“Mən Şahmat Olimpiadası və qadınlar arasında fərdi Avropa çempionatını bir-birindən ayıra bilmərəm. Hindistanın Çennay şəhərində keçirilən Olimpiadada çox uğurlu çıxış etdik. Hətta son turadək çempionluq şansımız vardı. Hətta son turun 2 saatı keçəndən sonra biz elə bilirdik ki, çempionuq. Vaxtından əvvəl sevinmişdik”.
Bunu “Qafqazinfo”ya açıqlamasında Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov deyib.
O, Avropa çempionatından gələn komandamızın uğurlu çıxışından danışıb:
“Olimpiada çox ağır turnir idi. Mütləq qeyd olunmalıdır ki, Avropa çempionatında güclü şahmatçılar iştirak edirdi. Güclülərin iştirak etdiyi samballı yarış idi. Belə yarışda uğurlu çıxış etməyin qiyməti daha dəyərlidir. Qızlarımızın hər biri yaxşı çıxış etdi. Ləman Hacıyeva öz xalını rekord səviyyədə – 95,6 xal qaldırdı. Sevindirici haldır ki, biz Avropa çempionatından ilk dəfə medalla qayıdırıq. Gücləndirici fakt odur ki, bu, 2 medaldır. Faktiki demək olar ki, bizim şahmatçılar medal kürsüsünü tutdular. Əlbəttə, birinci yerə çıxmaq şansımız vardı. Həm Günay Məmmədzadə, həm Gülnar Məmmədova, həm də Ülviyyə Fətəliyeva Avropa çempionu olan Monika Soçko ilə görüşdə xeyli üstünlüyə malik idilər. Müəyyən məqamda onların şahmat bəxtləri gətirmədi. Hesab edirik ki, bu komandanın əsl qələbələri qabaqdadır. Bu başqa cür də ola bilməz. Çünki dövlətimiz tərəfindən qayğı görürlər. Onlar üçün xaricdən güclü mütəxəssislər cəlb olunur və həmin şəxslər Şahmat Federasiyası ilə müqavilə əsasında işləyirlər. Xanım şahmatçılarımız da çox həvəslə öz işlərinə maraq göstərirlər. Ona görə də bir daha bütün şahmatsevərləri təbrik edirik. Qadın şahmatçıların görünməmiş uğuru bizdə gələcəyə nikbin əhval-ruhiyyə yaradır.