“Vətən uzaqda deyil” , o – qəlbimizdədir …

“Vətən uzaqda deyil” , o – qəlbimizdədir …

Dos., dr. Rəsmiyyə Sabir

“Vətən”! Bu bir sözdə nə qədər məna ifadə olunur?…  İndiyə kimi, bu sualın cavabını kimsə verə bilməyib və bəlkə də, bundan sonra da cavablandıran olmayacaq…

Sözümüzün əvvəli VƏTƏN, sonu VƏTƏN!…

Sənə nə qədər şeirlər yazılıb, mahnılar bəstələnib, romanlar, bədii və sənədli filmlər həsr olunub… Lakin heç biri sənin qüdrətini ifadə edə bilməyib. Sənə olan sevgimiz o qədər böyükdür ki… Səni nə qədər vəsf eyləsək də, bu sevgini tam şəkildə ifadə edə bilmirik.

Nə qədər uzaqda olsaq belə, sən hər zaman ən yaxınızmızda, qəlbimizdə olmusan. Sənin varlığından ilhamlanmışıq… Üçrəngli bayrağını görəndə qürurlanmışıq…

İllər əvvəl Vətən mövzusunda mühacirin dilindən bir şeir yazmışdım:

Haraya getdimsə,

Səni özümlə apardım.

Sən məni

özündən azad etdin.

Mən səni

içimdə həbs etdim.

Getdiyim qürbətə,

səni qəlbimdə daşıdım,

səcdəgahım Vətən!

Ancaq

heç nə dəyişmədi.

Nə mən

sənin övladın

olmaqdan qurtardım.

Nə də

sən mənim

Anam olmaqdan…

Bu bir həqiqətdir, hara getsək, Vətəni özümüzlə aparırıq…

Elə Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin və İctimai Televiziyanın birgə layihəsi olan “Vətən uzaqda deyil” verilişinin qəhrəmanları kimi… Dünyanın dörd tərəfində yaşayan soydaşlarımız hansı ölkəyə getməklərindən asılı olmayaraq Vətəni – Azərbaycanı özləri ilə aparıblar… Soydaşlarımızın uzaq-uzaq diyarlarda yaşadıqları evlərdə hər zaman Azərbaycan bayrağını, Vətəni xatırladan, simvolizə edən əşyaları görmək olur… Ən əsası da ürəklərdəki Azərbaycan… Haradan baxsan, görə bildiyin Vətən!…

II Qarabağ Savaşında – Böyük Vətən Müharibəsi günlərində dünyanın dörd tərəfindəki soydaşlarımızın həmrəyliyinin bir daha şahidi olduq… Şanlı tarix… Həmin günlərdə dünya Azərbaycanlılarının ürəyi Qarabağda döyünürdü… Bütün məsafələr yox olmuşdu…

Şanlı zəfərimizə dəstək aksiyaları, bayram şənlikləri… Bu yerdə Türk Dünyasının ünlü yazarı, Azərbaycan əsilli şair Yavuz Bülənt Bakilərin şeirindən bir misra yadıma düşür:

Azərbaycan – ürəyimdə bir şah damardır…

Harada yaşamasından asılı olmayaraq Azərbaycan – bütün soydaşlarımızın ürəyində bir şah damardır…

Bu qeyd etdiklərimi tanınmış jurnalist Vəsilə Vahidqızının aparıcısı olduğu “Vətən uzaqda deyil” adlı silsilə verilişlərdən də görmək olur. Verilişin məqsədi dünyanın dörd yanında yaşayan, yaradan Azərbaycanlıları cəmiyyətə tanıtdırmaq, onların Azərbaycanla bağlı fəaliyyətlərini təbliğ etməkdir.

Bildiyimiz kimi, televiziyaçılığın bir neçə – informasiya vermək, maarifləndirmək və əyləndirmək kimi funksiyaları var. “Vətən uzaqda deyil” verilişi hər üç funksiyanın öhdəsindən uğurla gəlir.

“Vətən uzaqda deyil” verilişi xaricdə yaşayan Azərbaycanlılarla müəyyən mənada körpü rolunu oynayır. Bu veriliş, tamaşaçıya soydaşlarımızın məskunlaşdıqları ölkələrdəki diaspora fəaliyyəti, Azərbaycan üçün gördükləri işlər haqqında tamaşaçıya məlumat ötürməklə yanaşı, həm də Vətəndən uzaqda olan digər soydaşlarımız üçün “Vətənimiz adına nə etdik və nə edə bilərik?” ismarıclarını verir. Fikrimcə, bu çox önəmlidir. Harada olmağımızdan asılı olmayaraq hər birimiz – “Mən Vətənim üçün nə etmişəm?” devizi ilə yaşayıb yaratmalıyıq. Belə olduqda arzuladığımız Vətəni görə biləcəyik…

Məlum olduğu kimi, televiziya verlişlərinin xüsusiyyətlərindən biri də, efir vaxtı ərzində tamaşaçını yormadan ona informasiyanı ötürməkdir. Fikrimcə, “Vətən uzaqda deyil” verilişinin komandası buna nail ola bilib. Süjetlərin üslubu, təqdimat forması və s. o qədər ustalıqla müəyyənləşdirilib ki, tamaşaçı verilişin necə başa çatdığını bilmlir. Süjetlər bir-birindən fərqli və maraqlıdır. Məsələn, biz burada Azərbaycan dilinin başqa xalqlara öyrədilməsi, ölkəmizin müxtəlif həqiqətlərinin  dünyaya çatdırılması, Azərbaycanın mövqeyinin gücləndirilməsi, elm, təhsil, biznes sahəsində fəaliyyət göstərən qabaqcıl soydaşlarımızın uğurları və s. haqqında məlumat ala bilirik. Mən “speaksocial” platformasının gənc yaradıcısının Azərbaycanlı olduğunu məhz bu veriliş vasitəsilə öyrəndim və qürur duydum.

“Vətən uzaqda deyil” verilişi, həm də maarifləndirmə funksiyasını yerinə yetirir. Verilişdəki tarixi faktlara söykənən (Qarabağın tarixi), elmi-texniki yeniliklərlə bağlı müxtəlif sujetlər buna bariz nümunədir.

Verilişdə “Blits şərh” rubrikası da yer alır. Bu rubrika xaricdə yaşayan jurnalistlərimizin, ictimai fəallarımızın müzakirə platformasıdır. Burada onların fəaliyyətləri, Azərbaycan həqiqətlərini dünyaya çatdırarkən qarşılaşdıqları çətinliklər müzakirə olunur, tamaşaçı bu mövzularda məlumatlandırılır. Bu, Azərbaycanla bağlı informasiyaların, həqiqətlərin dünyaya çatdırılması nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, XXI əsri “İnformasiya əsri” adlandırırlar. Biz, 44 günlük Böyük Vətən Müharibəsində bunun bir daha şahidi olduq.

“Vətən uzaqda deyil” verilişi Azərbaycan mədəniyyətinin, Azərbaycan dilinin təbliğatçısıdır. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımız öz ana dillərini qürbət ellərdə nəinki özləri yaşadırlar, eyni zamanda onun təbliğatçısına çevrilirlər, ətrafdakı insanları Azərbaycan dilini öyrənməyə sövq edirlər. Bundan gözəl nə ola bilər?…

Verilişdə, həmçinin dünyanın müxtəlif ölkələrdə fəaliyyət göstərən “Azərbaycan evləri”nin fəaliyyəti ilə də tanışlıq imkanlarımız olur. “Azərbaycan evləri” mədəniyyətimizin, incəsənətimizin dünyaya çatdırılmasında mühüm rol oynayan mərkəzlərdir.

“Vətən uzaqda deyil” verilişi öz tamaşaçısına təkcə informasiya verməklə kifayətlənmir, az da olsa əyləndirir. “Yad oğlu, yad qızı” rubrikası bu qəbildəndir. Lakin bu rubrika, heç də hazırda efirlərdə baş alıb gedən bayağı əyləncə deyil. “Yad oğlu, yad qızı”, düşündürə-düşündürə əyləndirən bir rubrikadır.

Beləliklə, “Vətən uzaqda deyil” verilişi Vətənini sevənlərin, sevdirənlərin verilişidir…

“Vətən uzaqda deyil”, o – qəlbimizdədir…

 

Share: