Tizi Xanım Əfruzla (Tithi Khanum Afroz) Firuz Mustafanın vasitəsi ilə tanış oldum. Yazıçılar Birliyinə gəldilər üçlükdə. Bir xeyli və maraqlı söhbət etdik. Səmimi, gülərüz təsir bağışladı. Banqladeş ədəbi mühitindən, müəllimlərindən, görkəmli Banqladeş ədiblərindən danışdı. “Qardaş” sözünü xüsusi vurğu ilə tələffüz eləməyi ilə da yadımda qaldı. Bir-birimizə ingilis dilində olan kitablarımızı hədiyyə etdik. Sona Səlimlidən xahiş etdim ki, Əfruz xanımın (nədənsə ona məhz belə xitab etməyə üstünlük verdim görüşümüz zamanı) bir neçə şeirini dilimizə çevirsin.
Bir neçə gündən sonra Tizi Əfruzun doğum günüdür. Onu təbrik edirik. Biroqrafiyasının bir neçə məqamını və Sona xanımın tərcüməsində bir neçə şeirini təqdim edirik.
31 dekabr 1987-ci ildə Banqladeşdə, Naoqaon əyalətinin Boalia şəhərində anadan olub. “Dhulıpath” jurnalının redaktoru və altı şeir kitabının müəllifidir. “Chondopotoner Shobdo”, “Urar Koushol”, “Tithir Tirish”, “Tithiteerthamaya”, “Face İnside the Mask” və “The Blind God” kitablarının müəllifidir. Şeirləri Dhaka, Toronto, London, Kəlükttə, Nepalvə ABŞ-ın tanınmış ədəbi jurnallarında, gündəlik qəzetlərdə dərc olunub. Tizi Əfruz eyni zamanda qadın hüquqları naminə çalışan fəal və enerji sektorunda çalışan hökumət rəsmisidir. Banqladeşdə və ölkə xaricində bir çox şeir və ədəbiyyat festivallarında iştirak edib. 2016-cı ildə “Kobi Jushimudin Smriti Puroskar” mükafatına layiq görülüb.
Səlim Babullaoğlu
Kar
İndi qeyb çiçəyinin aşiq olduğu şeytani dövrdür.
Çoxlu rənglər və bir çox düşüncələr var ağıllarda.
Ağıl və üz arasındakı fərqi anlamaq üçün
Bir çayın altında qalan diyarları görürəm.
Mənbəyini tərk etmiş həmin çayların hekayəsini bilirsiniz,
Amma,
Sənin israfçılığının nəmli hekayələrini
Çay bilirsə də sən bilmirsən.
Xoşbəxtlik
Xoşbəxtlik, sən uzaqlardakı səmasan.
Əziz külək, sadəcə sevgini əsdir.
Skelet
İşıq və zülmət
Böyük illuziya var qumlu sahildə;
Ah çəkəndə,
Kağızdan şartək uçub gedir…
Eşq kor adamın ehtirasıdır.
Qəlbin nəğməsi batır
Uzaqda, okean sularında.
Balıqçının toruna
Bir skelet düşüb.
Uzun sözün qısası, mən asılmış qalıram.
Hələ də asılmış,
Arabanın içində, ucsuz-bucaqsız yolun üstündə,
Kainatın zülmət dövründə.
Hələ də asılmışam
Dissektorun gözündən.
Güzgü
Sadəcə özümdə özümü axtarıram
Çay demək olar daşır.
Nə zaman ki, mən güzgü oluram
Kimsə üzür
və baş qaldırır sonsuz zamanda…
Quş – II
Al gözlərimdən bütün günəş işığını
və qarşısı alınmaz eşqimin zərif toxunuşunu .
Mən gözəl gənc qızın sevgisində süzürəm,
Okeanın saf və təmiz havasını geridə qoyuram.
Xahiş edirəm, bacarsan geri dön…geri dönəcəksən…
Geriyə nə qalıb?
Tərcümələr Sona Səlimlinindir