Bu yazı bir qədər əvvəl yazılmalı idi. Yazılmışdı da… Onda ovqatıma düşən vaxtı idi.
Hardan başlayım, harda qurtarım… Həə, orda qalmışdıq…
Bir tanış mənə zəng edib dedi ki, həkimsən, bəlkə sən bilərsən Bakıda Literature Medical Centre klinikası harda yerləşir
Açığı birinci dəfə eşidirdim, adı mənə qəribə gəldi. Necə yəni, Literature Medical Centre klinikası. Sonra fikirləşdim ki, indi ad qoymağa nə var, kim yuxuda nə ad görürsə obyektinin – marketi, yaxud da klinikası olsun, üzərinə yapışdırır. Elə yapışdırır, elə yapışdırır ki, heç kimin ruhu da incimir. Özü də bir soruşan da olmur ki, “a bala, bu ad olar, yoxsa olmaz?”
Üz vurmadım. Dərinliyə getməyin mənası da yox idi. Nə də zəng edən adama üzüm gəlmədi deyəm ki, “bilmirəm”.
-Öyrənib deyərəm! – dedim.
Bir neçə tanış-bilişə zəng etdim. “Bəlkə, sən bilərsən, Literature Medical Centre klinikası harda yerləşir”?
Hamısı dedi, “tanıyıram, necə ola bilər siz tanımayasınız”? – Nə bilim! –dedim. – Yolum o tərəfə düşməyib, yəqin ona görə tanımıram.
Onlarda dedi, “yox əşi, bizim də yonumuz o tərəfə düşməyib, amma şəhərdə nə yenilik olsa gərək biləsən, xəbərin olsun axı”. – rişxəndlə dedilər.
Bu söz mənə çox pis təsir göstərdi. Necə yəni, “baş verən yenilikdən gərək xəbərin olsun”.
Belə düşündüm, “bunların iradları haqlı iraddır. İndi texnologiya əsridir. Gərək olub qalanlardan vaxtında, vədəsində məlumatın olsun”.
Etmədim tənbəllik klinikanın direktorunun nömrəsini öyrənib zəng elədim. Adımı deyib, özüm haqqında qısaca da olsa məlumat vermək istəyirdim. Dedi, “həkim sizi tanıyıram, haqqınızda kifayət qədər məlumatım var”. Biraz da kinayə ilə dedi: -Nə tez məni unutmusunuz. Üzeyir Əlizadəyəm, köhnə dostunuz.
Çox sağ olun! – dedim. –Yaxşı bunları bildik. Klinika haqqında məlumat verin. Hansı xəstəliklər sizdə müalicə olunur? Arxasınca onu da dedim ki, filankəs müəllim soruşdu. Mən də klinika barədə filankəs müəllimdən, filankəs bəydən, filankəs xanımdan soruşdum. Amma heç kim ətraflı məlumat vermədi. Nə desə yaxşıdı? Sadaladıqlarınızın hamısı bizim klinikanın pasyentidi. –dedi.
Özümdən şübhələndim. “Yaxşı, bunlar məndən niyə soruşur, pasiyentdirlərsə niyə danırlar”? –fikirləşdim.
Üz vurmadım. Dedim, “nə vaxt sizinlə klinikada görüşə bilərik”?
Dedi, “başqa yerdəyəm. Klinikaya gələndə zəng edərəm, görüşərik”.
Onu da əlavə etdi ki, sizə bir link atacam, orda klinikamız haqqında geniş məlumat var. Gələndə məlumatlı gəlsəniz daha yaxşı olar.
Etmədim tənbəllik linki açdım. Baxdım, adından göründüyü kimi, bu tamamı ilə başqa cür klinikaymış, burada müalicə sistemi də başqa cür imiş.
Yenə etmədim tənbəllik , başqa bir linki açdım. Elçin Əlibəylinin üz-üzə verlişi idi. Üzeyir Əlizadədən başqa hamı qalstukunu çıxarıb oturmuşdu. Yazıda Ü. Əlizadə belə bir söz işlədir: “Ütülənmiş sözlər, qalstuklu sözlər” (hələ yaxşı ki, yazmamışdı, 200 minlik arabasını minib gəlmiş sözlər).
Həmin verilişdə Elçin bəy qonaqlara sual verdi, “Üzeyrin klinikasına müraciət etmisinizmi”? Hamı, Yox! – dedi.
İkinci sualı verdi. “Müraciət etmək istərdinizmi”?
Yenə, “ehtiyac yoxdu”. –dedilər.
Öz-özümə fikirləşdim. Klinikaya getməkdən niyə qaçmaq lazımdır. Hamının problemi ola bilər. Müasir tipli klinikadırsa niyə də müraciət etməyəsən? Sağlamlığın keşiyində durmaq ümdə məsələdir. Mən müraciət edəcəyəm. Burda nə eyib var?! –dedim.
Qəflətən uşaqlıqda olmuş bir hadisə yadıma düşdü.
Uşaq idik. Əmim uşaqları hamı bir yerə toplananda xeyli uşaq olurduq. Kim sözə baxmırdısa nənə deyirdi. “Sənin yerin Qazaxlıqdı”. Ondan sonra söz deyilən adam işini başa düşüb sözə baxırdı.
Mənə də deyəndə sözün mahiyyətini bilməsəm də susurdum. Bilirdim nəsə yaxşı söz deyil.
Sonra anladım bu nə deməkdir. Biz tərəfdə dəli olanı Qazaxa dəlixanaya aparırmışlar. O zonada psixiatrik xəstəxana, yəni el dili ilə desək dəlixana bir Qazaxda, bir də Gəncədə yerləşirdi. Görünür, əvvəl nənə deyib, “sözə baxmırsan, dəli olmusan, səni Qazaxa dəlixanaya aparacağıq, bəlkə ağlın başına gəlsin.
Sonra da dəlixana sözü ixtisara düşüb, “Qazaxa aparacağıq” deməklə mahiyyət bəlli olurmuş.
İndi məni bir şey maraqlandırır. Gəncə Gədəbəyə daha yaxın idi, nəin ki Qazax. Nənəm niyə dəli olanı(yəni sözə baxmayanı) Gəncəyə yox Qazaxa aparmaqla hədələyirdi.
Yəqin o vaxt dağ yolu daha yaxın olurmuş.
Baxıram, Üzeyirin klinikası deyəndə hamı çəkinir. Klinikaya müraciət etmək istəyənlər heç vaxt gedəndə çəkinmir, aşkara gedir.
Literature Medical Centre klinikası və ya Üzeyirin klinikası deyəndə getmək istəyən də gizlin getmək istəyir. Heç kəs bilməsin.
Klinika mənə başqa cür göründü. Üzeyirin dəlixanası.