“Vaxtında biz lazımi addımları atmasaydıq, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik”.

Müstəqil.Az bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev bu gün ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə söyləmişdir.

Ölkə başçısı qeyd edib ki, hazırda koronavirusa qarşı mübarizə işində ölkəmizdə müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər davam edən müsbət dinamika onu deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş effektli tədbirlərdir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan yoluxanların sayı sağalanların sayından xeyli aşağı düşüb. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq.
Ölkə ərazisində mövcud olan xəstəxanaların vəziyyətinə toxunan dövlət başçısı qeyd etmişdir ki, hazırda ölkə ərazisində 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir ki, bunların da 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub.
Ölkə başçısı xüsusi vurgulamışdır ki, əgər vaxtında dövlət bu addımları atmasaydı, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik.
Ölkədə adambaşına düşən testlərin sayına toxunan Prezident qeyd etmişdir ki, bu gün Azərbaycan dünya miqyasında bu göstəricilər üzrə qabaqcıl yerlərdədir. “Biz qısa müddət ərzində laboratoriyalarımızın sayını 5 dəfə artırdıq. Yaxın gələcəkdə alınacaq yeni laboratoriyalar imkan verəcək ki, daha da böyük sayda testlər keçirilsin. Biz gələcəkdə bu laboratoriyaların sayını 45-ə çatdırmalıyıq. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilmişdir. Onlardan 4-ü bir gün ərzində – iyulun 29-da fəaliyyətə başlayıb. Qobustan, İsmayıllı, Qəbələ və Şəki şəhərlərində mənim iştirakımla bu xəstəxanaların açılışı olmuşdur. Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə, bizim təkcə bu tipli xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək”-deyə ölkə başçısı mövcud vəziyyətə qiymət vermişdir.

Müstəqil.Az

Share: