VƏTƏN SİZƏ OĞUL DEYİR… – Rəfiqə Qasımqızı…

VƏTƏN SİZƏ OĞUL DEYİR… – Rəfiqə Qasımqızı…
VƏTƏN SİZƏ OĞUL DEYİR
Vətən uğrunda əzmlə döyüşən hər bir əsgərimiz qəhrəmandır!
Allah şəhidlərimizə rəhmət eləsin!
Allah vətən uğrunda döyüşən hər bir əsgərimizi qorusun,vətən uğrunda döyüşlərdə yaralanan əsgərlərimizə şəfa versin,sağlamlığına qovuşdursun.
Bu gün səninlə qürur duyuram,vətən oğlu,əzizimiz Sərxan Gəncəli(Sərxan Rafael oğlu Yolçuyev).Vətən uğrunda deyib döyüşlərə qatılan,ürəyi VƏTƏN eşqi ilə çırpınan,VƏTƏNƏ ANA deyib bağrına basmağa hər an hazır olan,BAYRAĞINI köksü üstündə,ürəyinin başında əzizləyib,gözü kimi qoruyan,yazdığı şeirlərini Vətənlə başlayıb Vətənlə qurtaran qəhrəman əsgər oğlum,səninlə fəxr edirəm.Bu gün sənin qorxmazlığın,igidliyin özü bir örnəkdir.
Yaralandığın döyüşlər bizi qələbəyə uğurlayır,sənə və  döyüş bölgəsində yaralanan əsgərlərimizə allahdan şəfa diləyirəm,tezliklə sağlamlığına qovuşmağı arzu edirəm.
Əziz balam, torpağa igid qanı qarışırsa o VƏTƏN olur.
Bu gün ilk qələbəmizin müjdəsini hospitalda
alanda sevincindən yəqin ki,sızıldayan yaralarının
ağrısı bir az azaldı.
Artıq qələbə soraqlı günlər yaşayırıq.
Gözün aydın olsun.
Yastığın yüngül olsun, əzizim.
Sən bizim qürur yerimizsən!
Qələbə sevinci yaralarının məlhəmi olsun inşallah, əzizimiz  Sərxan.
Yaşasın Azərbaycan əsgəri!
***
Vətən sağ olsun
Bayrağım ucalıb nurunu saçar,
Zirvələr sevinclə bayrağı qucar.
Qarabağ, baxtını ordumuz açar,
Əsgərim söyləyir, Vətən sağ olsun!
Uğrunda ölməyə, vətən hazıram,
Yaralı sinənə zəfər yazaram.
Darıxma, düşmənə qəbir qazaram,
Oğullar söyləyir, Vətən sağ olsun!
Vətəni qoruyan oğul yetirən,
Oğul kürəyindən çəpər bitirən.
Bir kişi əzmilə hərbə ötürən,
Atalar söyləyir, Vətən sağ olsun!
Oğullar yatanda astaca gəzən,
Xırda üzüntünü gözündə sezən.
Evində darıxan, sükutdan bezən,
Analar söyləyir, Vətən sağ olsun!!
Qardaş varlığından güc qüvvət alan,
Uğurlar diləyib, nigaran qalan.
Xəfif gülümsəyib, xəyala dalan,
Qardaşlar söyləyir, Vətən sağ olsun!
Arxa bilib, şəstlə qardaş səsləyən,
Qəlbində bitməyən sevgi bəsləyən.
Qulluğunda durub hər gün süsləyən,
Bacılar söyləyir, Vətən sağ olsun!
Qucağında körpə, boynunu buran,
İgid arxasında mərdanə duran.
Öz eşqi yolunda min xəyal quran,
Gəlinlər söyləyir, Vətən sağ olsun!
04.10.2020
Rəfiqə Qasımqızı.
Müstəqil.Az
Share: