Əziz izləyicilərim və dostlarım! Həqiqətən də utandım, çox xəcalət çəkdim! Əslində isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Nigar xanım Alimova xəcalət çəkməlidir!
98 yaşlı Quba sakini, Böyük Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, 60 il dövlətə xidmət etmiş qubalı Qaflan kişi nəvəsi üçün aldığı 3 sot torpağa çıxarış ala bilmir. Baxın, bu torpaq Qusarçay ərazisindədir, yəni Xaçmaz-Xudat yolunun kənarındadır. Sağı da, solu da satılıb və müxtəlif obyektlər tikilib. Qaflan kişinin də çıxarış almaq istədiyi 3 sot torpağın bütün sənədləri qaydasındadır və heç bir problem yoxdur. Di gəl ki, Xaçmazın reyestr xidməti iddia edir ki, bu 300 m2 sahə örüş sahəsidir. Olsun! Amma o qədər gülünc iddiadır ki, hətta diri xoruzun da gülməyi gəlir! Torpağın sağı və solu obyektlərdir. Amma belə çıxır ki, məhz bu 3 sot sahə örüşdür!?Aylardır ki, müharibə veteranı Bakıya gedir-gəlir, yuxarıda adı çəkilən qurumlara müraciət edir, xeyri yoxdur. Keçmiş SSRİ torpaqlarının faşistlərdən azad edilməsində qəhrəmanlıqlar göstərən 98 yaşlı veterana öz məmləkətində 3 sot torpaq çıxarışı verilmir! Amma minlərlə hektar torpaqları qanunsuz zəbt edən məmur-oliqarxlar kefdə damaqdadırlar!
Baxın, Qaflan kişi sıravi adam da deyil. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva onu şəxsən tanıyırlar, birlikdə fotoları da var. Dövlət başçıları hər il mayın 9-da onunla da görüşürlər. Qaflan dayı haqqında bir film də çəkilib, çoxsaylı məqalələr yazılıb. Bu şəxsi mərhum Prezident Heydər Əliyev də şəxsən tanıyıb. 60 il müxtəlif dövlət vəzifələrində çalışan insanı xanım Alimova qəbul edib dinləyə bilmir… Hə, adam doğrudan da lap xəcalət çəkir!
Ölkədə reyestr fırıldaqçılığının sayı-hesabı yoxdur. Elə KİV-lərə nəzər salmaq kifayətdir. Xaçmaza gəldikdə isə, rayonda dövlət və bələdiyyə torpaqlarını çoxdan satıb qurtarıblar. İndi də heç kəs qorxusundan bu məsələləri araşdıra bilmir. İnanın mənə, məhz qorxurlar!!! Reyestr xidmətinin gücü isə 98 yaşlı el ağsaqqalı və müharibə veteranına çatır…
Üzümü Azərbaycan hakimiyyətinə tuturam: Müharibə veteranına sahib çıxın! Artıq onlar barmaqla sayılırlar! Bu qəhrəman insanlara nəinki 3 sot, 300 sot torpaq belə bağışlanmalıdır!
İndi nə edək? Rusiya Prezidenti cənab Putinə müraciət edək? Axı ölkənin birinci şəxsi Qaflan kişini şəxsən tanıyır! Müharibə veteranının da ümidi məhz ONADIR!
P.S. Bu yazını Qaflan Ömərovdan xəbərsiz yayıram. Bəlkə də, oxuyub əsəbiləşəcək. Eybi yoxdur, el ağsaqqalıdır, danlağı da xoşdur! Lakin problemdən tam məlumatlıyam. Sadəcə, xəcalətimdən yazdım…
Müqəddəs Mehdiyev,
ictimai fəal,
“Şimal Xəbərləri” qəzetinin baş redaktoru.