“Erməni işğalından azad edilmiş bütün şəhər və rayonların Baş Planı hazırlanacaq”.
Report xəbər verir ki, bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirib.
“Qarabağın yenidən qurulması zamanı mədəni-tarixi abidələrin özünəməxsusluğu qorunub-saxlanılacaq. Biz, həmçinin, yüksək standartlı, yeni kənd və qəsəbələrin yaradılmasını qarşımıza məqsəd qoymuşuq. Bərpa işlərinə yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssisləri də cəlb etməyi düşünürük.
İşğaldan azad edilmiş ərazilərin bərpasına müxtəlif yanaşmalar var. Məsələn, Şuşa tarixi şəhərdir, burda bir sıra mədəniyyət abidələrinin bərpası nəzərdə tutulur. Amma elə şəhər və rayonlar var ki, tamamilə dağıdılıb. Bu tipli ərazilərin qurulmasında fərqli yanaşmalar olacaq.
Həmin şəhərlər ən müasir tələblərə əsaslanaraq tam yenidən qurulacaq”, – o qeyd edib.