Vergilər Nazirliyi həbslərə başladı – MÜTƏŞƏKKİL DƏSTƏ YAXALANDI

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən paytaxt ərazisində yerləşən, alkoqollu içkilərin və tütün məmulatlarının satışı sahəsində ixtisaslaşdırılmış 15 ticarət obyektində aparılmış vergi nəzarəti tədbirləri zamanı qeyri-qanuni olaraq xeyli və külli miqdarda aksiz markası ilə markalanmamış və saxta aksiz markaları ilə markalanmış məhsulların satışının aparılması və satış məqsədilə saxlanması faktları öz təsdiqini tapıb. Müvafiq sənədləşmələr aparıldıqdan sonra həmin mallar müsadirə olunub.
Nazirlikdən Moderator.az-a daxil olan xəbərə görə, faktlarla bağlı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Cinayət Məcəlləsinin 213-1-ci maddəsi ilə cinayət işi başlanılıb və Yasamal rayon məhkəməsinin qərarı ilə qeyri-qanuni əməlləri törətmiş O.Məmmədov, Ç.Rəfiyev və F.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Eyni qanun pozuntularına yol verdikləri üçün həmin şəxslər əvvəllər də məsuliyyətə cəlb ediliblər.
 Alkoqollu içkilərin və tütün məmulatlarının aksiz markası olmadan satışı ilə məşğul olma hallarının kütləvililiyi onların mütəşəkkil xarakter daşıdığına və həmin sahədə geniş bir cinayətkar şəbəkənin fəaliyyət göstərdiyinə dəlalət edir. Aksiz markası olmadan, həmçinin aksiz markalarının saxtalaşdırılması yolu ilə istehlak bazarına çıxarılan məhsullar vətəndaşların sağlamlığı üçün təhlükə törətməklə yanaşı, qanuni fəaliyyət göstərən digər vergi ödəyicilərinə münasibətdə haqsız rəqabətə səbəb olur. Cinayət şəbəkəsində birləşmiş belə “işbazlar” qeyri-qanuni məhsulların istehsalı, həmçinin qiymətli kağız hesab edilən aksiz markalarının saxtalaşdırılması ilə məşğul olur, dövlətin və cəmiyyətin mənafelərinə ciddi zərər vururlar.

Share: