Müstəqil.Az saytının “Dənizçilərə Sosial Dəstək” İB ilə birgə layihəsi olan “Dənizçi həyatı” layihəsinin bu dəfəki qonağı AXDG QSC ADDA –nın Təlim Tədris mərkəzinin təlimatçısı, veteran dənizçi Tağıyev Ərrəhman Saday oğludur.
-Ərrəhman müəllim, sizinlə Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin və Müstəqil.Az-ın birgə lahiyəsi olan “Dənizçi həyatı” layihəsində həmsöhbət oluruq. Özünüz haqda məlumat vermənizi xahiş edirəm.
–Mən 1959-cu ilin aprel ayının 1-də Ağdam rayonunun Gülablı kəndində anadan olmuşam
1974-1978-ci illərdə Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbinin “Gəmi güc qurğularının istismarı” fakultəsində təhsil almışam.
1978-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Şamaxı” quru yük gəmisində motorçu olaraq dənizçi kimi əmək fəaliyyətinə başlamışam.
1978 -2010 –c u illər ərzində DND-də motorçu vəzifəsindən baş mexanikkliyinə qədər vəzifələrdə işləmişəm.
2010-2016-ci illərdə “Socar Marine” şirkətində baş mexanik vəzifəsində çalışmışam.
2016-cı ildən bu günə qədər AXDG QSC Dövlət Dəniz Akademiyası Təlim Tədris Mərkəzində təlimatçı vəzifəsində çalışıram.
-Ərrahman müəllim, zəngin dənizçilik təcrübəniz var, deyin, necə oldu ki, dənizə könül verdiniz?
– Erkən yaşlarımdan dənizə, gəmiçilik sənətinə məndə maraq yaranmışdı. Ətrafımda olan insanlar arasında bu sahədə çalışanlar da az deyildi. Etiraf edim ki, ilk öncə onların geyimi, uniforması məni cəlb etdi. Qətiyyətlə qərar verdim ki bu sahədə təhsil alım, dənizçi olum. Ona görə də orta məktəbi bitirib, Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinə qəbul olundum.
-Demək dənizçi olmaq uşaqlıq, yeniyetməlik çağlarındakı xəyyallarınızın bəhrəsidir?
– Bəli, dənizçi olmaq məktəb dövrlərindən arzum olub. Düzdür, ailədə böyüklərimiz məni başqa sahəyə yönəltməyə çalışsalar da, fikrimdə qaldım dənizçilik sahəsini seçdim.
– Və o dövrdən də həyatınızı dənizə bağladınız. Maraqlıdır, dənizlə dostluğunuz ilk andan alındı, yoxsa arada bir peşimançılıq, yaxud təəssüf hissi olmadı ki, sizdə.
– Xeyr, bu sahəni seçməyimə görə heç bir vaxt təəssuf hissi keçirməmişəm, peşman olmamışam. Əksinə həmişə sevinmişəm ki, öz istədiyim ixtisasda təhsil alıb istədiyim sahədə çalışıram.
– “Dənizçi həyatı” dedikdə nə başa düşülür? Siz bu həyatı necə xarakterizə edərdiz?
-Dənizçi həyatı çox çətin, həm də məsuliyyətlidir. Evdən, ailədən uzaq olursan. Gərək işini, sənətini sevə-sevə görəsən. Elə bu sevgi də bu həyatın çətinliklərini adama unutdurur.
-Dənizin sizdən aldığı, yaxud dənizdən aldığınız, hansı daha çoxdur?
– Dənizin məndən aldığı yoxdur, zaman, bəzən ailə, uşaq, torpaq üçün darıxmağı nəzərə almasaq, əlbəttə. Amma, mənim dənizdən aldığım çox olub, dəniz mənə səxavətlə çox şey verib. Mən burda həyatı öyrənmişəm, çətin anlarda necə dözümlü olmağı, dost qazanmağı və digər nüansları bacarmışam.
-Məlumdur ki, dənizçilərin həyatında macəra dolu günlarə heç də az olmur. Sizin yaddaşınızda qalan ən maraqlı hadisələr hansıdır?
– Maraqlı hadisələr çox olub, amma ən maraqlisı odur ki, dünyanı gəzmək imkanı əldə etmişəm, müxtəlif iqlimlərdə, müxtəlif ölkələrdə olmaqla özünün yurdunu, vətənini müqayisə edib və bütün hallarda öz torpağın üçün daha çox darıb və vətənə bağlanırsan.
– AXDG QSC-nin Tədris mərkəzində çalışırsız. Biliklərinizi, təcrübənizi paylaşısız. Maraqlıdırmı?
– Təlim Tədris Mərkəzində 6 ildir çalışıram. Öz bilik bacarığımızı paylaşmaq çox xoş bir haldı.
– Gənc dənizçi nəslinin sizin dövrün gəncləri ilə müqayisədə hansı fərqləri müşahidə etmək olar?
– Əsas fərq bəzi adət ənənələrimizin gənc nəsil tərəfindən unudulmasıdır. Gənc nəslə onu demək istərdim ki, köhnə adət ənənələrə daha çox önəm versinlər, daha hörmətcil olsunlar.
Dənizçi sənəti məsuliyyətlibir ixtisasdir. Ona görə də bu sənətə aid adət ənənələri qorumaq lazimdir. Əlbəttə yeniliyi də öyrənmək və tətbiq etmək zəruridir.
Hər zaman dərsə başlamazdan öncə giriş kimi bu cür məlumatları gənc nəslə xatırladıram.
– Məlumdur ki, ölkədən kənarda çox olmusuz, dənizçiyə olan diqqət, onlara münasibət hansı ölkdə daha çox müşahidə olunur?
– Dəniz sahəsində işlədiyim müddətdə bir çox ölkələrdə olmuşam. Demək olar ki, bütün ölkələrdə dənizçiyə xususi hörmət var. Bu da sevindirici haldır.
-Gənc dənizçi nəslinə nələri tövsiyyə edərdiz?
-Gənc nəslə onu demək istərdim ki, öz peşələrini sevsinlər, böyüklərə hörmətlə yanaşsınlar.
– Ərrəhman müəllim, çox sağ olun, müsahibəyə görə.
– Siz sag olun ki, bizi unutmursuz, var olun! İşlərinizdə həmişə yeni-yeni uğurlara imza atmanızı arzulayıram.
Söhbətləşdi: Faiq Balabəyli
.