جهد چشم گهر بار
چه خواهم دید بسم الله دگر بار
(Ürəyim döyündü bildim ki, zəmanədən, istər-istəməz ziyan görəcəyəm. Bəli, bu sınanmışdır ki, kimin ürəyi döyünsə, ziyan görər. İndi gövhər yağdıran (ağlayan) gözüm səyriyir, bismillah, daha nələr görəcəyəm).
“Kitabi-Dədə Qorqud”da ovdan qayıdanlar içərisində oğlunu görməyən Dirsə xanın qadını da: “Çıxsın mənim gözlərim, Dirsə xan, yaman səyrir” – deyir.
Hər iki nümunədə gözün səyriməsi uğursuzluqdan xəbər verən əlamət kimi mənalandırılır.
Nizaminin doğma xalqına məhəbbətindən bəhs edərkən şairin əsərində rəğbətlə təsvir etdiyi türk mənşəli qadınlardan da danışmaq lazım gəlir. Nizami Xosrov şahın mənəvi boşluqdan xilas olub elmlə, həyat və kainatın sirlərilə maraqlanan ədalətli şaha çevrilməsində Əfrasiyab soylu Şirinin rolunu xüsusi rəğbət hissi ilə oxucuya çatdırmışdır. Bəhram şahı öz ağıl, tədbir və iradəsi ilə məğlub edən Fitnə, döyüş meydanlarında adlı-sanlı qəhrəmanlara üstün gələn Nistəndərcahan surətlərində də “Kitabi-Dədə Qorqud” dastanlarının təsiri aydın duyulur.
Nizami ümumtürk mədəniyyətinə yaxından bələd olmuş, Azərbaycan ədəbiyyatının ən qədim nümunəsi olan “Kitabi-Dədə Qorqud”la yanaşı, Yusif Xas Hacibin “Qutadqu bilik”, Mahmud Qaşqarinin “Divanü-luğatit-türk” əsərlərini dərindən öyrənmişdi. Şair “Qutadqu bilik”də müəllifin xalq səadəti, firavan həyat, hökmdar və xalq münasibətləri, ölkənin ədalətlə idarəsi, yüksək əxlaq, mənəvi təmizlik, qüsursuz cəmiyyət haqqındakı düşüncələri ilə səsləşən mülahizələr söyləmişdir.
Nizami əsərlərini Mahmud Qaşqarinin “Divanü-luğatit-türk”ünə yaxınlaşdıran məqamlar da çoxdur. Mahmud Qaşqarinin lüğətində yer alan “amac”, “sav”, “yedək”, “ikdiş”, “busərək”, “tutmac”, “çalış”, “yaylaq” və başqa türk sözlərinin Nizami poemalarında da işləndiyini görürük.
Hər iki müəllifi türk xalqlarına olan xüsusi rəğbət, türk xalqlarının mədəni-mənəvi irsilə yaxından tanışlıq və məhəbbət ruhu birləşdirir. Mahmud Qaşqari “Divan”ında türklərdə gözəllik, ədəb, böyüyə hörmət, igidlik, mərdlik, bilicilik kimi yüksək sifətlər olduğunu xüsusilə nəzərə çatdırmışdır. Bu da Nizami sənətinin ümumi ruhu ilə yaxından səsləşir. Nizami əsərlərində də “türk” sözü öz həqiqi etnik mənası ilə yanaşı, həm də “gözəl”, “ülviyyət”, “müdriklik”, “igid”, “başçı” anlamlarında işlənir.
Belə səsləşmələr Nizami ilə türk xalq yaradıcılığı, türk müəllifləri arasında olan ideoloji-mənəvi yaxınlığı göstərir. Nizami doğma abidələrin bədii özünəməxsusluqlarından da öz fərdi bədii düşüncəsinə uyar poetik orijinallıqla bəhrələnmişdir. Dediklərimizə dair çoxlu nümunələr gətirmək olar. Ümumiyyətlə, Nizami sənətinin qədim türk abidələri ilə fikri-poetik bağlılıqları monoqrafik tədqiqat mövzusudur.
Ümumən, türkologiya elminə dair heç bir məlumatı olmayan məruzəçi cənab E.Herziq yəqin ki, fars ziyalılarının Əfzələddin Xaqani və Nizami Gəncəvinin əsərləri haqqında “Buye tork miyayəd” (“Türk qoxusu gəlir”) deməsindən də xəbərsizdir. Nizaminin qədim türk mədəniyyətinə bağlı olduğunu, əsərlərindəki türk əhvali-ruhiyyəsini, türklük və türk məişətindən qaynaqlandığını bütün bunlardan xəbərsiz olan məruzəçinin diqqətinə çatdırmaq istərdik. Fikrimizcə, VIII-XI əslərdə bütün Yaxın Şərq alimlərinin birgə səyi ilə yaradılmış ümumislam mədəniyyətində Azərbaycanın alim və şairlərinin mühüm rolu olduğunu E.Herziqin yadına salmaq da yersiz olmaz.
Nizami Gəncəvi Yaxın Şərqdə elm və mədəniyyətin inkişafında böyük rolu olan Səlcuqları ədalətli dövlət adamları kimi qiymətləndirmiş, “Xəmsə”nin ilk əsəri olan “Sirlər xəzinəsi”nin “Sultan Səncər və qarı” hekayəsində qoca qarının dili ilə:
دولت ترکان که بلندی گرفت
مملکت از داد پسندی گرفت
چون که تو بیدادگری پروری
ترک نه ای هندوی غارتگری
(Türklərin dövləti ucaldığı zaman, ölkə ədalətlə bəzənmişdi, sən ədalətsizlik (zülm) bəslədiyin üçün türk deyilsən, qarətgər hindlisən) – demişdir.
Nizami sələfi Xaqanini izləyərək İranın əzəmətli şahları ilə yanaşı, qədim türk hökmdarları, sərkərdələri Əfrasiyab, Qaraxan, Qədirxan, Toğrul, Məlikşah adlarını da əzəmət və qüdrət rəmzi kimi anmışdır. “Xosrov və Şirin” poemasında Azərbaycan hökmdarı Məhin Banu qardaşı qızı Şirini Xosrov qarşısında alçalmaqdan çəkindirmək məqsədilə etdiyi nəsihətində Şirinə ilk növbədə onun soy-kökünü xatırladır:
گر او ماه است ما نیز آفتابیم
وگر کیخسرو است افراسیابیم
(Əgər o,/yəni Xosrov/ aydırsa, biz də günəşik. Əgər o, Keyxosrovdursa, biz də Əfrasiyabıq) – deyir.
Nizaminin fars araşdırıcılarının doğru-düzgün izah edə bilmədiyi türk xalq rəvayətləri və əfsanələrinə, görkəmli türkoloqlardan V.Radlof, Bariber de Meynard, V.A.Qordlevski, A.Zaynçokovski, Ö.Aksoy tərəfindən türk mənşəli olduğu təsdiq edilən deyim və xalq məsəllərinə müraciəti, “Əyri oturub, düz danışmaq”, “Günəşi palçıqla suvamaq”, “Görünən kəndi xəbər almaq” və onlarla belə deyimlərdən faydalanması onun doğma ana dilinin incəliklərinə dərindən bələd olduğunu aydın göstərir. Bunu XVI əsr türk ədəbi-bədii fikrinin görkəmli nümayəndəsi Qüvahinin “Pəndnamə”sində toplanmış türk atalar sözlərinin Nizami əsərlərindəki eynilə tərcüməsi də təsdiq edir.
Güvahinin 1526-cı ildə yazdığı və Anadoluda xalq içərisində işlənən türk atalar sözləri, deyim, xalq məsəlləri, hekayə və lətifələrin məcmusu olan bu əsərində əksini tapan nümunələrin Nizami poemalarında farsca tərcümələrilə qarşılaşırıq.
Güvahi “Pəndnamə”sində verdiyi bir öyüdlə bağlı olaraq “su sənəyi suda sınar” xalq məsəlini belə işlədir:
Həmin anlayana bu məni yetər
Ki, axər sulu sənək suda sınar.
Bu məsəli Nizami “İskəndərnamə”də İskəndərin anasına yazdığı məktubunda belə ifadə edir:
که گر قطره شد چشمه بدرود باد
شکسته سبو بر لب رود باد
(Əgər qətrə getdisə, çeşmə sağ olsun, su sənəyi suda sınar).
Güvahinin əsərində oxuyuruq:
Yalunuz iş tutuban umma uzlik,
Ki, Tanruya yaraşur yalunizlik.
Nizami “Xosrov və Şirin” əsərində yazır:
ترا از یار نگریزد بهر کار
خدایست آنکه بی مثل است و بی یار
(Sən hər işdə yoldaşla ol ki, taysız və yoldaşsız ancaq Tanrı ola bilər).
“Pəndnamə”də belə bir atalar sözünə rast gəlirik:
Dirilən murği-çabuk naçar,
Olur iki ayağından giriftar.
Bu atalar sözü Nizaminin “Yeddi gözəl” əsərində belə işlənir:
مرغی زیرک بجستجوی طعام
بدو پای اوفتد همی در دام
Bu cür oxşar nümunələrin sayını istənilən qədər artıra bilərik. Bütün bunlar Güvahinin əxlaqi-didaktik görüşlərilə Nizaminin həyati baxışları arasında bir yaxınlıq olduğunu göstərir.
Azərbaycan danışıq dilinə aid ifadə və deyimlərin Nizami əsərlərindəki bədii əksinə diqqət edək:
بیا تا کج نشینم راست گویم
چه خواریها کز و نامد برویم
(Gəl əyri oturum, düz danışım, ondan nə əziyyət qaldı ki, mənə yetişməsin?)
زخلق آنچنان برد پیوند را
که سگ وا نبیند خداوند را
(Xalqdan o qədər ayrılmışdı ki, it yiyəsini tanımırdı).
چنینزدمثلشاهگویندگان
که یابندگانندجویندگان
(Söz deyənlərin şahı belə məsəl çəkdi ki, axtaran tapar).
امروزمگرچهخوردهامدوش
کانخودسخنی بودفراموش
(Bu gün dünən nə yediyim yadımdan çıxır).
Nizaminin əsərlərində “başımı qaşımağa vaxtım yoxdur”, “qarışqanı da incitməmək”, “iynə atmağa da yer yox idi”, “başından bir tük də əskik olmasın”, “qoyun quzu ilə otlayır” və başqa türk danışıq ifadələrinin tərcüməsi də diqqəti cəlb edir.
Göründüyü kimi, şair türk xalqları içərisində geniş yayılmış danışıq ifadələrini farscaya çevirmişdir.
Nizaminin əsərlərində türk xalq məsəlləri, atalar sözləri də geniş işlənir. Bunların çoxu türk xalqının məhsulu olub, türk psixologiyasını əks etdirir. “Bir qarğa kəklik kimi səkmək istədi, öz yerişini də itirdi”, “elnən gələn qara gün bayramdır”, “pişik balasını istədiyindən yeyər”, “ilan vuran ala çatıdan qorxar”, “beş barmağın beşi də bir olmaz”, “oddan kül törər”, “vaxtsız banlayan xoruzun başını kəsərlər”, “nərdivana pillə-pillə çıxarlar”, “qaradan artıq rəng olmaz” və başqa nümunələr şairin xalq ədəbiyyatına dərindən bələdliyini, bu bitməz-tükənməz xəzinədən məharətlə bəhrələndiyini göstərir. “Nizaminin doğma xalqdan aldığı ifadələri, atalar sözləri və məsəllərin hamısını diqqətə çatdırmaq üçün cildlərlə əsər yazmaq lazım gələr”.
Nizami Gəncəvinin türk dilinə həssas münasibəti ifadəsi onun türk adlarından poetikliklə faydalanmasında da özünü göstərir.
Əlaəddin Körpə Arslanın tərifinə həsr edilən fəsildə belə bir beytlə rastlaşırıq:
همسرآسمان وهمکف ابر
هم بت نشیر وهم بنام هژبر
(Asimanla baş-başa duran, bulud kimi ələ malik (səxavətli), həm bədəncə şirdir, həm də adı Şirdir).
Dahi şair son misrada şahın həm bədəncə, həm də adı ilə şirə bənzədiyini bildirərkən “Arslan” sözünün türkcə mənasını da diqqətə çatdırır.
Nizami Çin xaqanının İskəndərə hədiyyə göndərdiyi şahini belə xarakterizə edir:
طغان شاه مرغان طغرل بنام
به سلطانی اندر چو طغرل تمام
(Quşların toğan şahı, adı Toğrul, sultanlıqda Toğrul kimi tamamdır).
Bu beytdə də Nizami şahinin türkcə adından poetik baxımdan faydalanaraq onun eyni zamanda sultanlıqda Toğrul kimi olduğunu diqqətə çatdırır. Bu misrada da “Toğrul” həm “şahin”, həm də Toğrul şah mənasında anlaşılır.
الانی سواری قرنجه بنام
هنـرهـا نـمــوده بـه شـمشيـر و جـام
قرنجه چو ديد آنچنـان دسـت زور
سپـر بـر كتـف دوخـت چون پرمور
(Qarınca adında bir süvari qılınc və camla hünərlər göstərirdi. Qarınca belə qüvvəti görcək qalxanını qarışqa qanadı kimi çiyninə çəkdi).
Fars oxucuları üçün asan anlaşılmayan bu misralarda qarınca (qarışqa) sözünün farsca tərcüməsi olan “mur” kəlməsini də işlətməklə Nizami türk dilinin incəliklərindən bəhrələnmək hünərini nümayiş etdirmişdir.
Bütün bunlar bir daha təsdiq edir ki, dahi sənətkar əsərlərini farsca yazmasına baxmayaraq, həmişə bir türk, bir azərbaycanlı kimi düşünmüş və doğma dilin ifadə imkanlarından faydalanmaqla yeni bir poetik məktəbin əsasını qoymuşdur.
Şərq klassik poeziyasında Nizami ənənələrini davam etdirən “Xəmsə” müəllifləri, eləcə də Nizamidən təsirlənən sənətkarların çoxu sələfləri ilə bağlı elmi-bədii düşüncələrində şairin Gəncədən olmasını dəfələrlə qeyd etmiş, onu “Gəncə dahisi”, “Gəncəli ustad”, “Gəncə xəzinədarı”, – deyə hörmətlə xatırlamışlar. Böyük özbək şairi Ə.Nəvai “Xəmsə”sinin bütün poemalarında Nizaminin mədhinə ayırdığı xüsusi fəsillərdə sələfinin vətəni Gəncə olduğunu anaraq yazmışdır:
Gəncə vətən, könlü onun gəncxiz
Xatiri gəncurü, dili gəncriz.
“Leyli və Məcnun” əsərində oxuyuruq:
Nəzm əhlinin əfsəhi kəlamı,
Söz durrigə müntəzəm Nizami.
Ol Gəncədə gənctək nihani,
Beş gənc qoyub,vəli nişani.
Gətirilən nümunələr Azərbaycan dilinə uyğunlaşdırılmışdır.
Belə nümunələrin sayını istənilən qədər artırmaq olar. Nizami özü də söz sənətinin mahir sehrkarı olduğunu bildirərkən Gəncəni də sehrkarlar yurdu Babil ilə müqayisə edərək:
بابل من گنجۀ هاروت سوز
(Mənim Babilim Harutu yandıran Gəncədir) – deyir.
Şair Gəncəyə bağlılığını xüsusilə diqqətə çatdırmaq üçün əsərlərini Gəncənin mənəvi sərvəti hesab etdiyini bildirmişdir. “İskəndərnamə”də şeir oğrularından şikayətlənərkən yazır:
نهان مرا آشکارا برند
ز گنجه است گرچه بخارا برند
(Mənim gizli mənalarımı aşkar oğurlayırlar. Əgər Buxaraya aparılsa da, onlar Gəncəyə məxsusdur).
Nizaminin ilk davamçısı kimi tanıdığımız Əmir Xosrov Dəhləvi “Şirin və Xosrov” əsərinin başlanğıc fəsillərində Nizamini xatırlayarkən:
اگر چه قیمت ترکان بود بیش
برد هندو هم آخر قیمت خویش
(Türklərin qiyməti yüksək olsa da, hindlinin də öz qiyməti var) – deməsi də Nizaminin türk mənşəli olduğuna işarədir.
Gördüyümüz kimi, Nizaminin orta əsrlərdə yetişən davamçılarının əksəriyyəti onun Gəncəli olduğunu xüsusi vurğulamışlar. Dediklərimizə çox nümunə gətirmək olar. XX əsr türk şairi M.F.Gürtunca Nizaminin “Leyli və Məcnun” əsərinin türk dilinə tərcüməsinə yazdığı müqəddiməsində Nizaminin Ayasofiyada təsadüf etdiyi bir əlyazmasında şairin milli mənsubiyyətilə bağlı belə bir beytə təsadüf etdiyini yazır:
پدر بر پدر مر مرا ترک بود
بفرزانگی هر یکی گرگ بود
Mənim babam, atam türk idi,
Ağıl və hikmətdə hər biri (bir) qurd idi.
Edmund Herziq tutarlı dəlil gətirmədən bu beytin də Nizamiyə mənsub olmasına qəti etiraz etmişdir. Biz isə bunun Nizaminin soy-kökü ətrafında aparılan mübahisələrin yersizliyinə bir dəlil olduğunu bildirmək istəyirik.
Göründüyü kimi, Nizami Gəncəvinin yaradıcılığında dahi sənətkarın doğma mühitindən ayrılmazlığını göstərən faktlar və dəlillər çoxdur. Biz isə bu yazımızda onların bir qismindən bəhs etdik. Ancaq bu dediklərimiz də Nizaminin qədim türk mədəniyyəti və türk aləminə bağlılığı, onun həyata və təbiətə münasibəti, sosial-siyasi baxışları və milli-bəşəri dünyagörüşü haqqında aydın təsəvvür yaradır. Cənab Edmund Herziqə dünya şöhrətli Azərbaycan şairi Nizami Gəncəvinin irsi ilə tanış olmağı, şairin yaradıcılığı haqqında aparılan tədqiqatlara nəzər salmağı bir daha tövsiyə edir və dahi sənətkarın aşağıdakı beyti ilə yazımızı yekunlaşdırırıq:
سخن کان نه برراستی ره برد
بود خوار اگر پایه بر مه برد
Doğruluq yolunu tutmayan sözlər
Aya ucalsa da, qiymətdən düşər!
Nüşabə ARASLI
AMEA-nın müxbir üzvü
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu