Vətənə bağlanmış arzular – Xatirə Xatun yazır

Vətənə bağlanmış arzular  – Xatirə Xatun yazır
İnsanlar var, bütün ömrünü Vətənə, onu qorumağa, həm də canı-dildən, sidq ürəklə həsr edən…Bu yolda olan, ola biləcək hər cür çətinliyi, məhdudyyətləri, imkansızlığı və s.gözə alaraq, vaz keçmədən, uğruna öləcək qədər peşəsini sevən…Elə adamlar yaxşı mənada qibtə edilməyə layiqdi- dünyasını dəyişmiş olsa belə…
Bu gün haqqında sizə söhbət açmaq istədiyim, qısa, amma şərəfli ömür yolu ilə həsəd aparılmağa layiq olan şəhid kapitan Vüsal Əliyev kimi… Quliyev Vüsal Tahir oğlu 1985-ci il iyunun 5-də Lənkəran şəhərində doğulub.1991-2002-ci illərdə Lənkəran xarici dillər təmayüllü gimnaziyada orta təhsil alıb.Orta məktəbi bitirdikdən sonra Ali Hərbi Akademiyaya daxil olub.2007-ci ildə Gəncə N saylı hərbi hissədə leytenant taqım komandiri kimi hərbi xidmətə başlayıb.2009-2013-cü illərdə baş leytenant batareya komandiri kimi Ağstafada hərbi xidmətini davam etdirib.2013-cü ilin fevral ayından Ağcabədi N saylı hərbi hissəyə batareya komandiri təyin olunub.2016-cı ildə Beyləqanda qoşun xidmət rəisinin müavini təyin olunub.2019-cu ildən Goranboyda N saylı hərbi hissədə, 2020-ci ilin martından isə Tərtər N saylı hərbi hissədə kəşfiyyat rəisinin köməkçisi vəzifəsinə təyin olunub.28 sentyabrda Suqovuşan uğrunda gedən döyüşlərdə həlak olub.Ailəli idi, Rüqəyya adlı 8 yaşlı qızı, Hüseynəli adlı 7 yaşlı oğlu qaldı… Lənkəranın Böyük Bazar adlı məhəlləsindəyik.Burda Tahir kişini hər kəs tanıyır- bu vaxta kimi özünə, indi isə şəhid kapitan Vüsalın atası olduğuna görə…Eyvanından, qapısından bayraq asılmış evlər çoxdu burda- çox qürurverici bir mənzərədi. Maşınımız onlardan birinin qarşısında dayanır.Payız sükütuna qərq olmuş bir həyətə daxil oluruq.Bizi şəhidin atası, haqqında yuxarıda söz açdığım Tahır kişi qarşılayır- bütün digər şəhid atalarının oxşarı, bənzəri…
Sin descripción disponible.
Gəlişimizin məqsədini bildirdikdən sonra onun müşayiəti ilə evə qalxırıq…Pillələri qalxa-qalxa önümüzdə gedən ürəyi dağlı, çiyni ağır yüklü adama baxır və fikirləşirəm:,, Bu vaxta kimi gördüyüm şəhid ataları sanki bir ata –ananın övladları kimi necə də bir- birinə bənzəyir! Dərdin qardaşlaşdırdığı yad adamlar…Dərd necə də tamam yad adamları bir-birinə bənzədib…sankı bir anadan doğulmuş əkiz qardaşlar kimi…Dərd əkizidi bütün şəhid ataları…” Bizi qarşılayan iki gözəl bala- kapitan Vüsalın yadigarları fikirlərimi yarıda kəsir.Uşaqların, xüsusilə də 8 yaşlı Rüqəyyanın üzündəki o şirin təbəssüm bura nə üçün gəldiyimizi belə bir anlıq unutdurur…İçəri keçirik, şəhidin anası Gülparə bacı və həyat yoldaşı ilə Fərqanə ilə görüşürük…Hər ikisi ibadət əhli, möminə xanımlardı…Vüsal haqqında yazmağa gəldiyimizi eşitcək Gülparə bacı- başdan ayağa qapqara geyinmiş bu təmkinli, ağırbaşlı, oğul dərdi içini yeyib bitirsə də özünü möhkəm dayanmağa məcbur edən xanım sözə başladı: -Vüsal haqqında danışmaq bir saatın, yazmaq da bir adamın işi deyil…Mən oğlumu ən çox o şəhid olduqdan sonra tanıdım- balamı necə sevirmiş əsgərləri…İndi eşidirəm ki internetdə necə gözəl sözlər yazırlar…Ən nadinc, sözə baxmayan əsgərlərlə belə çox rahat dil tapırdı… Həyətdə ev tikdirməyə başlamışdı, o da başqa arzuları kimi yarımçıq qaldı…Heç vaxt üzümüzə qayıtmadı- nə mənim, nə atasının…Hərbi həyat öz seçimi oldu, mənə qalsa istəməzdim, amma mane də olmadım…Son zəngi sentyabrın 27- də oldu.Dedi ki, birdən mənə zəng çatmasa narahat olmayın…Elə ondan bir gün sonra şəhid olub balam… Qəhərlənir ana, susur bir anlıq.Biz də şəhidin həyat yoldaşı ilə söhbətləşək deyirik. Hərbçi adamın ömür –gün yoldaşı olmaq asan deyil, bunu bilməyən olmaz sanıram.Tez- tez dəyişilən yaşayış yerləri, rayondan rayona daşınmalar, yeni mühit, alışmağa məcbur olduğun şərait və s. kimsəyə asan gəlməsin. Şəhid kapitanın ömür- gün yoldaşı, hərbçi həyatının ağırlıqlarını iki körpəsi ilə birlikdə yaşamış Fərqanə xanım bütün bu çətinliklərin öhdəsindən gəlsə də, canından çox sevdiyi Vüsalın həsrəti indi onun dünyasını alt-üst edib sanki: -Vüsal çox gözəl həyat yoldaşı idi…Qızlar dərdini , sirrini ən çöx bacıları ilə bölüşər, mənimsə dərdimi bölüşməyə bir bacım olmayıb, anam da beş ildi dünyasını dəyişib…amma mən Vüsalın yanında , evdən-eşıkdən uzaq yerlərdə, yad adamların çevrəsində heç vaxt bunu hiss eləmədim.Mən anasız olduğumu indi- Vüsal şəhid olduqdan sonra hiss eləmişəm…O mənə təkcə həyat yoldaşı yox, həm də əvəzsiz həmdəm idi.Arzuları çox idi, hamısı ürəyində qaldı… İşinə, peşəsinə, tabeliyində olan əsgərlərə çox bağlı idi…O bir bayramı bizimlə keçirmədi,-deyib köks ötürür gəlin… Tahir kişi- bu zəhmətkeş, sakit, yorğun baxışlı şəhid atası qarışır söhbətə: -Vüsal tikansız balıq idi-heç kimlə işi olmaz, sakit, başıaşağı…Böyüklə böyük, kiçiklə kiçik… Sözünün, hərəkətinin yerini bilən, bütün Lənkəran onu belə tanıyır, hər kəsin yanında hörməti vardı…Uşaqlıqdan zəhmətkeş, ailəcanlı olub.Səhər tezdən mənimlə bazara gələr, dükanı açmağa kömək edər, sonra dərsə gedərdi.Heç vaxt incitməyib bizi.Ona bu vaxta kimi nə əlimi, nə də səsimi qaldırmışam, buna ehtiyac olmayıb yəni… Gülarə bacı bayaq qəhərlənib yarıda qoyduğu sözünə davam edir: -Əvvəlki rayonlar alınanda Vüsal bacımın yuxusuna girib deyib ki, anama deyin torpaqlarımızın alınması xəbəri gələndə evdən azan səsi ucaltsın… Qələbə xəbərini mənə gecəyarı, döyüşdə olan bacımoğlu xəbər verdi.Zəng edib dedi ki,xala, Vüsalın qanı yerdə qalmadı, təslim oldular, torpaqlarımız alındı…Heç kimi oyatmadım, keçdim mətbəxə, telefonda azan səsi qoyub doyunca ağladım sübh namazına kimi…Səhər uşaqları geyindirib qəbir üstə getdik- bu şad xəbəri Vüsala çatdırmaqdan ötrü… Vətəni sevmək imandandır, deyiblər.Vüsalın bu vətənərvərliynin bünövrəsində də bu cür təqvalı ananın, bu zəhmətkeş atanın tərbiyəsi durur… -Şəhid atası olmaq əlbəttə ki, fəxrdi, -davam edir Tahir kişi,-mən də oğlumla qürur duyuram…Amma bircə oğlumu itirməyin ağrısı da heç nə ilə müqayisə olunmaz…Ağır xəstələnmişdim, insult keçirdim. Gecə ilə durub gəlmişdi evə, son görüşümüz onda olub.Hərbçi həyatı çətindi, bilirəm, amma bir dəfə də olsa o bunu dilə gətirmədi, az da olsa çətinliklərindən şikayət etmədi…Cənazəsinə döyüş yoldaşları da gəlmişdi.Onların dilindən bir də tanıdım balamı …Verilən bütün tapşırıqları can-başla yerinə yetirərmiş mənim mərd balam, cəsur balam…İndi tək təsəllim qələbəmizdi, Allah ordumuza cansağlığı versin…
Sin descripción disponible.
Vüsalın yadigarları Hüseyn və Rüqəyya bütün bu söhbət zamanı yanımızdan ayrılmırlar, hiss edirəm ki ataları haqqında danışmaq üçün onlar da növbələrini gözləyir.Hüseyndən başlayırıq: -İşdən yorğun gələrdi, amma yenə də bizlə mütləq oynayardı, bizi boynuna mindirərdi…Bir dəfə anam xəstələnmişdi, onda atam bizə həm də ana oldu… Rüqəyya- bu şirin təbəssümlü, yaşından və yaşıdlarından çox ağıllı, dərrakəli görünən qızcığaz sözü qardaşının ağzından alır: -Atam sizin üçün indi qəhrəmandı, amma mənim üçün həmişə qəhrəman olub…Əgər mənə desələr ki, atanın adının qabağına bir söz yaz, o söz ancaq ,,can” sözü olardı… Bu iki məsum körpənin yadında, yaddaşında ataları belə qalacaq əbədilik…Amma bir də hələ yol gələn körpəsi var Vüsalın-heç vaxt üzünü görməyəcəyi, qoxlaylıb öpə bilməyəcəyi, ata deməyini eşitməyəcəyi Məryəm..Üçüncü dəfə ata olacaqdı Vüsal…Yanvar ayında daha bir ciyərparası- qızı dünyaya gələcək.Adını da atası özü qoyub…Və doğmalarına da ,,Məryəmdən muğayat olun”,- deyə sanki bütün bu olanlar ürəyinə damıbmış kimi vəsiyyət edib Vüsal- Vətəni balalarından və öz həyatından da çox sevən şəhid kapitan… Bəli, əziz Şəhidimiz, sənin təkcə Məryəmin deyil, bütün arzuların bizə əmanətdir- bizim sənə əmanət etdiyimiz Vətən kimi, Torpaq kimi, Yurd kimi…Rahat yata bilərsən, qanın yerdə qalmadığı kimi yarımçıq arzuların da tək-tək həyata keçəcək.Nur içində uyu…
P.S: balaca Rüqəyyanın böyük söhbətindən dolan gözlərimi silərək sağollaşıb həyətə düşürəm…Tahir kişi bizi ötürmək istəyir, razı olmuram…Qapıdan çıxanda gözümə həyətdəki yarıtikili sataşır- Vüsalın 35 illik ömrü və arzuları kimi yarımçıq evi…Təki Vətən bütöv olsun, təki Torpaq bölünməsin, bu xalq və onun şəhid kapitan Vüsal kimi ogullarının arzuları bahasına da olsa belə…
Xatirə xatun,
yazar-publisist Bakı, 16.12.2020
Müstəqil.Az
La imagen puede contener: 5 personas, personas sentadas y personas de pie
Share: