Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Ceyhun Həsənovun xatirəsi əbədiləşdirildi
Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən Müharibəsi Qəhrəmanı şəhid Ceyhun Həsənovun xatirə lövhəsinin açılış mərasimi olub. Öncə şəhidin II Fəxri xiyabandakı qəbri ziyarət olunub. Xatirə lövhəsi şəhidin yaşadığı Xətai rayonunda yerləşən evlərinin həyətində qoyulub. Tədbir bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla anmaqla başlayıb. Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin orkestrinin ifasında dövlət himnimiz səsləndirilib.
Mərasim Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanovun moderatorluğu ilə baş tutub. Şəhidin həyat və döyüş yolu haqqında məlumat verən Pənah müəllim bildirib ki, “Ceyhun Aydın oğlu Həsənov 1985-ci il oktyabrın 29-da Tovuz rayonunun Çeşməli kəndində dünyaya göz açsa da, Xətai rayonunda böyüyüb. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Qəhrəman zabitimiz öz şəxsi heyəti, 7 BMP, 4 tank, bir neçə başqa texnika ilə döyüşlərə qatılıb. Ceyhun Vətən Müharibəsində Xətai rayonunun ilk şəhididir. Belə tədbirləri keçirməkdə məqsədimiz şəhidimizin xatirəsini əbədiləşdirmək, gənc nəslə örnək olmaq və ailəsinə təsəlli verməkdir. Təsadüfi deyil ki, Hərbi Qənimətlər Parkı da Xətai rayonu ərazisindədir”.
Sonra Ceyhun Həsənovun məzun olduğu Xətai rayon Ədalət Abbasov adına 257 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib və şəhidin ibtidai sinif müəllimi Nəzakət müəllim şagirdi haqqında xatirələrini bölüşüb.
Şəhidin atası Aydın Həsənov çıxışında şəhid ailələrinə diqqət və qayğısına görə Ali Baş Komandan İlham Əliyevə təşəkkürlərini ifadə edib. Həmçinin xatirə lövhəsinin açılışına dəstək olduğu üçün Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevə və əziyyəti keçən hər kəsə minnətdarlığını bildirib.
Ardınca Vətən Müharibəsi Qəhrəmanı, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, qazi, polkovnik Nizami Mövlanov çıxışında təhsil aldıqları liseyin 17 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş məzunu olduğunu bildirib. Həmin məzunlardan birinin də xüsusi qəhrəmanlıqlar göstərmiş Ceyhun Həsənov olduğunu diqqətə çatdırıb. Şəhidliyindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Ceyhun Həsənovun “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmasını şəhidimizə verilən yüksək qiymət kimi dəyərləndirib.
Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri, qazi Anar Məmmədov şəhidin Naxçıvan və Beyləqanda hərbi xidmət keçdiyini, Vətən müharibəsinin ilk günündə – 27 sentyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəldiyini xatırladıb.
Şəhidin həyat yoldaşı vurğulayıb ki, “mən əminliklə deyə bilərəm, onun əkiz oğlanları Cahid və Cavidan atasının adına layiq böyüyəcək.
Şəhidin anası Səmayə xanım çıxışına “mən fəxr edirəm belə oğul böyütmüşüəm” – sözləri ilə başlayıb və əlavə edib ki, Ceyhun həmişə öncə Vətən, sonra Ana deyərdi. Səmayə xanım Ali Baş Komandana müraciət edərək bildirib ki, “Sizin Sərəncamlarınızla Ceyhun ən yüksək fəxri adla və beş medalla təltif olunub. O, bu haqqı qazanmaq üçün cəmi bir neçə saat döyüşüb, öz qanı bahasına ön xətti yarıb və qəhrəman olub. Müharibəyə qədər iki il Naxçıvanda qüsursuz xidmət edib. Döyüşlərdə sizin başladığınız “Dəmir yumruq” əməliyyatının dəmir biləkli fədakarlarından olub. 83 nəfər Vətən Müharibəsi Qəhrəmanı və onların silahdaşlarının cəsarəti sayəsində Qarabağ azad olundu. Mən istəyirəm ki, Qarabağın yolunu açan, mənim yeganə oğlumun evi ziyarətgaha çevrilsin, xatirəsi daim uca tutulsun”.
Bacısı Xatirə xanım çıxışında qeyd edib ki, “10 ay öncə torpağa tapşırdığımız qardaşım, cəmi bir neçə saatın içində Vətən Müharibəsi Qəhrəmanı adını qazanıb. Füzuli döyüşlərinin necə ağır olduğu hamıya məlumdur. Ceyhun məhz belə ağır döyüşün qəhrəmanıdır. O, cəmi bir günlük döyüşü ilə bir neçə düşmən postunu darmadağın edib. Qardaşımın əsl döyüşçü, əsgərlərinin sevimli komandiri olan bir zabit olduğunu nəzərə alaraq onun muzeyinin yaradılmasını xahiş edirik. Həmçinin adına məktəb və küçə olmasını istəyirik. Orta məktəb dərsliklərində Ceyhunun da döyüş yolunun şagirdlərə mənimsədilməsini arzulayırıq”.
Gülnar Səma
Müstəqil.Az