“Valideyn himayəsindən məhrum uşaqların gələcək həyatını dəyişdirəcəyik” -SƏDR

“El Qayğısı” Valideyn Himayəsindən Məhrul Olmuş Uşaqlara Yardım İcimai Birliyinin yeni sədri Elnur Quliyev ilə açıq söhbət

-Birliyiniz nə vaxt dövlət qeydiyyatından keçib?

-“El Qayğısı” Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Yardım İcimai Birliyi 19 mart 2009-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Baş Notariat İdarəsində dövlət qeydiyyatına alınmışdır. İctimai Birliyi 2009-2019-cu illər təsis edən İlham Əliyev Süleyman oğlu qanuni təmsil etmişdir, 10 aprel 2019-cu il tarixindən təşkilatın idarə etmə sistemində dəyişiklik olmuşdur və ümumi yığıncağın qərarı ilə İctimai Birliyin yeni qanuni təmsilçisi olaraq sədri seçilmişəm.

Yeni qanuni təmsilçi olaraq, təşkilatın yeni formatda fəaliyyət göstərməsi ücün tədbirlər planı işləyib hazırlanmasını təşkil etmişəm.

-Məqsəd və hədəfləriniz nədən ibarətdir?

Məqsədimiz və hədəflərimiz təşkilat üzvləri və vətəndaşların diqqətini cəlb etməklə valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətimizə sağlam şəkildə inteqrasiyana olunmasında dövlətimizə kömək etməkdir. Ümumiyyətlə müasir dünyamızın qlobal problemlərindən biri də valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi, onların təhsil almasına şəraitin yaradılması və cəmiyyətə inteqrasiyasının həyata keçirilməsidir. Keçmiş sovet respublikalarında olduğu kimi ölkəmizdə də bu sektorda bütün yük dövlətin üzərindədir. Qərb ölkələrində isə dövlətlə yanaşı özəl sector və vətəndaş cəmiyyəti də bu istiqamətdə olduqca fəaldır. Düşünürəm ki, Azərbaycanda da vətəndaş cəmiyyəti və özəl sektorun valideyn himayəsindən məhrum uşaqların təlim tərbiyəsi, cəmiyyətə inteqrasiyası işlərinə cəlb edilməsi müsbət nəticələrə səbəb olacaqdır.

-Hər hansı qeyri-hökumət təşkilatı yaxud dövlət qurumlarindan maliyyə yardımı almısızmı?

İctimai Birliyin rəhbərliyinə yeni başladığımdan onu deyə bilərəm ki, hələlik ancaq üzvlərimizin imkanlarından istifadə edirik. Lakin, biz “El Qayğısı” İctimai Birliyi olaraq yeni layihələrin üzərində işləyirik və bu layihələrin icra olunması üçün xeyirxah insanların və təşkilatların dəstəyini təmin etməyə çalışacağıq.

-Bəs fərdi sahibkarlar və iş adamları necə? Maliyyə yardımları ilə bağlı onlara müraciət etmisinizmi?

-Fərdi sahibkarlar və iş adamları öz fəaliyyətlərində olan məhsullar və vasitələrlə yardım etmələrinə şərait yaradacağıq. Bu cür hüquqi və fiziki şəxslərin dəstəyinin varlığına əminik. Onların arasında xeyiriyyəçilik edənlər əksəriyyət təşkil edir. Məhz onların istəklərini həyata keçirmək ücün bizim təşkilat kimi vasitəçi təşkilatlara ehtiyacları var. Düşünürəm ki, bu işin öhdəsindən müvəffəqiyyətlə gələ biləcəyik. Biz bu sahədə innovativ ideyaların tətbiqinə çalışırıq. Fikirləşirik ki, bu kateqriyadan olan uşaqların normal gələcəyinin təmin edilməsi üçün onlara birbaşa maddi yardımla yanaşı davamlı maddi rifahlarının təmin edilməsinə şərait yaratmaq lazımdır. Belə uşaqların müxtəlif peşələr üzrə hazırlanması, onların fəaliyyəti üçün iş mərkəzlərinin yaradılması xüsusi əhəmiyyətə malikdir. Əminəm ki, ətraflı araşdırmalar aparıb iqtisadi cəhətdən səmərəli istehsalat müəssisələri qurmaqla və ya xidmət sektoruna daxil olmaqla valideyn himayəsindən məhrum uşaqların gələcək həyatını dəyişdirəcək layihələr həyata keçirmək mümkündür.

-Bəy,  dini aspektdən  yanaşsaq  “Sag əlin verdiyini sol əl bilməməlidir”, bu mənada etdiyiniz yardımları ictimailəşdirmək nə dərəcədə dogrudur? Olmaz ki ,sag əlin verdiyini sol əl bilməsin!?

Düzgün qeyd etdiniz. Ancaq görülən işin şəffaflığını ortaya qoymaqla göz önündə edib, mərhəmətli insanların əməlini daha da geniş auditoriyalara çatdırmaqla, bu sahədə ehtiyacı olan azyaşlılara diqqəti artırmağın daha düzgün olduğunu düşünürük. Belə bir misal da var ki, “Gözdən uzaq olan könüldən iraq olur”. Məqsədimiz bu sahəni  göz önündə saxlamaqla könüllərdə yaşatmaqdan ibarətdir.

-Sizcə valideyn himayəsindən məhrum olmuş uşaqların himayəsində dövlət dayanmalıdır, yoxsa qeyri-hökumət təşkilatları?

-Əvvəlki sualarda buna demək olar ki, bir az aydınlıq gətirdim. Hamımızın bildiyi kimi, valideyin himayəsindən məhrum olmuş uşaqlara dövlət qayğısı daim mövcuddur.

Ancaq cəmiyyət olaraq hər birimizin vətəndaşlıq və insanlıq borcudur ki, özümüzdən başqa digər vətəndaşlarımızı və cəmiyyətimizi  düşünək.

Məqsədimiz gələcəkdə cəmiyyətimizdə vətənpərvər və savadlı gənclərin yetişdirilməsində aktiv şəkildə rol oynamaqdan ibarətdir.

Gülər H.

 

Share: