VƏTƏN ÇAĞIRIR… – Şahnaz Şahin

VƏTƏN ÇAĞIRIR… – Şahnaz Şahin

Şahnaz Şahin

Şeir

VƏTƏN ÇAĞIRIR

 

Hər gün qulağımı bir səs oxşayır,

Könlümə yüz boya çəkən çağırır.

Ruhunu Vətənin ruhuna qatan,

Canını bayrağa bükən çağırır.

 

Sevinir hər çiçək, hər yarpaq, hər kol,

Bu qaya səsləyir, o dağ çağırır.

Murovdan o üzə süzür xəyalım,

Bütün varlığıyla torpaq çağırır.

 

Qisas deyib durub gör neçə ildi,

Məzarı dağılan ruhlar çağırır.

Aparır qan izi üzü Şuşaya,

Didilmiş bədənlər, başlar çağırır.

 

Ağrı-ağrı kəsir ağrılarım da,

Gözlərdə çırtlayan yaşlar çağırır.

O daş yaddaşına qurban olduğum,

Dərələr əl edir, daşlar çağırır.

 

Səngərdən səngərə qonur quş kimi,

Müzəffər ordunun qalib əsgəri.

Başının üstündə üçrəngli bayraq,

Yıxır sərhədləri, aşır sədləri.

 

Insantək dil açır hər çığır, hər iz,

Cəngi haraylayır, segah çağırır.

Get, sənə, igidim, uğurlar olsun,

Səni o müqəddəs sabah çağırır…!

 

 

Müstəqil.Az

Share: