Vasif Talıbovun oğlu Ali Məclisin iclasına qatılmadı — Yenilənib

Vasif Talıbovun oğlu Ali Məclisin iclasına qatılmadı — Yenilənib

Bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov qərar imzalayıb.

Saat 11:00-da başlayacaq sessiyanın müzakirəsinə bu məsələlər daxil edilib:

 

1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları;

2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi;

3. Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi;

4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi.

Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.

Qeyd edək ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov dekabrın 21-də istefa verib. Naxçıvan Ali Məclisinin qapalı keçirilən iclasında onun vəzifəsindən azad olunması ilə bağlı qərar səsə qoyularaq qəbul olunub. Ali Məclis sədrinin vəzifələrinin müvəqqəti icrası birinci müavin Azər Zeynalova tapşırılıb. 

***

Sessiya artıq başlayıb.

***

“Report”un xəbərinə görə, sessiyaya Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Ali Məclisin deputatları, aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri qatılıblar.

İlk dəfə olaraq Naxçıvan Ali Məclisinin sessiyasında 28 ildən sonra sabiq sədr, 7 saylı Aralıq Seçki Dairəsinin deputatı Vasif Talıbov və onun oğlu, 25 saylı Naxçıvan şəhər Seçki Dairəsinin deputatı Seymur Talıbov iştirak etməyiblər.


Share: