Son zamanlar Daxili İşlər Nazirliyi (DİN) tərəfindən kiber-cinayətkarlıq halları ilə bağlı vətəndaşlara davamlı olaraq müraciətlər edilir. Əlbəttə ki, buna görə başda Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov olmaqla bütün polis əməkdşalarına təşəkkür edirik.
Vətəndaşlarımızın kiber talamaya məruz qalmamaları üçün Daxili İşlər Nazirliyinin kiber-maarifləndirmə çağırışları Nəsimi rayonunda da həyata keçirilir. Əhalinin bu istiqamətdə məlumatlandırılması üçün Nəsimi rayonu 19-cu polis şöbəsinin sahə inspektoru Zaur Ələkbərov tərəfindən də aidiyyəti sahə üzrə təbliğat-maarifləndirmə tədbirləri davam etdirilir.
Vətəndaşlara qarşı kiber-üsulla törədilən cinayətlərin qarşısının alınması məqsədilə paylanılan maarifləndirmə tədbirləri bunlardır:
1. Whatsapp vasitəsilə xarici nömrələrdən pul qazanmaq məqsədilə gəlmiş mesajlardakı linklərə daxil olmayın. Məsələn, sizə xarici nömrələrdən müxtəlif mesajlar gəlir, mesajlardakı səhifələrə keçid etdikdə sizə müəyyən məbləğ pul qoymaqla daha çox qazanc əldə etmək vədi verirlər. Siz də səviyyələri keçdikcə məsələn 10 manat qoymaqla 20 manat, 20 manat qoymaqla 50 manat, 100 manat qoymaqla 200 manat və s. təklif edirlər. Ən sonda məbləğ yüksəldikcə siz daha çox pul qoyursunuz və nəticədə aldadılmış olursunuz.
2. Mesaj vasitəsilə poçt və yaxud başqa adla karqoların çatdırılması ilə bağlı ünvan yaxud kart məlumatlarını qeyd etməyin. Məsələn, siz onlayn qaydada hər hansı xarici alış-veriş səhifəsindən alış veriş edirsinizsə karqoda sizin ünvan məlumatlarınız qeyd olunur. Sizə Azərpoçt yaxud buna bənzər hər hansı başqa bir adla mesaj gəlir ki, karqonuzu ünvana çatdırmaq üçün ünvan, səxsiyyət vəsiqəsi, kart məlumatlarınızı yeniləyin. Siz də bu məlumatlarınız yenilədikdən sonra sizin kart məlumatlarınız və şəxsiyyət vəsiqənizdəki Fin kodunuz(7 rəqəmli fərdi identifikasiya kodunuz, şəxsi məlumatınız) vasitəsilə kartınızda olan bütün pulları çəkirlər.
3. Turbo.az saytında yerləşdirilmiş elanlarınızla bağlı beh atmaq yaxud digər məqsədlər üçün kart məlumatlarınızı (3 rəqəmli məxfi kod və ya OTP kod) paylaşmayın. Məsələn, siz avtomobilinizi satmaq istəyirsiniz və saytda elan yerləşdirirsiniz. Daha sonra sizə zəng gəlir ki, Azərbaycanda deyiləm siz kartınızı, vəsiqənizi göndərin mən beh atım. Siz də kart nömrənizi, şəxsiyyət vəsiqənizi, kartın arxasında olan məxfi “CVV”(kartın arxasında olan 3 rəqəmli məxfi kod) kodu göndərirsiniz və nəticədə kartınızdan pullar çəkilir.
4. Lalafo.az, Tap.az, Bina.az, və bu kimi saytlarda yerləşdirdiyiniz elanlarla bağlı onlayn qaydada sizdən beh atmaq üçün kart məlumatlarınızı istədikdə kart məlumatlarınızı (3 rəqəmli məxfi kod və ya OTP kod) paylaşmayın. Məsələn, siz evinizi yaxud hər hansı başqa bir əşyanızı saytlarda satmaq məqsədilə yerləşdirirsiniz. Sizə zən gəlir ki, kart nömrənizi göndərin müəyyən qədər beh göndərək, siz kart nömrənizi verdikdən sonra dələduzların müxtəlif əməliyyatlarından sonra sizin şəxsi nömrənizə kod gəlir “OTP”(mesaj bölməsinə gələn pulların çıxarılmasını təsdiq etmək üçün lazım olan 6 rəqəmli kod) kodu, və sizin nömrənizə gəlmiş bu kodu soruşurlar siz bu koduda dedikdən sonra kartınızdan bütün pullar çəkilir.
5. Xarici və yaxud yerli mobil nömrələrdən zəng edib özünü hər hansı bankın əməkdaşı kimi təqdim edən, kartınızdan pul vəsaitinin çıxarılmasına cəhd edildiyini bildirən şəxslərlə inanmayın və heç bir dialoqa girməyin. Məsələn, sizə hər hansı nömrədən zəng gəlir və özünü bank əməkdaşı kimi təqdim edən şəxs kartınıza dələduzlar tərəfindən müdaxilə edildiyini söyləyir və kartınızın bloklanması lazım olduğunu deyib sizi aldadıb bütün məlumatlarınızı istəyir və siz təbii olaraq həyəcanlanıb ona bütün məlumatlarınız verirsiniz. Kart nömrənizi, kartın arxa hissəsində olan “CVV” (kartın arxasında olan 3 rəqəmli məxfi kod) məxfi kodu deyirsiniz və bütün pullarınızı çəkirlər.
6. “Facebook”, “Instagram”, “Telegram” kimi sosial şəbəkələrdən missiyalar keçərək pul qazanmaq məqsədilə göndərilmiş linklərə daxil olmayın. Məsələn, bu sosial şəbəkələr vasitəsilə sizi müxtəlif səhifələrə yönləndirirlər. Sizə bu səhifələrdə müxtəlif əşya və predmetləri reklam etməklə pul qazanmaq vədi verirlər. Daha sonra səviyyələr artdıqca sizə pul qoyub daha çox pul götürməyi vəd edirlər. Daha sonra siz 20 manat qoyub 50 manat götürürsünüz, 200 manat qoyub 300 manat qazanırsınız. Sonda böyük məbləğ yatırım edəndə sizi aldadıb sizə qarşı dələduzluq edirlər.
7. “Facebook” sosial şəbəkəsindən səhifəyə keçid edərək, SOCAR- a, BP-ə hər hansı bir tanınmış şirkət adından müraciət edərək hərbir vətəndaş, hər ay 5000(beş min) manat pul gəlir əldə edə bilər kimi reklam çarxlara aldanmayın. Məsələn, vətəndaşlara “Facebook” sosial şəbəkəsi vasitəsilə dələduzların düzəltdikləri reklam çarxlarında SOCAR-a müraciət et və hər ay 5000(beş min) manat pul qazan kimi məlumatlara inanmayın. Siz belə səhifələrə keçid etdikdən bir qədər sonra sizə xarici nömrədən zəng gəlir, özünü “Socar” ın əməkdaşı kimi təqdim edən şəxs sizdən bütün məlumatlarınızı qeyd etməyinizi istəyir. Siz də bu məlumatları verdikdən sonra (kart nömrənizi, fin kodunuzu, mobil nömrənizi) kartınızda olan bütün pulları çəkirlər.
8. Dələduzluq faktını başa düşdükdən sonra boş bank kartınızı (içərisində pul olmayan) paylaşmayın. Məsələn, sizə hər hansı dələduzluq əməlinin həyata keçirməyə çalışan şəxs zəng edir. Və siz də bunu başa düşüb, həmin şəxsin əməlini ifşa etmək məqsədilə ona içərisində pul olmayan kartınızı göndərirsiniz. Həmin boş kartla bir bank sistemi vasitəsilə dələduzlar sizin digər hesablarınıza daxil olmağı bacarıb pul çəkə bilirlər.
9. Mobil telefonlarınızı sazlamaq üçün proqromistlərə verdikdə diqqətli olun. Məsələn, siz hər hansı telefonunuzu telefon mağazalarında işləyən usta və ya proqromistlərə verdikdə telefonunuzda olan məlumatları yeni telefona köçürmək istəyərkən telefonunuzda heç bir bank tətbiqini açıq saxlamayın.
10. Sosial şəbəkələrdən müəyyən səhifələrə girib bilet almaq məqsədilə kart məlumatlarınızı heç bir cədvəldə qeyd etməyin. Məsələn, siz hər hansı bir sosial şəbəkədən bilet almaq məqsədilə hər hansı səhifəyə keçid edərkən. Bilet almaq üçün sizə cədvəl formasında anket məlumatlarınızı və kart məlumatlarınızı qeyd etmək üçün səhifə açılır. Siz həmin səhifədə şəxsi məlumatlarınızı qeyd edən zaman kartınızda olan bütün pullar dələduzlar tərəfindən çəkilə bilir.
11. “Instagram” və bu kimi sosial şəbəkələrdən onlayn qaydada kredit vermək məqsədilə tanımadığınız şəxslərlə şəxsiyyət vəsiqənizi, fin kodunuzu, kart məlumatlarınızı heç bir halda paylaşmayın. Məsələn, sizə instagramda kredit verilir, faizə pul verilir, faizə kredit və s. bu kimi adlı səhifələrdən mesaj yazırlar ki, rəsmi iş yeri olmadan kredit verilir. Siz də bu kimi səhifələr aldanıb şəxsiyyət vəsiqənizi və kart nömrənizi atırsınız. Daha sonra sizə deyirlər ki, sizə kredit verilməsi üçün balansınızda ən azı 300 manat, 500 manat, 700 manat və s. məbləğ olmalıdır. Sizdə kartınızın balansını artıran kimi kartınızdakı pulları çəkirlər.
12. Bankomatlarda (Terminallarda) pul vəsaitlərinizi çıxardıqdan bir müddət sonra hesabınızda olan pul vəsaitləri oğurlanır. Məsələn, siz pul çıxartmaq üçün terminala yaxınlaşırsınız kartınızı daxil etmədən WİFİ (simsiz əlaqə) vasitəsi ilə pulunuzu çıxardıqdan sonra sizin səhifə açıq qalır növbədə olan şəxs bundan istifadə edərək hesabınızda olan digər məbləğdə pulu öz hesabına göndərir və yaxud Bankomatdan çıxarır. Bu kimi hallarda pul çıxardıqdan sonra 20 saniyə gözləyin səhifəniz bağlansın.