Vətən müharibəsinin üç döyüşçü şairi
(Emin Pirinin, Oğuz Alparslanın, Elvin İntiqamoğlunun şeirləri əsasında )
1992-ci illər şeirində Bəxtiyar Vahabzadənin, Xəli Rza Ulutürkün, Məmməd Arazın, Ələmdar Quluzadənin poeziyasında Qarabağ müharibəsi döyüşçülərinin real portreti canlandığı kimi, bu gün xalqımızın yaşadığı 44 günlük Vətən müharibəsində zəfər qazanan döyüşçünün rəşadəti sözün əsil mənasında poeziyanın misralarından daha yüksəkdə dayandı. Sabir Rüstəmxanlının, Zahid Xəlilin, Vahid Əzizin, Ümid Nəccarinin, Məmməd İsmayılın, Emin Pirinin, Əlizadə Nurinin, Avdi Qoşqarın, Mahirə Abdullanın, Xanım İsmayılqızının, Elnur Uğurun,Vaqif Aslanın,Oğuz Alparslanın, Elvin İntiqamoğlunun və yüzlərcə şairin yaradıcılığı döyüşçü əsgərlərimizin vətən uğrunda mübarizələrini, bu yolda canlarını qurban vermək sevgilərini, Vətən sevdalılarının obrazlarını canlandırdı.
İlk öncə döyüşçü şairlərin – Emin Pirinin, Oğuz Alparslanın, Elvin İntiqamoğlunun şeirlərindəki döyüşçü obrazından bəhs etmək istəyirəm.
Emin Piri 44 günlük müharibədə qələmini süngüyə çevirən şairlərimizdən biridir.
Yəqin, müharibədən öncə bunları yazmışdı, döyüşüb torpaqları xilas etməyi elə onda qarşısına məqsəd qoymuşdu, şəhidlər xiyabanında olanda. Yaşca özündən kiçik, şəhid olan əsgərlərin məzarları önündə bir əsgər yetişmişdi.
Bu yaşına görə
Şəhidlər Xiyabanında
18 yaşlı
baş daşları
utandırdı məni.
Məndən kiçikdi hələ
Məndən öncə doğulanlar
əmi deyib
üstümə qaçır başdaşları
bir əsgərin ölüm günü
baş daşının doğum günüymüş. (2)
Torpağı uğrunda canlarından keçən bu əsgərlərin qanı yerdə qaldığı, torpaqları düşmən tapdağı olduğu üçün özünü qınayan bir gənc sonradan döyüşçü olmaq, torpaqlarını azad etmək üçün bu məzarlar önündə xəcalət çəkə bilirsə o mübariz əsgər ola bilir.
Şəhid məzarlarını
mərmərə bükdük,
daş qoyduq başlarına
qalxa bilməsinlər
üzümüzə tüpürməyə.
( Emin Piri, “Başdaşları utandırdı məni”)
Emin Piri döyüşçü, əsgər kimi ön çəbhədə olsa da, poeziyasında əks etdiyi əsgər haqqında yaşananlar arxa cəbhədə də cərəyan edir. Əsgər və onun valideyinləri, əsgər və onun həyat yoldaşı, əsgər və onun körpə balası. Bu şeirlərdən də görünür ki, o nə həyatda, nə də ki, şeirlərində özünü düşünməyib. Elə müharibədə döyüşçü məhz belə igidlər ola bilir. Canını xalqı uğrunda, torpaqları uğrunda, ailəsi uğrunda, əzizləri uğrunda qurban verə bilən insan döyüşçü və şəhid ola bilir.
“Şəhid oğlunun dedikləri” şeirində bir ana var, bu ananın müharibədə şəhid olan ərinə demək istədikləri o qədər reallıqlar var ki, əsil müharibə nədir və döyüşdə şəhid vermək nədir, bu canlı tablodan görmək, yaşamaq olur.
Anamı heç elə görməmişdim
Atamı gətirəndə sıxmışdı əllərini…
Camaat görməsəydi
Yumruqlardı atamı:
“bu iki yetimə bəs kim baxacaq?!”
Müharibə həqiqətlərini, döyüşçünün arxa cəbhə üçün narahatlıqlarını və nigaranlıqlarını Emin Piri əslində elə cəbhədə olduğu üçün belə real verə bilib. Ailələri, valideyinləri, körpələri üçün bu qədər acı həqiqətləri görə bildikləri halda canlarını Vətən üçün qurban edə bilən döyüşçülər Emin Piri poeziyasında əks etdirilə bilir. Qazi olan bir döyüşçü obrazı da var şairin poeziyasında:
Müharibə əliliydi babam,
Aldığı təqaüdün qəpiklərini
Gizlədərdi əlində.
“Tapın görüm, hansı əlimdədi?
Pul, tapanındı”
Oynardı bizimlə.
Ancaq heç vaxt tapmadıq
Qəpikləri hansı əlində gizlətdiyini.
Görəsən, bilirdimi
Biz bilirik
Bir əlini müharibədə itirdiyini…
(“Babamın əlləri”)
Şairin “Sükutlu səngər”, “Ayağım özümdən qeyrətli çıxdı”, “Sağ qalan varmı?”…şeirlərində döyüşçülərimizin yaşadığı müharibə ağrıları və həqiqətləri poetik ifadəsini tapır.
Əsgər sinəsi axtarır
isinməyə
fevral şaxtasından
üşüyən güllə.
Müəllif döyüşçünun hər dəqiqə üz-üzə olduğu o anı ifadə etməsi ağrılı və eyni zamanda poetik anlamda güclüdür. 3-4 bəndlik şeirdə ön cəbhə-döyüşçünün yaşadığı həqiqət və arxa cəbhədə döyüşçüyə aşiq bir qızın sevgisi canlanır. Şairin hər əsgərin ölümü ilə “hər əsgər tabutu, bir ağ gəlinliklə köçər…əsgər deyil, sevən qızın arzularını götürüb gedər, hər atılan güllə” ifadəsi əslində müharibə dəhşətinin ən real faciəsidir. 3-4 bənddən ibarət şeirdə ön cəbhəylə arxa cəbhə bir araya gəlir.
Gecənin yarısı səngərə məktub yazan bir qızın, anasının “hələ yatmamısan” sorğusu və “üşüyürəm, ana, odun atıram sobaya” deməsi ən qiymətli poeziya nümunəsidir. Sevən qızın əsgər yolu gözləməsi poeziyamızda yeni bir tapıntı olmasa da, amma sonrakı məqamda sevdiyini itirən qızın sevgilisini itirməsində şair tərəfindən özünə məxsus şəkildə ifadəsi cəbhədəki ağrılı anların dəhşəti ilə yadda qalır.
Daha
gecələri oyaq qalmağa
soba yanında məktub yazmağa,
yalandan üşüməyə,
sobaya odun atmağa
ehtiyac yoxdu…
tağım komandirinin
səngərdən qıvrıla-qıvrıla
boğuq səsi gəlir:
kimsə sağdır?!
“İtirilmiş əllər” şeirində isə bir sevən qızın düşüncələri ağrılı və təsirlidir. Söhbət əlini itirmiş əsgərdən gedir. Hər zaman görüşəndə gözü əsgər sevgilisinin əlində olardı. Qız ona gül gətirən əsgərin yenə də gül gətirib-gətirməyəcəyini düşünərdi. Artıq ona gül verən o əllər yoxdu, sadəcə kitab vərəqlərində qurudulan o gül var. Və o qız sevgilisinin əllərini o güllərdə axtarır. Şeirlərinin çoxunda olduğu kimi bu şeirdə də arxa cəbhədəki hadisələr ön cəbhənin dəhşətlərini əks etdirir.
Görüşəndə
Sevgilisinin əlində
gözü axtarardı
ona veriləcək gülləri.
Indi
Kitabları arasında qurutduğu
Gül ləçəklərində axtarır
Sevgilisinin cəbhədə itirdiyi əlləri.
(“İtirilmiş əllər”)
Emin Pirinin yaratdığı döyüşçü-əsgər obrazı ən şox onun itirdiyi əli və yaxud ayağı ilə yadda qalır.
Oğuz Alparslan da 44 günlük müharibədə qələmini silaha dəyişən oğullarımızdandır.
İllər əvvəlki şeirlərində Xocalı faciəsini iliklərinə qədər yaşayan şair sanki bu faciəmizdən bir Azərbaycan oğlu kimi əzilir, qüruru qırılırdı. Oğuz Alparslan “Türkəm mən” şeirində özü-özünə söz verib, and içirdi. Şair 44 günlük savaşa da yollananda həmin şeiri səsləndirmişdi.
Al qana boyanan ,
Al bayrağım var,
Sinəmdə döyünən,
qurd ürəyim var,
mənim bükülməyən,
Türk biləyim var,
Türkəm mən!
Bozqurdam sözümün
ağasıyam mən,
Şimşək tək gurlayıb,
Çaxasıyam mən,
Dönüb Qarabağın yanan
köksünə,
yurdum Xocalıya yağasıyam mən. (3)
(Oğuz Alparslan ”Türkəm mən”)
Bu şeirlər zəfərə gedən yolun başlanğıcıdır. Bu ürəklə savaşa yollanan əsgərin qələbə qazanmaması mümkünsüzdür. Savaşdan sonrakı şeirində döyüşçünün məramı, amalı daha çox bəlli olur. Xocalıda erməni vəhşiliyini yaşayan qız-gəlinlərimiz, Azərbaycan qadını Oğuzun gözləri qarşısından bir an belə silinmədiyi Xocalıda erməni təcavüzünə məruz qalan bir körpə qıza yazdığı şeirdən məlum olur. Qələbə sevinici ilə vətənə dönən döyüşçü-şair Xocalı faciəsində erməni vəhşiliyinə məruz qalan körpə qızcığazla dərdləşir. Döyüşçü-şairin bu zəfərdən sonra bir az da olsa vicdanı rahatlıq tapdığı məlum olur.
Yaddaşımın qan yeri,
Oyan! Qaldır üzünü..!
Bax…sökülür dan yeri
“Otuz il”lik yaddaşına
bir daş at,
Xocalının dəhşətini yaşayan,
Erməni nifrətini öz bədənində
Daşıyan,
O balaca qızcığazın,
ağrıları dindimi?
Qarşımızda türk öğlu var və bu oğul düşməndən az da olsa qisasnı alıb. Əslində poeziyanın real döyüşçüsüdür Öğuz Alparslan. Poetik təfəkkürü reallıqdan tam ayrıla bilmir. Azərbaycan döyüşçüsünün düşüncəsi, qüruru bir istiqamətə yönəlib. Bu istiqamət ədalətin bərpasına tuşlanır. Döyüşçülərimizin təfəkkürü, gücü və mübarizəsi ədalətə xidmət edir, və ona görə də bu müharibə zəfərlə yekunlaşdı. Müharibədən zəfərlə dönən döyüşçü üzünü o məsum qızın xatirəsinə tutur. “Xocalıdan danışsam, ağrın dinərmi bir az?” bu sorğu kövrək duyğular oyatmaqla yanaşı iğid oğullarımıza qarşı fəxarət hissini gücləndirir. Əslində bu sualdan bir çox həqiqətlər də bəlli olur. Bu sualların illərdi döyüşçü-əsgərlərimizin ürəyində onlara əzab veridiyi bəlli olur.
Anam, bacım…qızcığaz,
Xocalıdan danışsam,
Ağrın dinərmi bir az?
Ayağın isinərmi?
Ürəyin isinərmi?
(Öğuz Alparslan”Adsız şeir”)
Bu sonluqdan içində az da olsa rahatlanan bir döyüşçü obrazı deyil, real bir döyüşçü görürük.
Elvin İntiqamoğlu da 44 günlük Qarabağ müharibəsində döyüşən şairlərimizdəndir.
Onun yaradıcılığında da müharibənin faciəsi canlandırılıb. Elvinin “Mühasirə” başlıqlı şeirində bir günlük müharibə həqiqətlərinin real yaşantılarını görürük. Şeirdə mühasirəyə düşmək təhlükəsini anladan döyüşçü-şair mühasirənin ölümdən ağır olduğunu anladır, şeirdə ölümdən deyil əsir düşməkdən ehtiyat edən əsgərlərin yaşantıları canlandırılır.
Rabitə xətlərindən asılı qalıb
Komandir:
Kömək edin, cənab
Polkovnik leytenant,
Kömək göndərin bizə;
Etibarsız çıxdı rabitə daşı…
Təki Vətən sağ olsun,
Çıxarın daraqları-
Içindən hərə bir güllə götürsün
Atsın cibə:
Ola bilsin oldu bizlər üçün son
Müharibə:
Mən onda bildim güllənin
Tərifin-
Bir dəqiqəlik sükut,
Bir ömrlük göz yaşı. (4)
(Elvin İntiqamoğlu “ Mühasirə”)
Müharibə həqiqətlərinin əksi döyüşçü-şair dilindən təbii və təsirli verilməklə yanaşı, həm də döyüşçü obrazının boyasız və real əksini görmək və müharibə facəsini yaşamaq mümkündür.
Şairin “Yağış suyu” (Müharibə xatirələrindən) silsilə şeirlərindən birində uca Tanrıyla bir döyüşçünün söhbəti yer alır. Qan yerinə yağış suyunun axmağını istəyən gənc döyüşçünün Tanrıyla söhbəti elə səmimi və içdən ifadə edilib ki, Azərbaycan əsgərinin bu savaşdan üzü ağ çıxmasını, Allahın o igidləri qorumasını döyüşçü-şairin dilindən həyacansız dinləmək olmur. Bu ifadələrdə rellıqla bədiilik birləşərək canlı tablolar yaradır.
Tanrı və savaşda hər dəqiqə ölümlə pəncələşən döyüşçü obrazı bitkin və canlıdır. “Allahım, bizləri sən qorudun, yenə qoru, qoyma, suya uduzaq, əlinlə sıx, suyun çıxart buludun…” döyüşçü şairin özünəməxsus düşüncəsi və duyumu maraqlı və fərqlidir. Bəlkə də Elvin buludların ağlamasını ona görə istəyir ki, anaların göz yaşını görmək bütün döyüşçü əsgərlər kimi onu da var ikən yox edir. Döyüşçünün yanında onu qoruyan ana yoxdu, yalnız göy üzündən onun ədalətli savaşını izləyən Tanrısı var. Döyüşən şairin axan qana fəlsəfi baxışı düşündürücüdür. Qanın yerinə yerdə yağış gölməçəsini yaratmaq üçün çırpınan döyüşçü Tanrıya sığınır. Tökülən düşmən qanı “Vətənin can yerinə” axdıqca əslində vətən azad olur, vətən olur, ideyası yeni olmasa da mükəmməl poetik ifadədir.
Axır düşmənin qanı
Vətənin can yerinə-
Yerdən narahat olma,
Sən su tök göydən yerə qan yerinə…
Döyüşçü şair qələbimizi, zəfərimizi bir az da palçıqlı gölməçələrə, yağış suyuna, onu yağdıran Tanrıya borclu olduğumuzu diqqətə çatdırır. Son bənddə Tanrıdan Qarabağımızın suyunu içə bildiyi qədər yağış istəyir. Bəlkə 30-illik həsrətimizi, nisgilimizi ancaq yağış suyu yuyub , təmizləyə bilər və ya erməni tapdağında qalan torpaqlarımız yağış suyundan sonra dirçələr, rahatlıq tapar və paklaşar.
Həsrətində olduğumuz torpağı
daddırdı bizə
Palçıqlı gölməçələr…
Qoyma, yağış dayansın,
Qarabağ suyunu içənə qədər…
Müəllifin ”Pəncərə” şeirində də fəlsəfi düşüncə maraqlıdır. Pəncərədən Qarabağa baxan döyüşçü-şair. Şeirin ilk misralarında Laçınla bağlı narahatlığı poetik sətirlərdən duymaq olur. Pəncərəni varlığını müxtəlif mənada diqqətə gətirən şair üç bəndlik şeirdə pəncərəni açmaq, qırıq pəncərəni bitişdirmək, pəncərəni örtmək ifadələrini dəyişik ideyada əks etdirir.
Bakı dəhlizindən yaxşı görünmür
Laçın pəncərələri-
Havası çatmır Vətənin, boğulur,
Açın pəncərələri…
Ikinci bənddə;
Otuz ildən sonra bağlaya bildik
Açıq pəncərələri-
Bitişdirdi torpağın şəhid qanı
Qırıq pəncərələri…
Sonuncu bənddə isə keçmişi qapamaq istəyən şair, bütün pəncərələrin örtülməsini arzu edir.
Qapıdan qovulan bir də gəlməsin,
Tutun pəncərələri-
Keçmişimiz təkrarlanmasın, örtün
Bütün pəncərələri…
(Elvin İntiqamoğlu “Pəncərə”)
Elvinin “Şəhid qızı” şeirində isə reallıq önə keçir. Bir şəhid qızının yaşantıları, anasının övladını necə ovundurması, yalan danışmağa məcbur oması diqqət çəkir. Bir ananın bu yalanları demək zorunda qalması çox real boyalarla işıqlandırılır. Ananın hər dəfə atasından oyuncaq istəyən qızına oyuncaq alması, atasını görmək istəyən övladına “ Atan yatıb sən də yat, işdən gəlsin yuxuna, evə gəlməyənədək” – deməsi yetərincə müharibə ağrılarını, şəhid verən qadınların yaşantılarını əks etdirə bilir. Hələ ana çox yalanlar deməyə məcbur olacaq. Bunların içərisində ananı ağrıdan bir məqam da var ki, bu, ananın qızına qurduğu xəyalla bağlıdır. Hər qızın arzusu ona elçi gələndə atasının elçilərinin qarşısına çıxması, qızına xeyir-dua verməsidir. Amma şəhid qızı bu arzudan da məhrum olacaq. Elvin ananın dilindən bu istəyi də poetikləşdirir ki, bu misralar ana kədərinin real boyalarla mükəmməl təsvirini ifadə edir.
Anan yalan danışır:
Atanın qismətinə əzrayıl elçi düşüb,
Sənin elçilərini
Qarşılaya bilməyəcək-
Toyunda qız atası
Ürəyindən keçənləri
Arzulaya bilməyəcək…
Bunlar yaşanan reallıqlardır. Şəhidlərimiz torpaq uğrunda canlarını qurban verməklə yalnız öz həyatlarından keçmirlər. Onların ailələri, xanımları, övladları da həyatlarında yaşıya biləcək bütün gözəllikləri qurban verirlər. Bu baxımdan bu məzmundakı bütün nümunələr təsirli və ağrılıdı. Bəzi məqamda Şəhid ailələrinə dövlətin və xalqımızın dayaq durması da hətta belə şəhid övladlarının xüsusi ilə duyğusal yaşantılarına təsir göstərə bilmir. Aşağıdakı misralar da bu baxımdan reallıqlara söykənir.
Anan yalan danışır:
Yalanlar da atan kimi bir gün yoxa çıxacaq-
Sinif yoldaşların sənə “Şəhid qızı”deyəcək…
Bilirsənmi nədi ən qəribəsi?
Tarix dərsində ağlaya-ağlaya
Yazacaqsan lövhəyə:
“İkinci Qarabağ müharibəsi…”
( Elvin İntiqamoğlu “Şəhid qızı”)
Son misradakı “İkinci Qarabağ müharibəsi” ifadəsi ilə müəllif 44 günlük müharibənin bizə yaşatdığı zəfər sevincləri ilə bərabər, torpaqlarımızın azadlığı uğrunda verdiyimiz şəhidlərimizi də yada salır.
Azərbaycan poeziyasında döyüşçü əsgər obrazını əks etdirən yüzlərcə şeir, poema artıq ədəbiyyatımızın dəyərli poeziya nümunələrinə çevrilib. Bu mövzu tənqidçi və ədəbiyyatşünasların diqqət mərkəzindədir. Günümüzün ən aktual mövzusu olan Azərbaycan əsgərinin şanına, hünərinə hələ çox şeirlər, dastanlar yazılacaq. Bu məqalədə üç döyüşçü şairin poeziya nümunəsi ilə tanış olduq, bu istiqamətdə araşdırmalarımız davam edir. 30 illik Qarabağ həsrətini bu xalqa unutdurub, zəfər sevincləri yaşadan Azərbaycan döyüşçüsünün obrazı hələ ədəbiyyatımızda uzun illər canlanacaq.
Ədəbiyyat
1. Yəhya Seyidov, “Qəhrəman və həyat”, “Azərbaycan ədəbiyyatı məsələləri”, Bakı, 1964, s.7
2. Emin Piri, “Müharibə şeirləri”, “Ədəbiyyat” qəzeti, 4.03.2021
3. Oğuz Alparslan, “Türkəm mən”, “Azad Qələm”jurnalı 3.1.2021
4. Elvin İntiqamoğlu “Mühasirə”, “Azad qələm” jurnalı 3.2.2021
Mərziyyə Nəcəfova
filologiya elmləri doktoru, dos.
Müstəqil.Az