Dekabrın 11-dən etibarən Ermənistanda kütləvi aksiyalar başlaya bilər.
Müstəqil.az Musavat.com-a istinadən xəbər verir ki, həmin gün ölkənin ikinci prezidenti Robert Köçəryanın həbsdən azad olunması tələbilə piket və mitinqlərin keçirilməsi qərarının veriləcəyi gözlənilir.
Artıq “Prezidentə azadlıq” təşəbbüs qrupu bununla bağlı bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, mövcud hakimiyyət konstitusiyanı və Ermənistan qanunlarını kobud şəkildə pozub. Təşəbbüs qrupu hakimiyyətin məhkəməyə təzyiq etdiyini, ermənilərin milli maraqlarına zidd Dağlıq Qarabağı müdafiə komitəsinin sədri, “artsax qəhrəmanı”, “Dağlıq Qarabağın birinci və Ermənistanın ikinci prezidenti”ni həbs etdiyini bildirib.
“Biz, Ermənistanın bir qrup vətəndaşı baş verənləri antikonstitusion cinayət kimi qiymətləndirərək, bu dəhşətli qanunsuzluqlara özümüzün həlledici səsimizi qaldırmağa hazırlaşırıq”.
Təşəbbüskarlar mübarizənin mitinq mərhələsini elan etdiklərini bildirərək, hər bir vətəndaşı onlara qoşulmağa çağırıblar. “Piket və mitinq günü 11 dekabrdan başlayacaq. Bizimlə birləşin!” – deyə bəyanatda qeyd edilir.
Göründüyü kimi, “Qarabağ klanı” N.Paşinyan hökumətinə savaş elan edib. Qarşıdakı günlərdə siyasi hərarətin güclənəcəyi şübhə doğurmur.
Qeyd edək ki, daha əvvəl sabiq müdafiə naziri, Ermənistan Respublika Partiyasından deputatlığa namizədliyini irəli sürən Viqen Sərkisyan ölkədə vətəndaş müharibəsi xəbərdarlığı etmişdi.