UZUNTƏPƏLi ƏZİZ YUSUBOV: MÜƏLLİM yoxsa ŞANTAJÇI?!

(Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar xanım Muradovanın oxumasında fayda var)

“Qadın elə bir mələkdir ki, bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir”. Qədim Roma filosofu Aureli Avqustin qadın həyatının “yol xəritəsi”ni ilkin məqsəd kimi məhz belə ifadə etmişdi.

Min illər sonra böyük rus mütəfəkkiri Vissarion Belinski: – “Qadın-həyatın bütün mərhələlərində kişinin xilaskarıdır”- deyərək, zərif cinsin etik və estetik kalkalardan uzaq, lakin gerçək missiyasını xüsusi vurğuyla xatırlatmışdı.

Şəxsən mənimçün cox maraqlıdı; görəsən müasir azərbaycan reallığında romalı Aureli və rus Vissarionun təqdim etdiyi qadın reputasiyasına münasibət necədir?

Əvvələn onu qeyd edim ki, hal-hazırkı “milli kişilər” dairəsində “özünü satan qızlar”, “ərinə xəyanət edən arvadlar”, hətta “işləyən qadınlar” barədə danışmaq, moizələr oxumaq adi hala çevrilib. Belə qeybətçi-böhtançı ədəbsizlərin “mədəniyyəti” şərəfsizliklə, qeyrətsizliklə assosiasiya olunur öz yerində, eyni zamanada sonu bəlli olmayan dekadensə səbəblər yaradır. “Milli kişilərin” dairəsi günü-gündən böyüyür. Onlar təkcə “ərazilərini” genişləndirməklə kifayyətlənmir, üstəlik ən yaxınlarındakı qonşunun, dostun, hətta qardaşın evini, həyət-bacasını pusmaqdan çəkinmirlər.
Çünki damarlarında axan şərəfsizlik qanı gözlərini elə bağlayıb ki, müxtəlif “kreativ” üsul və vasitələrdən istifadə edərək şantaj və hədə “materialları” toplamağı özləri üçün peşəyə çeviriblər. Bu tip binamuslar üçün ailə dəyərlərinin, insan talelərinin heç bir mənası yoxdur. Yetər ki, iyrənc nəfslərinin tələbatını ödəyə bilsinlər. Sonrası məlum! Bəzən ən ideal ailələr belə məsələnin dərinliyinə varmadan dağılır, yaxud şablon sonluqların dəhşətli qurbanlarına çevrilirlər. Bu mənada Cəlilabad rayonunun Uzuntəpə kəndində baş verən hadisə çox ibrətamizdir.
Qardaşxanova Nigarə Ramin qızının bir-neçə aydan sonra 27 yaşı tamam olacaq. 03 sentyabr 2011-ci ildə toyu olan qız, 21 sentyabr 2011-ci ildə el adət-ənənəsiylə ər evinə gəlin köçüb. Ər evində iki övlad dünyaya gətirib: Əli və Zəhra adında. Əri Nicatla və ərinin ailəsi ilə heç bir problem yaşamayıb. Əri Nicatın sinif yoldaşı Əziz Yusubov və qonşuluqda yaşayan Bəhruz İbrahimov adlı şəxslər ailəyə ayaq açana qədər normal ailə münasbətləri davam edib. Bir müddət sonra Əziz və Bəhruz, montaj etdikləri şəkilləri sosial şəbəkələrdə paylaşacaqları ilə hədələyərək Nigarəni seksual xarakterli hərəkətlərə məcbur etməyə çalışıblar. Heç nə alınmayıb. İstədiklərini əldə edə bilməyən cütlük daha da azğınlaşıb. Növbəli “pusu” əməliyyatı, nəhayət ki, bəhrəsini verib. Bundan sonra onlar Nigarəni telefon vasitəsi ilə qeyd etdikləri video görüntülərlə şantaj etməyə başlayıblar. Nigarə nəsillər arasında qan-qada düşəcəyindən qorxaraq baş verənləri ərindən və ərinin ailəsindən gizlətmək məcburiyyətində qalıb. Sonda gücü özünə çatıb. Beləki, 09 may 2020-ci il tarixində “uksus” içərək canına qəsd edib. Lakin həkimlər onu xilas edə biliblər. Əziz və Bəhruz may ayının 10-da polis tərəfindən saxlanılsalar da, may ayının 13-də sərbəst buraxılıblar. Sərbəst buraxılandan sonra, Bəhruz bir-neçə iribuynuzlu heyvan, Əzizin qardaşı Ramiz müəllim ev satıb. Çox qəribə təsadüfdür, deyilmi?
Zəruri qeyd: Əziz Yusubov müəllimdir. Qardaşı Ramiz Yusubov Uzuntəpə kənd Tam Orta Məktəbin direktorudur. (Vay olsun, yeni nəslin halına!) 
Hal-hazırda ər evindən qovulmuş Nigarə atası evindədir və azyaşlı övladları ilə görüşməyinə imkan verilmir. Müxtəlif dövlət qurumlarına ünvanladığı müraciət və ərizələrinə isə dogru-dürüst hüquqi qiymət verilmir. Axı o, – qadındır. İndiki zamanda qadın olmaqsa, kişi günahlarının “keçisi” olmaq qədər bəsitdir.
… Qarşımda Nigarənin yazdığı iki mətn var. 16 may 2020-ci il tarixli mətn Cəlilabad rayon prokuroruna ünvanlanmış ərizənin surətidir. Hər iki mətni dəfələrlə oxumuşam. Fəqət, sonda gəldiyim qənaətdən heç də məmnun deyiləm. O mənada ki, bir çox kişiciyəzlərin müasir Azərbaycan qadınına münasibəti sırf heyvanidir. Şübhəsiz belə manyaklar hər yerdə mövcuddur, lakin bəzi dövlət orqanlarında yuva qurmuş “quzğunlar” cəmiyyət üçün xüsusi təhlükə mənbəyidir. Məhz nəfsinə hakim ola bilməyən belə “quzğunlar”ın ucbatından köməksiz və atılmış qadınlar dərdini deyəcəy, haqqını müdafiə edəcəy yer tapa bilmirlər.
Adına Ailə, Qadın və Uşaq Problemləri Komitəsi deyilən dövlət qurumununsa hansı “məzhəbə və mənsəbə” qulluq etdiyi məlum deyil.
Artıq, xüsusi səlahiyyətlər və imtiyazlar verilməklə yeni tərkibli “Əxlaq Polisi”ni yaratmağın zamanıdır. Və əgər bu təsisat Bahar xanım Muradovanın rəbərlik etdiyi Dövlət Komitəsinin yanında fəaliyyət göstərərsə daha məqsədə müvafiq olar. Belə olarsa, nüfüz və faydalılıq nöqteyi-nəzərindən həm Komitə, həm də cəmiyyət qazanar.
Əziz Kişilər! Millətimizin sahib olduğu ailə modeli Vətənimiz və Dövlətimiz qədər önəmlidir. Əgər Ailə yoxdursa, demək Dövlət də yoxdur. Gəlin unutmayaq: Ailəyə qəsd, həm də Dövlətə qəsddir!
P.S. Müstəqil.Az qarşı tərəfin də söz haqqını tanıyır
HÜSAMƏ bin SƏRXAN
Müstəqil.Az
Share: