(Azərbaycanın bütövlüyü uğrunda canından keçərək şəhidlik pilləsinə ucalmış qəhrəmanlarımıza Allah rəhmət eləsin, vaideynlərinə səbr versin! Unudulmazların ruhları şad olsun!)
Vals. Şopenin məşhur valsı.
Son günlər bu valsın səsini tez-tez eşidirəm. O, qulağımda ürəyimi, vücüdümu titrədə-titrədə səslənir.
Bu axşam yenə həmin valsın səsiylə çökür qaranlıq. Ay sakitcə dənizin üzərində görünüb işığını ətrafa salır.
Dəniz, Ay və Şopenin valsının müsiqi sədaları altında rəqs…
Budur, özüm də bilmədən mənə tərəf uzanan əllərdən tutub rəqsə dəvəti qəbul edirəm.
Vals birlik, cütlük rəqsidir. Rəqs edənlərin fikri həmişə bir-birində olsa da, çalışırlar ki, addımlar düz atılsın. Yalnış atılan addım rəqsi məhv edə bilər.
Bəşəri bir valsı mənimsəmək keçdi ürəyimdən. İstədim, bu vals tək mənim olsun… Ona görə də əllərimi mənə uzanan əllərdən qoparıb valsı tək başa vurmaq istədim… Başım fırlanana qədər rəqs etdim…
Amma xəyalən əlindən tutduğum biri var idi… Mən onunla cəmi bircə dəfə bu valsın müsiqisi altında rəqs etmişdim… Onda elə bilirdim ki, dünyanın ən xoşbəxt gəliniyəm. Mən onu sevirdim. O, mənə mənimçün yaşamağa söz vermişdi… O gün, valsdan çəmi bir gün sonra, getdi və… bir daha qayıtmadı…
İndi burada göz yaşlarımı da silə bilmirəm, çünki əllərim onun əlindədir.
Gözəl valsa tək oynamaq günahdı,
Al əlimi, əl gözləyir nə vaxtdı,
Gəl, qınama sənə gələn bu baxtı.
Sən özünçün vağzalı bil bu valsı…
Bunu mənə o deyir, Şəhidim… Ömrü, arzuları, ümidləri yarımçıq qalan şəhidim!
Dedim axı, vals çütlük rəqsidir… Bəs niyə mən bu axşam təkəm? Bəs niyə xəyalən mənə uzadılan əlləri əllərimdə belə bərk sıxmışam? Niyə göz yaşlarımı silə bilmirəm..?
Tək-tənha dövr edirəm gecənin qaranlığında…
Uzaqdan isə, gah Şopenin valsının, gah da vağzalının səsi gəlir…