Kimin rəhbərlik etməsindən asılı olmayaraq, hakimiyyət dövləti irəli aparan lokomativdir. Və heç bir hakimiyyət ideal, nöqsansız olmur. Min il bundan əvvəl də hakimiyyətdən narazı adamlar olub, min il bundan sonra da olacaq və bunun üçün səbəb həmişə tapılacaq. Bu bir təbii haldır, çünki bəşər övladı həmişə narazıdır. Hətta onu yaradan Tanrıya belə naşükürlük edə, gileylənə bilir. Üzü Adəmdən bu yana azmı belə hadisələr olub?..
Biz ədalətin mütləq qələbəsi haqqında yalnız nağıllarda eşitmişik, yazılı tarixin heç bir səhifəsində bu barədə məlumat yoxdur. Dünyanın hər bir ölkəsində insanlar nədənsə narazıdır, sadəcə bu narazılıqlar müxtəlifdir, fərqlidir…
Uzun illər ABŞ-da yaşayan bir azərbaycanlı kimi, çəkinmədən iddia edə bilərəm ki, dünyanın ən inkişaf etmiş bu ölkəsində də problemlər yetərincədir. Necə deyərlər, orada da dilənçi, işsiz var, bizdə də. Orada da az işləyib çox yeyən var, burada da. Onların da çox işləyib az yeyəni var, bizim də. Bizdə insanlar rüşvətxorluq və korrupsiyadan əziyyət çəkirlər, orada isə bürokratiyadan. Onlar 250 ildir ki, müstəqildir, biz isə 31 il. ABŞ əsrlərlə dövlətçilik ənənəsi olan nəhəng ölkədir, Azərbaycan isə hələ indi-indi addımları bərkiyən kiçik bir ölkə. ABŞ-dan bütün dünya çəkinir, Azərbaycana isə Rusiya bir tərəfdən təzyiq göstərir, fars o biri tərəfdən qəsdinə çalışır, erməni də bu biri tərəfdən mübarizəyə can atır…
Sevindirici haldır ki, son illər xaricdə təhsil alan azərbaycanlıların sayı artıb. Sözsüz ki, ABŞ-da, avropada təhsil alıb vətənə dönən və yaxud da oralardakı sosial vəziyyətdən xəbəri olan insanlar istəyirlər ki, Azərbaycan da inkişaf etmiş ölkələrdən birinə çevrilsin. Amma fərqinə varmırlar ki, heç bir ölkə “filfilo”yla dirçəlmir, zaman-zaman inkişaf edir. Bəli, bu gün Azərbaycanın daxilində abadlıqla yanaşı, xeyli təmizləmə işləri də görülür- Yavaş-yavaş oliqarx məmurlar sıradan çıxarılır, korrupsiya əleyhinə mübarizə aparılır, məmur özbaşınalığına qarşı addımlar atılır və s.. Bütün bunlara son qoyulandan sonra əhalinin sosial rifahı da yaxşılaşacaq, dolanışığı da…
O ki qaldı “Tərtər işi”nə, əlbəttə bu hadisə yüksək çinli məmurların özbaşınalıqlarının nəticəsidir. Onlar hətta Tərtər hadisələrini qabartdıqlarına görə, bir neçə ictimai fəalın həbsinə də nail olublar. Bu o demək deyil ki, belə də davam edəcək. Yəqin ki, səbəbkarlar tezliklə ifşa olunub cəzalarını alacaqlar. Yeri gəlmişkən, bir məsələni də qeyd edim ki, həmin məmurlar ifşa olunduqca, onların saxta ittihamlarla həbs etdirdikləri adamlar əhv olunub azadlığa buraxılmalıdırlar. Nümunə üçün, elə götürək Naxçıvan MR-i. Yəqin ki, Vasif Talıbovun “xanlığı” dövründə müxtəlif maddələrlə şərlənib həbs olunan insanlar az deyil. Onları əlahəzrət ƏDALƏTİN qələbəsinə inandırmaq lazımdır. Qoy görsünlər ki, haqq nazilər, üzülməz…
Sözsüz ki, bu gün bir çoxunun “siyasi məhbus” adlandırdığı, amma cinayət məcəlləsinin müxtəlif maddələri ilə həbs olunan ictimai fəalların əksəriyyətinin həbsində bəzi nəhəng məmurların maraqları durur. Yəqin ki, nöqsanlarını ictimailəşdirməklə hansısa “qırmızı xətt”i tapdayıb keçiblər. İnanıram ki, bütün bu problemlər tədricən öz həllini tapacaq…
Bəli, Azərbaycan öz inkişaf dövrünü yaşayır. Son iyirmi ildə ölkəmiz çox abadlaşıb, bütün sahələrdə xeyli işlər görülüb. Əsarətdə olan torpaqlarımızın böyük bir hissəsi azad olunub. Uğurlar göz qabağındadır. İnanıram, bir vaxt gələcək ki, “siyasi məhbus” ifadəsi yalnız vətənə dönük, dövlətə xəyanət edən insanlara şamil ediləcək…
Elman Eldaroğlu