Qaranlıq bir küçəyə daxil oluruq. Evlərdə işıq yanmır, birindən başqa… Hava qaralandan sonra döydüyümüz qapının işıqları yanır. Sanki balaca komanın da işıqları kimisə gözləyir. Ev yiyəsinə gələcəyimizi xəbər etdik. Çıxıb bizi qarşıladı. Üzündə bir təbəssüm vardı, gözlərinin kökündə kədər… Üç-dörd gün əvvəl cəmi 49 yaşı tamam olan bu qadının baxışlarında bir cüt ümid közərir… Tək yox, bir cüt… Sanki 49 yox, 490 ili ard-arda yaşayıb bu dörd ay yarımda…
Adı Rənadır, Rəna xala. Onun kədərli taleyi 27 sentyabrdan sonra başlamayıb, ikinci, üçüncü, bəlkə də dördüncü boyutuna qədəm qoyub. 27 sentyabrdan sonra isə havalanıb sanki… İki oğul yola salıb hərbi xidmətə. 44 günlük müharibədən əvvəl… Böyük oğlu bu ilin yanvarında qayıtmalı idi, hələ də xəbər yoxdur. Kiçiyi isə… İcazə verin, içəri keçək, ardını Rəna xala özü danışsın.
Rəna Kazımova Hövsan qəsəbəsinin yaxınlığında ayı 140 manata kirayə evdə yaşayır. Oğlanları Validlə Azəri də bu evdən hərbi xidmətə yola salıb. Pensiya alır. Ağır xəstədir. Dolanışığı da yaxşı deyil. Kirayə qaldığı komasının qapısında bizi ipdən asılmış paltarlar qarşılayır. Hələ islaqdır. Cəmi birotaqlı ev, içəridə soba yansa da ev soyuqdur. Hamımız üşüyürük, bircə Rəna xaladan başqa. Deyir ki, artıq bu evin soyuqluğuna öyrəşib. Gözü qapıdadır. Tez-tez birotaqlı evinin çöl qapısına sarı boylanır. Gah da pəncərəyə sarı baxır. Qəfildən bir anlıq gözünü bizə zilləyir:
– Oğlanlarımı gətirmisiniz?
Hamımız donub qalırıq. İlk sualı o bizə verir. Cavabsız gəlmişik. Söhbətə haradan başlayaq – deyə fotoqrafımın üzünə baxıram. Bir qarnı ac, bir qarnı tox, iki oğul böyüdüb, hərbi xidmətə yola salıb, elə bil ki, əlindən salıb. Onların yoxluqları 49 yaşlı bu qadını da yoxa çıxarıb…
***
Rəna Kazımova Lənkəranın Osaküçə kəndində doğulub. Ata-anasını erkən yaşda itirir. Ailədə iki bacı olublar. Universitetə daxil olur. Özü də Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə. Oranı bitirdikdən sonra bir müddət ixtisası üzrə çalışır. Sonra ailə həyatı qurur. Evlənəndən sonra həyat yoldaşı ilə Rusiyaya köçürlər. Üç uşağı Moskvada dünyaya gəlir. 2004-cü ildə sonbeşiyi, qızı 5-6 aylıq olanda həyat yoldaşını itirir. 2000-ci il təvəllüdlü Validi, ondan iki yaş balaca Azəri və körpə qızcığazını bağrına basıb vətənə qayıdır. Əvvəlcə Lənkərana, ata yurduna gedir. Orada qala bilmir. Ata mülkünü satıb, təhsil aldığı Bakı şəhərinə üz tutur. Burada Lənkəranda satdığı evin puluna mənzil almaq istəyir, mümkün olmur. Ayrılıqların, məhrumiyyətlərin kompası, qibləsi Rəna xanıma sarı dönür…
***
Rəna Kazımova həmin günləri belə xatırlayır: “Yoldaşım Arzunu itirəndən sonra üç uşağıma baxmaq üçün kirayələrdə, küçələrdə qaldıq. Bu uşaqları minbir əzab-əziyyətlə saxladım, böyütdüm. Dilənirdim, dəmir-dümür satırdım… Bir qarın çörəkpulu qazananda elə sevinirdim ki… Deyirdim ki, ay Allah, sənə çox şükür, bu gecə də uşaqlarım ac qalmayacaq”.
Bu sözləri deyəndən sonra səsi xırıldayır. Dediklərini hıçqırıqla yoğurur:
– Mən sənə neyləmişdim ki, ay Allah?! Niyə mənim balalarımı yoxa çıxartdın?!..
Sonra gözünün yaşını silir, gülümsəməyə başlayır:
– Gələcək, Validim də gələcək, Azərim də… Qapıdan girən kimi ayaqlarından öpəcəyəm ciyərparələrimin. Qoxularını doyunca içimə çəkəcəyəm (dərindən, amma qırıq-qırıq nəfəs alır)
Rəna xanım söyləyir ki, 2 il yarımdır ki, Hövsanda kirayədə qalır. Ondan əvvəl isə harada bir qarın çörək tapıbsa, uşaqlarını orada böyüdüb. Son 15-16 ildə Bakını dörd dolanıblar: “Uşaqlarım orta məktəbə gedə bilmədi. İmkanımız olmadı oxutmağa… (gözləri dolur, qısa sükutdan sonra davam edir)… Bir az boyları çıxan kimi küçələrdə dəmir-dümür yığmağa başladılar. Onu satıb qəpik-quruş qazanır, evi dolandırmağa körpə və çəlimsiz canları ilə mənə kömək edirdilər. Sonra bir az da böyüdülər, kafelərdə ofisiant işlədilər. Sonra mən xəstələndim. Dəva-dərmanla yaşayıram. Şəkər xəstəsiyəm. 470-490 şəkərim olur…”.
Rəna xala dərman qutusunu açır. Dərmanları göstərir. Xəstəliyi gözlərini də zəiflədib. Gözlük taxır. Telefonuna baxanda əlinə lupa da alır. 2019-cu ilin iyul ayında böyük oğlu Kazımov Valid Arzu oğlunu həqiqi hərbi xidmətə yola salır. Bu, Validin evdən son çıxışı olmur: “Valid məzuniyyətə gəlmişdi. Balakəndəki hərbi hissələrdən birində qulluq edirdi. Sərhəd qoşunlarının əsgəri olub. Valid məzuniyyətdən getdikdən sonra Azərim getdi. O məzuniyyətə gəlmədi… (hönkürür)”.
Sonra Validli, Azərli günlərinin xatirələrini əşyalarla, sözsüz ifadə etməyə çalışır. Oğlanlarının ona aldığı milli geyimli suvenirləri göstərir:
– Bax, bunu Azər alıb, balacam, bunu da Valid… (kövrəlir)
***
Rəna xanım deyir ki, Valid evə gələndən sonra özündən iki yaş balaca qardaşı onun əynindəki hərbi formanı görüb sevinib, həvəslənib:
– Dedi ki, ana, 18 yaşım tamam olan kimi mən də əsgər gedəcəm, hərbi biletim olacaq. Elə də elədi, kafedən əsgərliyə getdi. Füzuli bölgəsində xidmət etməyə başladı. Ara-sıra zəng edirdilər.
– Zəng edərkən nə deyirdilər?
– Bircə onu deyirdilər ki, ana, özündən muğayat ol, dərmanlarını vaxtında iç. Özünə qulluq elə – söylədikləri bu idi. Valid deyirdi ki, məndən sarı narahat olma, yaxşıyam…
– Bəs hansı nömrələrdən zəng edirdilər?
(Pəncərənin qabağındakı mücrünü ehmalca götürüb önünə qoyur. Saralmış kağız parçasını çıxarır):
– Valid bu nömrə ilə zəng edirdi, 070 58468** , Azər isə 051 66772** – bununla… Kimin telefonu olduğunu bilmirəm. İndi bu nömrələrə zəng çatmır.
Biz də telefonumuzla nömrələri yığırıq. Ananın dediyi düz çıxır. Nömrələrin heç birinə zəng çatmır.
***
Rəna xanım böyük oğlu ilə sonuncu dəfə Vətən müharibəsinin başladığı gün telefonla danışıb. Ondan sonra səsini eşitməyib. Həmin gün isə anasına bunları deyib:
– Dedi ki, ana, bizi Balakəndən çıxardılar. Hazırda Göygöl rayonuna, oradan Daşkəsənə, daha sonra Murovdağ istiqamətinə gedəcəyik.
Bu, Validin anası ilə son telefon danışığı olur və Validdən bir daha xəbər ala bilmir. Kiçik oğlu Azərdən isə heç beş saniyəlik zəng də gəlməyib.
Vətən müharibəsindən sonra Rəna xanımın yuxusu ərşə çəkilir. Gecələr yata bilmir. Telefonun başında gözləyir ki, bəlkə oğlanlarından zəng gələ, gəlmir. Zəng gözlədiyi telefonuna layla deyir. Vaxtilə bu telefondan səsini eşitdiyi övladlarının yerinə bu telefonu oxşayır.
Müharibə bitir, həsrət yox. Üzü dönmüş ayrılığın yönü Rəna xanımdan dönmür. Deyir ki, dolanışığı pis olsa da, dövlətdən, hökumətdən heç nə istəmir: “Mənə heç nə lazım deyil, balalarımı istəyirəm. Mənim kimim, kimsəm yoxdur iki oğlumdan başqa… Bir xəbər desinlər, 470 şəkərlə ölümlə pəncələşirəm. Ölmədən oğlanlarımın boynunu qucaqlamaq istəyirəm. Müharibədən sonra oğlanlarımdan bir xəbər yoxdur. Nə Füzulidən xəbər gəldi, nə də Murovdan… Əgər kimsə oğullarımı görübsə, mənə xəbər versinlər. Gözlərim qapıda, yollarda qalıb… Yerini desinlər, gedib orada axtarım… Bircə kəlməlik də olsa xəbər versinlər…”.
Rəna xala sarı simdə ağlayır, hönkürtü vurur. Hıçqırıqları da Segah, Humayun üstədir. Birdən gözü ekrandakı ayağını itirmiş qazilərə sataşır. Dövlət onları ağıllı protez ayaqlarla təmin edib. Bir qazini görüncə ayağa qalxmaq istəyir:
– Gör necə göyçək oğuldur, Azərimə oxşayır. Amma o deyil… (hönkürür)
***
Sən demə, Rəna xanım 1992-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə yollanır. O zaman tələbə imiş. Laçında, Güləbirddə yaralı əsgərlərə xidmət edir. Yaralıları döyüş meydanından çıxarır. Söylədiyinə görə, “polk”un içində olurlarmış. Ermənilər Güləbirdi işğal etdikdən sonra aşağı enirlər. Oradan imkan olduqca xəbərlər hazırlayır. Bir müddətdən sonra isə geri qayıdır. Mücrüdəki vəsiqəsini göstərir. 2004-cü ilin jurnalist vəsiqəsidir. “Aşkarlıq” qəzetinin xüsusi müxbiri olduğu yazılıb…
***
Qırıq-qırıq sözlərlə danışır. Hər cümlənin başında “Valid”, sonunda “Azər” deyir Rəna xanım. Gah ümidlənir, gah da əli ətəyindən üzülür. Hər sözünü göz yaşı ilə yoğurub, təzə qoydurduğu dişlərinin arasında yoğurub çıxarır ağzından:
– Heç olmasa bir xəbər deyin, sağdırlarsa, övladlarımı verin, şəhiddirlərsə, bir ovuc torpağını gətirin – deyib əllərini dizinə çırpır.
***
Azərlə Validin şəkillərini istəyirik. Cəmi bir şəkil tapıb çıxarır, o da Validin şəklini. Səbəbini soruşuruq:
– Bir təşkilatdan gəlmişdilər. Dedilər ki, oğlunuzu axtaracağıq, bu məsələni işıqlandıracağıq. Mən də sevindiyimdən bütün şəkilləri götürüb onlara verdim. Ona görə də indi məndə şəkil yoxdur.
Əllərini üzünə çəkir Rəna xala, göz yaşları ilə üzünü silir. Kədərin boyunu hər gün göz yaşları, ağıları ilə ölçən bu 49 yaşlı qadının alın yazısını alnındakı qırışlardan qaşıyıb çıxarmaq istəyirəm… Alınmaz, Tanrının qələminə and olsun, alınmaz… Gücüm çatmaz… Kimsənin gücü çatmaz, bircə Validlə Azərdən başqa…
***
Rəna xala arada övladları ilə bağlı xəyallarından da danışır: “Validlə Xalid gələn kimi onları evləndirəcəyəm. Əhd eləmişəm. Atalarının da yerinə sevinəcəyəm, öz yerimə də… Bir az pul yığarıq, bu kirayə qaldığımız üçün-beşə birotaqlı evi Validə verərik. Sonra yolun qarşı tərəfində boş torpaq sahəsi var, odeee orada (əli ilə göstərir), hələ ki, gözümlə qaralamışam, Azərlə də biz orada bir ev tikib yaşayarıq…”.
Rəna xala itkin oğulları ilə bağlı xəyallarını hıçqırıqsız, təbəssümlə danışır. Özü də qırıq-qırıq yox, aydın cümlələrlə…
İçimdən bir səs püskürür yanaqlarıma, üzümə, gözümə… Dodağaltı başımı aşağı dikib öz-özümə pıçıldayıram:
– Sizi and verirəm, hərbi formanıza, əgər sağsınızsa, qayıdın, bu ananın sizinlə bağlı elə gözəl arzuları var ki… O arzuları tabuta qoymayın, o arzulara gəlinlik donu geydirin, o xəyalları öz ocağınızla isidin…
İtirmək qorxusu ilə arzular qurmaqdan o tərəfi yoxdur, İlahiii…
Rəna xala sonra xəstəlikdən şişmiş, sarğılı ayaqlarını göstərir:
– Gedə bilmirəm, çəliklə hərlənirəm… Yoxsa Murovdakı, Füzulidəki hərbi hissələri bircə-bircə gəzərdim. Mənim yerimə gəzəcək başqa kimsə də yoxdur. Daha dözə bilmirəm. Nəfəsim daralır, içim odlanır, oğul… Balalarım qapıdan girən kimi onların da, onları gətirənin də ayaqlarından öpəcəyəm (gözləri yenə dolur)…
Birdən Rəna xalanın gözü mənə sataşır:
– Səncə, sağdır mənim balalarım?
Tutuluram. Amma çox fikirləşmirəm:
– Əlbəttə sağdır, yəqin set tutmur, Laçında, Kəlbəcərdə xidmətdədirlər çox güman ki, qar əriyən kimi gələcəklər… Bəlkə də müharibədən sonra orduda qalıb xidmət ediblər. Bəlkə də zəng eləməyə telefonları yoxdur. Ön xətdə telefon işlətməyə icazə vermirlər axı.
Cavabım qane eləmir:
– Yalan danışa da bilmirsənee…
Dilim gəlmir soruşmağa ki, bəs sizin ana hissiyatınız nə deyir, Rəna xanım, sizcə sağdırlarmı?…
***
Rəna xanımı soyuq və yarıqaranlıq otağında iki oğul həsrəti və onlar üçün qurduğu xəyalları ilə baş-başa qoyub çıxırıq. Qapıdan çıxanda bizə son dəfə yalvarış dolu səslə müraciət edir:
– Sizin də ananız var, boyunuza qurban, balalarımı tapın, mənim arxam, köməyim yoxdur. Heç kimə çıxa bilmirəm. Gələn dəfə gələndə Validimlə, Azərimi də gətirin…
Qapıdan evə girəndə fikir vermədiyim epizoda birotaqlı, rütubətli komanın çıxışında gözüm sataşır. Rəna xalanın ipdən asdığı nəm paltarların arasında təkcə özününkülər yoxdur. İki kişi pijaması da var… (Publika.az)
P.S: Əgər bu yazını oxudunuzsa, ananızın şəklini Publika.az-da gördünüzsə, gəlin, ay Valid, ay Azər… Qorxmayın, ananız evə gec gəldiyiniz üçün sizi döyməyəcək.
P.SS: Amma ayağınızla gəlin, kimlərinsə çiynində yox… Bu dar küçədə toy mağarı qurdurun… Bu nəmişli pilləkənlərdə sevib-seçdiyiniz qızlara ananızın cehizlik boşqablarını qırdırın, ay zalımlar… Bircə qayıdın, Murovun qarı əriyən kimi geri dönün ikiniz də… Ayrılığın üzünü döndərin o yana…