Vətənpərvər şair, gözəl insan, vəfalı dost

Vətənpərvər şair, gözəl insan, vəfalı dost

Uca Allah yaratdıqları içərisində ali varlıq olan İnsana öz nurundan bəxş edib. Ona görə işıqlı insanlar Allahı bizə daha da yaxınlaşdırır, Ona olan şükrümüzü çoxaldır. Belə işıqlı insanlardan biri də, Yurd, Ocaq, Böyük Vətən sevgisi ürəyinin başında güllənən şair Musa Aslanxanlıdır.

Onun şeirlərini çoxları kimi mən də oxumuşam. Özünü isə sosial şəbəkədəki dostluğumuzdan tanıdım. Bəli, Musa müəllimin bəzi yaşıdları kimi özünü gözdən salan nə bir şəkil paylaşdığını, nə də artıq, şit sözlərlə ortaya çıxdığını görmədim. Hələ onun dostluqda, yoldaşlıqda necə vəfalı olduğunu demirəm. Özü də, necə deyərlər, vəfasızlıqdan şıkayətləndiyimiz bir vaxtda… Odur ki, bu yazını onun şairliyi ilə bərabər həm də çoxumuza nümunə olan şəxsiyyətinə hörmət əlaməti olaraq yazram.
 
Dost olan layiqdi dosta tən gələ,
Nə çox yolumuza qurulub tələ…
Gör kimlər dəyirman işlədir hələ,
Gör kimlər dəyirman daşından keçir!…
 
Musa, sözlərini saxla yarıda
Xalq öz sabahını gərək yarada.
Sənin də taleyin ulu dünyada
Xalqın baharından, qışından keçir…
 
Müəllif bu şeiri 1993-cü ildə yazıb. Yurdumuzun yağmalandığı, qəlbimizin talandığı bir vaxtda… Öz taleyini yurddaşlarının taleyi bilən, yurdu düşmən tapdağında olan, amma ümidini, inamını heç vaxt itirməyən və qələmini süngüyə çevirən bir şairin ürəyi döyünür bu şeirdə
 
Bütöv Vətən – bu niyyət var,
Bayraq olan həqiqət var.
Bu bayraqda bir qüdrət var
Yüksəklərə çəkər məni!
 
Nümunə gətirdiyim “Çəkər məni” adlı bu şeir də, həmin ildə yazılıb. Göründüyü kimi, müəllifin şeirlərində sızlamaq, ağlamaq yox, “Bütöv Vətən” uğrunda böyük mübarizə eşqi var.
 
Bər-bəzəkli düşmənə bax,
Al geyindi, qurdu duzaq.
Canda təpər, başda papaq,
Qanda qeyrət istəyirəm!
 
Köçkün düşdük, üç il, beş il…
Hanı Zəfər yazılmış il?
Allah, səndən ömür deyil,
Bir az möhlət istəyirəm!
 
“İstəyirəm” adlı bu şeir isə 1996- cı ildə yazılıb. Doğma ocaq, yurd həsrətinin qəlbimizi yandırdığı, gözlərimizə qara kölgələrin endiyi, bizim üçün dünyanın işığının azaldığı bir vaxtda… Bax həmin anda şair qəlbi qisas hissi ilə yaşayır. Allahdan ömür deyil, möhlət istəyir ki, düşmənlərdən qisas alaq, onun layiq olduğu cəzasını verək, müqəddəs torpaqlarımızdan silib-süpürək… Evindən, ocağından didərgin düşən şair ürəyi daha yaşamağı unudur, bu günkü Zəfər gününü görmək üçün Yaradandan ömür deyil, bir az möhlət istəyir…
Musa Aslanxanlı 1950-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub. Orta təhsilini doğma kənd məktəbində alıb. 1973-cü ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakültəsini bitirib. Doğma rayonda, sonra isə məcburi köçkün kimi məskunlaşdığı Biləsuvarda illərlə müəllim işləyib. Milli qəhrəman Vəzir Orucova həsr edilmiş lirik-epik poemanın daxil edildiyi “Ad günləri qarşıdadı” (2006), “Şuşaya gedən yol” (2011), Şəhidlər haqqında yazılmış oçerklərdən ibarət “Üz tutmalı ömürlər” (2013) və başqa kitabları çap edilib.
M.Aslanxanlı Cəbrayıl azad edildikdən sonra doğma kəndinin görüşünə gedib. Şairin doğulduğu torpaqda illərdən sonra keçirdiyi hissləri ifadə etmək o qədər də, asan deyil…
 
Torpağımız daha kol-kos bitirməsin,
Yurd yerləri
Xan çinarlı, bərəkətli bağlar olsun…
Sozalmasın, ümidiylə, inamıyla nəğmə desin
Həkərimiz, Qarqarımız, Tərtərimiz,
Arazımız çağlar olsun!
 
Amin! Musa Aslanxanlının şeirləri haqqında çox söz demək olar.
Amma bunun üçün gərək Vaqif Yusifli kimi bir tənqidçi, Kamil Vəli Nərimanoğlu kimi ədəbiyyatşünas olasan… (İkisi də M.Aslanxanlının şeirləri haqqında gözəl fikirlər yazıb).
Bu ZƏFƏR ətirli günlərdə gözəl şairimizə bir daha gözaydınlığı verir, ona cansağlığı və daha böyük uğurlar arzu edirik!
 

Mina Rəşid

 

 

 

Share: