Tehran ƏLİŞANOĞLU
1. Dirçəliş
Bugün Qarabağ dirçəliş dövrünü, özünəqayıdış dönəmini yaşayır. Otuz illik əsarətdən qurtularaq tədricən canlanır, real həyatına qayıdır. Bunu biz Vaqif Poeziya günlərində əyani olaraq gördük; otuz ilin özgəliyindən, qorxunc yuxularından xilas olaraq isti nəfəsi ilə, gülümsəyən siması ilə bizi qarşılayan, ağuşuna alan doğma Şuşanın timsalında gördük. Bütün cismi hələ yaralı olsa da, qəlbi qəmgin, ağrılı xatirələrdən hələ qopmasa da, Şuşanın ruhunu diri gördük; Azərbaycan Prezidentinin dediyi kimi: “Şuşanın bərpası 14 yanvardan başlamışdır. Şuşanın dirçəlişi çox sürətlə gedir”. Gecələr orda-burda, hardasa çənbərində gizlənməyə çalışan hər cür qaranlıqları yarıb sayrışan Şuşanın işıqlarını gur, inamlı, günəşli günlərə açılan səhərlərini əzmli gördük. Otuz ilin qaramatlığından sonra biz Şuşanı gülərüz gördük.
Qarabağın dirçəlişini Azərbaycan Prezidentinin Vaqif Poeziya günlərinin açılışında etdiyi yığcam və məzmunlu, xalqa, ictimaiyyətə hesabat xarakterli növbəti çıxışından da eşitdik, bilavasitə təsdiqini gördük. Prezidentin Şuşaya hər səfəri intibaha və inkişafa sübut addımlarla müşaiyət olunur. M.P.Vaqifin məqbərəsinin bərpası və ikinci açılışı ilə birgə, şairin büstünün, dahi bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin, xalq artisti Bülbülün Ev muzeyinin, Xalça muzeyinin, Qarabağ mehmanxanasının bərpadan sonrakı açılışları və s. tədbirlər mədəniyyət paytaxtı Şuşaya can gəldiyini, həyatın qayıtdığını göstərən hadisələr oldu.
Dirçəliş havasını biz, Zəfər yolu ilə Şuşaya doğru yüksəldikcə daha da yaxından hiss edir, duyurduq. Bu yolla Ali baş komandan İlham Əliyevin öndərliyi ilə ilk olaraq misilsiz qəhrəmanlıqlar göstərmiş, şəhidlər verərək Şuşanı yenidən fəth etmiş müzəffər ordumuz keçmişdi. Karvanımız sanki irreal, amma hər an, gözümüzün qabağındaca real, görünən, zühur edən başqa bir zamana və məkana – Vaqif Poeziya günlərinə doğru şütüdükcə, ruhuna min-min rəhmət oxuduğumuz şəhidləri anır, tarix yazmış Azərbaycan əsgərinin fətholunmaz ruhunu keçdiyi yollardan, dərələrdən-çaylardan, dağlardan-daşlardan, çöllərdən-meşələrdən sormağa, oxumağa çalışırdıq. Gözümüzün qabağında vəhşi düşmənin viranə qoyduğu Füzuli şəhəri, bir-birini arxada qoyan evlərin, kəndlərin ağlagəlməz, heyrətamiz dağıntıları və hər an bu mənzərənin üstündən xətt çəkməyə, vətən torpağını özünə-əslinə qaytarmağa tələsən quruculuq işləri: möhkəm təməllər üzərində irəli şütüyən Zəfər yolu, heç vəchlə ondan geri qalmaq istəməyən yüksək gərginlikli elektrik xətləri, işıq dirəkləri, tikintisi başa çatmaqda olan Füzuli Hava Limanı, dağları-daşları yarıb həyat yoluna çevirən müasir texnika, qurulan tunellər, salınan körpülər… Böyük Vətəndən otuz ildir ayrı düşdüyümüz vətənə – Qarabağ torpağına körpülər bərpa olurdu. Baxdıqca, sevindikcə, külli-Qarabağı belə, quruculuq içində görmək keçirdi könlümüzdən…
2. Real və simvolik
Bugün Qarabağda yaşadığımız real hadisələrin sanki həm də bir simvolik mənası vardır. Bu məqama Azərbaycan Prezidenti də çıxışında diqqət çəkdi. Bu il məhz yanvarın 14-də Şuşaya səfərinin təsadüf olmadığını vurğuladı. Bu tarix Ulu öndər Heydər Əliyevin Molla Pənah Vaqif məqbərəsinin 39 il öncə açılışını etdiyi gündür. Həmin 1982-ci ilin iyul ayında Vaqif Poeziya günlərinin əsası qoyulmuş, Ümummilli liderin respublikaya rəhbərliyi dövründə daha bir mədəniyyət hadisəsinə rəvac verilmişdir. 2021-ci il yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyev tezliklə Şuşanın dirçəldiləcəyini, mədəni həyatının özünə qaytarılacağını, Xarı bülbül musiqi festivalının, Vaqif Poeziya günlərinin keçiriləcəyini bəyan edəndə nə qədər inanılmaz görünsə də, böyük sevincimizə, Heydər Əliyev Fondunun da təpər verdiyi bu yüksəliş tempi gözümüzün qabağındaca artıq reallıqdır. Bugün işığına yığışdığımız Vaqif Poeziya günləri bizi yarım əsr öncəyə, Azərbaycan mədəniyyətinin daha bir dirçəliş dövrünə, möhtəşəm yubileylər, festivallar, ədəbiyyat günləri, poeziya bayramları ilə müşaiyət olunan Heydər Əliyev epoxasına qaytardı. Ulu öndərin Şuşada böyük təntənə ilə Vaqif məqbərəsini ucaltması, sonraya saxlamadan qarlı qış günündə açılışını etməsi, yayda poeziya günlərinin keçirilməsi cidd-cəhdlə Qarabağı azərbaycansızlaşdırmağa çalışan qurnaz erməni siyasətinə qarşı düşünülmüş bir addım, Heydər Əliyevin rəhbərliyi dövründə gerçəkləşdirdiyi çoxsaylı tarixi-mədəni tədbirlərdən daha birisi idi. Burda da bugünlə bir səsləşmə görürəm. 44 günlük müharibədə tam məğlub olmuş düşmən öz mənfur xasiyyətindən əl çəkməyib, yenə də bütün dünyada vay-şivən qoparır, Şuşanın erməni şəhəri olduğunu sübut üçün cəfəng dəlillər axtarır…
Vaqifə qayıdış həm də elə Qarabağın tarixinə qayıtmaq deməkdir. Azərbaycan mədəniyyəti də, tarixi də, şəksiz ki, çox qədimdir. Amma müasir Azərbaycan mədəniyyəti, cəsarətlə demək olar ki, Qarabağdan başlayır, xanlıqlar dövründən nəşət tapır. Akademik Nizami Cəfərov tədqiqatlarında Vaqif dövrünü Azərbaycan milli varlığının intibahı kimi xarakterizə edir. Ədəbiyyatşünaslarımız, Firidun bəy Köçərlidən başlayaraq, istisnasız, Azərbaycan ədəbiyyatının yeni, çağdaş dövrünü M.P.Vaqif və müasirlərinin adı ilə bağlayır. Hələ M.F.Axundzadə yeni şeirin banisi olaraq Qarabağda M.P.Vaqifi və Q.Zakiri göstərirdi. Azərbaycan realist ədəbiyyatının M.P.Vaqifdən başlandığı bugün yekdil fikir olaraq qəbul edilir. Orta çağlardan qoparaq dünyəvi təfəkkürün, yeni həyat fəlsəfəsinin ilk ifadəçisi də “Toy-bayramdır bu dünyanın əzabı” deyən Vaqifdir. Qarabağ – Azərbaycan muğamının, Sadıqcanın yaratdığı Azərbaycan tarının vətənidir. Yeni Azərbaycan musiqisinin nəzəriyyəsi də Mir Möhsün Nəvvabın simasında, praktikası da ustad muğam ifaçılarının nümunəsində Şuşada, Qarabağda yaranmış, tüm Azərbaycanı əhatə etmişdir. Şuşanın özü, Nizami Cəfərovun dediyi kimi, intibahın yetirməsi, intibah hadisəsidir. Şəhərin əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuş, Azərbaycan milli ruhunun ifadəçisinə çevrilmişdir…
Daha bir intibah faktı. XIX əsrdə, sanki xanlıqlar dövründən yadigar qalan məclislər hərəkatı hər xanlıq mərkəzində bir məclislə təmsil olunurdusa, Xan qızı Natəvanın yaşadığı Şuşada iki idi: “Məclisi-üns” və “Məclisi-fəramuşan və ya xamuşan”ın timsalında. Əlbəttə, hamımıza məlum bu hadisələri təkrar xatırlatmaqda məqsədim: dirçəliş havasını yaşadığımız bu günlərin real olduğu qədər də simvolik mənasına diqqət çəkməkdir.
Belə ki, Azərbaycan adına müstəqilliyimizin də ilki XVIII əsr xanlıqlar hərəkatına gedib-çıxır. Müasir Azərbaycan cəmiyyəti və dövlətçiliyi məhz xanlıqlar dövründə formalaşmış, təşəkkül tapmış, ilkin müstəqillik təcrübəsinin dadına baxmışdır. İbrahimxəlil xanın – xan, Molla Pənahın vəzir olduğu Qarabağ xanlığı bunun ən parlaq təzahürlərindən idi. Ruhları şad olsun! Qarabağ xanlığının o zamankı geopolitika şəraitində yaşadığını bugün Azərbaycan dövləti eynən, daha böyük miqyasda yaşayır, dəf etməli olur.
Azərbaycan xalqı 200 ildən də çox işğal faktoruna rəğmən, müstəqillik ehtirası və əzmini ən müxtəlif və çətin dövrlərdən keçirib bugünə gətirmişdir. Azərbaycan cəmiyyəti, Azərbaycan varlığı heç bir şəraitdə inkişafından qalmamış, intibah ruhunu XIX əsrdə çar üsul-idarəsinə qarşı etiraz və maarifçilik hərəkatında, XX yüzilin əvvəllərində romantizm və milli istiqlal hərəkatında, sovet dönəminin Azərbaycan naminə müqavimət hərəkatında hifz edərək bizə ötürə bilmişdir. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətini də və üstündən yetmiş il keçəndən sonra müstəqil Azərbaycan dövlətimizi də yetirən həmin milli intibah ruhu – müstəqillik əzmidir.
Çıxışlarının birində Azərbaycan Prezidenti İlham Əliyev xatırladırdı ki: 44 günlük Vətən müharibəsində biz yalnız torpaqlarımızın azad olunması ilə, erməni işğalına son qoymaqla qalib olmadıq, həm də 200 ildir Qafqazda yuva salmış erməniçilik üzərində qələbə çaldıq. Bu faktora diqqətli olmalıyıq.
3. Ədəbiyyatın dərsləri
Vətən müharibəsində qələbənin qazanılmasında bütün Azərbaycan xalqı, müzəffər Azərbaycan ordusu ilə birgə, şəksiz ki, ədəbiyyatın da öz payı olmuşdur. Ən azı barışmazlıq ruhunu yaşatmaqla, gənc nəsli Qarabağ məsələsi ətrafında səfərbər etməklə ədəbiyyat Azərbaycan cəmiyyətini bu qələbəyə hazırlamışdır. Təkcə onu demək kifayətdir ki, son 30 il ərzində Azərbaycan ədəbiyyatının başlıca bir mövzusu olmuşdur – Qarabağ müharibəsi. İkinci Qarabağ savaşının qələbə ilə başa çatması münasibətilə bir məqalə yazdım, “Ədəbiyyat qəzeti”ndə dərc olundu: “Qalibiyyət və ədəbiyyatın dərsləri”. Məqalədə göstərməyə çalışırdım ki, otuz ilin ağrı-acıları, çıxılmazlıq əhval-ruhiyyəsindən sonra dirçəliş ruhu, intibah havası yenidən ədəbiyyata qayıdır. Diskurs dəyişir. Diqqət etsək, müharibə günlərində Azərbaycan Prezidentinin hər çıxışı çağırış ruhlu: “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” şüarı ilə bitirdisə, bu gün qalibiyyət ruhlu: “Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!” nidası ilə tamamlanır.
Ədəbiyyatımızın qarşısında yeni üfüqlər açılır. Əgər əvvəl yazıçılarımız, şairlərimiz, ədiblərimiz dünyaya dekadans acısından, məğlub xalqın ağrıları açısından baxırdılarsa, bugün onu qalib xalqın nəzərlərindən görməyi, qalibiyyət nöqtəsindən yazmağı bacarmalıdırlar. Həm də yalnız son otuz ilin kontekstində deyil, əslində həmin otuz ilin mənzərələrinin özü də son 200 ilin tarixi təcrübəsindən süzülərək qələmə gəlməlidir. Milli ruhun oyanışı, mülli qürur, fəxarət notları yalnız pafos, patetika, ritorik mövqelərdə ifadə olunmur ki; bunu da danmadan ardınca analitika gəlməlidir. Dirçəlişimiz özünə-qayıdışla sona yetmir, yalnız başlayır.
Qəhrəman Azərbaycan əsgərinin böyük şücaətlə açdığı tarixi Zəfər yolunu ləyaqətlə başa vurmaq indi həm də, başqa sahələrdə olduğu kimi, ədəbiyyatın da öhdəsinə düşür. Düşünürəm ki, gələn il qırx illiyinə yığışacağımız Vaqif Poeziya günlərində ədəbiyyatımız həmin hesabata daha da müntəzir olacaqdır.