“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının (DND) Donanmanın texniki istismarı xidmətinin mütəxəssisi Dəryanur Heybətov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təsis etdiyi 2022-ci il üçün “İlin peşəkar gənci” fəxri adına layiq görülüb.
Gənc nəslin müxtəlif sənət növlərinə, peşələrə və əmək fəaliyyətinə marağının artırılması, bacarıqlarının respublikamızın sosial-iqtisadi inkişafına səfərbər edilməsi və həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirilməsi məqsədilə təsis olunan mükafatı ona AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev təqdim edib.
Qeyd edək ki, Dəryanur Heybətov 44 günlük Vətən Müharibəsində adını tarixə yazdıran ASCO əməkdaşlarındandır. Haqq savaşında igidliklə döyüşərək yaralanan Dəryanur Heybətov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamları ilə “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.
Mənbə:“Seanews.az”