Vətən anamızdır, analar hər gün nigaran qəlbiylə belə ağrayır

Vətən anamızdır, analar hər gün nigaran qəlbiylə belə ağrayır

Aida Adıgözəl

Cənab General Polad Həşimova

Yağan yağışlara baxma General,
oğlu əsgər olan belə ağlayır.
Vətən anamızdır, analar hər gün
nigaran qəlbiylə belə ağrayır.

Düşmən mərmiləri sayma General,
bu xalqın qalxanı qürurundandır.
Gördüyün bu yumruq, zindan kimi əl,
aldığı gücündən, Ordusundandır.

Düşmən səngərində durma, General
nə olsun dərədə duman sürünür.
Əlin göz üstündə uzaqlara bax,
gör hələ haracan Vətən görünür…

***
Şəhidlərə ağı

Yığın məni səngərlərdən,
göynədi, param göynədi.
Yandırdı yaxdı Şəhidlər,
göynədi, yaram göynədi!

Sürgün – sürgün köçüm gəldi,
ərgən – ərgən seçim gəldi,
vaxtsız vağam biçin gəldi,
göynədi, haram göynədi?!

Bükdülər çitdən kəfənə,
düzdülər səfi – səfinə
qarışdı dəfin dəfinə,
göynədi, xaram göynədi.

Seçdilər fərli payımı,
sındırdılar ox – yayımı,
Raqufumu, Poladımı,
göynədi, uram göynədii.

Qırmızı – Azadlıq şandım,
yaşıl – mavi – Bayraq andım,
sarılıq – Ölümü dandım,
göynədi, qaram göynədi.

***

Tovuzun Ağdam kəndindən olan iyul şəhidi Elşad Dönməz oğlu Məmmədovun

xatirəsinə ölərkən 6 aylıq qalmış körpə oğluna .

Nə nənən deyiləm, nə də ki anan,
nə bibin, nə də ki, xalan…
Üç gündür səni qoynumda yatırıram Körpəm,
süd verən döşüm olmasa da
səni kiritməyə çalışıram nəfəsimlə…
Gözlərinə baxa bilmirəm xəcalətdən,
o ürkək baxışına qurban oluram,
oxşayıram hələ qırxılmamış
ilk saçlarını əllərimlə…
Anan olmaq istəyirəm,
səni sevələmək istəyirəm,
sənə layla demək istəyirəm…
Axı sənə can borcum var, Körpəm!

Milyoner oluram xəyallarımda,
sənin bütün ehtiyaclarını ödəyirəm.
Bir ömürlük
azadlıq borcumu vermək istəyirəm
beləcə
Atanın qan çilənmiş xatirəsinə…
Amma, amma verə bilmirəm,
dünyanın ən əvəz olunmaz nemətini,
qaytara bilmirəm
ata tumarının dadını, zəhmli baxışlarını!
Diz çökürəm ürkək baxışların önündə,
ana olmayan ürəyimlə bağırıram,
dünyaya əmr edirəm, –
– Toxunmayın Körpəmə, toxunmayın!
Axı sənə can borcum var Körpəm…
Hər gecə rahat yatmağım üçün
sənin yetimliyinə borcluyam…
Bağışla məni Körpəm, bağışla…

Share: