Vəkillər iştirak etdikləri prosesləri telefonda izləyə biləcək – Yeni sistem yaradılır

Azərbaycanda məhkəmə fəaliyyəti ilə bağlı informasiya-analitik hesabat elektron sistem tərəfindən avtomatik hazırlanacaq.

Müstəqil.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin “Elektron Məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri, hakim Ramin Qurbanov “Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, artıq belə bir elektron sistemin yaradılması üzərində iş gedir: “Elektron sistemdə hakimlərin məhkəmədə çıxardığı qərarları və onlarla bağlı Apelyasiya Məhkəməsinin münasibəti əsasında hakimlərin qiymətləndirilməsi meyarından istifadə olunacaq. Elektron qiymətləndirmə sistemi gələcəkdə vəkillərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Vəkillər Kollegiyasının sistemində də yaradılsa, müsbət hal olar”.

Ramin Qurbanov qeyd edib ki, vəkillərə hüquqi müdafiə bağlı ödəmələrin elektron qaydada köçürülməsi vacibdir: “Ümid edirəm ki, cari ilin sonuna qədər bütün qrumlar bu elektron sistemə qoşulacaq. Çünki bu sistem həqiqətən hakimin və vəkilin işini asanlaşdıracaq”.

O bildirib ki, “Elektron Məhkəmə” İnformasiya Sistemində vəkillərin şəxsi kabinetlərinə mobil telefonlarla da daxil ola bilməsi üçün mobil versiya da hazırlanır.

Onun sözlərinə görə, sistemin mobil versiyasının hazırlanması istiqamətində işlər davam etdirilir: “Elektron Məhkəmə” İnformasiya Sistemində mobil versiya da nəzərdə tutulub. Bu vəkillərin gün ərzində istənilən yerdə smartfonlar vasitəsilə şəxsi kabinetlərinə girə bilməsi üçün şərait yaradacaq”.

R.Qurbanov bildirib ki, “Elektron Məhkəmə” İnformasiya Sistemində vəkillər yalnız özlərinin iştirak etdikləri qapalı məhkəmə proseslərini izləyə bilərlər.

Share: