VHP-dən iranlı deputatlara sərt cavab: 50 milyonluq Azərbaycan türkü dövlətimizin yanındadır!

VHP-dən iranlı deputatlara sərt cavab: 50 milyonluq Azərbaycan türkü dövlətimizin yanındadır!

Vətəndaş Həmrəyliyi Partiyası bir qrup iranlı deputatın Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
“Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini dost dövlətlər alqışladı. Onlar Azərbaycanın Ermənistanla haqlı savaşına dəstək diplomatik dəstək verdilər. Bu qələbəyə ən çox sevinən, heç şübhəsiz, dünya azərbaycanlılarıdır. Hansı ölkənin vətəndaşı olmalarından asılı olmayaraq, onlar Azərbaycan torpaqlarının işğaldan azad edilməsini istəyiblər, bununla bağlı dünyanın bir çox ölkələrində aksiyalar keçiriblər. Bu mənada Vətən Müharibəsində qazanılan Qələbə bütün dünya azərbaycanlılarının Zəfəridir.
Çox təəəsüfləndirici haldır ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə və dünya azərbaycanlılarının həmrəyliyinə qarşı ən çox əhalisinin yarısı türk olan İran hakimiyyəti çıxır. Belə görünür ki, rəsmi Tehran Azərbaycan Respublikasının uğurlarına sevinə bilmir. İslam dini arxasında pərdələnsə də, bu onun fars şovinisti düşüncəsindən irəli gəlir.
Azərbaycan Respublikası həmişə imkanı daxilində dünya azərbaycanlılarının da mili-mədəni hüquqlarının qorumağa, bu istiqamətdə addımlar atmağa çalışıb. 1918-ci ildən indiyədək Azərbaycanda siyasi-ideoloji baxışlarından asılı olmayaraq, hakimiyyətə gələn milli qüvvələr Güney Azərbaycan türklərinin taleyinə biganə qalmayıblar.
Dünya Azərbaycanlılarının II Qurultayında dövlətimizin başçısı İlham Əliyev 50 milyonluq azərbaycanlının Prezidenti olduğunu bəyan etdi. Prezident bununla Azərbaycan Respublikasının dünya azərbaycanlılarının hamisi olduğunu da beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Dövlət başçısı bu kursu davam etdirdiyini Türk Dövlətləri Təşkilatının Səmərqənd sammitində bir daha nümayiş etdirdi. Onun Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın insan haqlarının qorunması barədə söylədiyi sözlər  İranda bəzi tarixdən bixəbər, şovinist  deputatların kürkünə birə salıb və sərsəm bəyanatlar səsləndirərək İranın Xarici İşlər Nazirliyini və Məclisi bu iradlara reaksiya verməyə çağırıblar.
Vətəndaş Həmrəyliyi Partiyası olaraq bəyan edirik ki, bu gün İranda amansızlıqla haqqı tapdanılan və kimliyi danılan Güney Azərbaycan türkünün taleyi dünyada hər bir normal insanı düşündürməlidir. Dünyada İran türkləri qədər milli sitəmə, irqi ayrı-seçkiliyə və ədalətsizliyə məruz qalan ikinci bir etnos tapmaq çətindir. Sayı İran əhalisinin yarısını təşkil etsə də, bu xalqın bütün milli-mədəni hüquqları əlindən alınmışdır. Odur ki, Azərbaycan Respublikasının fars şoviniziminin davamlı təzyiqi ilə üz-üzə qalan güneyli soydaşlarının haqqını tələb etməsi dünyanın bütün  mövcud yazılı qanunlarına uyğundur. Azərbaycanın bu məsələdi haqlı olduğunu həm dünyəvi qanunlar, həm də səmavi kitablar təsdiqləyir.
Azərbaycan dəfələrlə İrana dost əlini uzadıb, heç bir problem olmadan normal qonşuluq münasibətlərinin, mehriban əlaqələrin inkişafına çalışıb. Ancaq qarşı tərəf adekvat münasibət sərgiləməkdənsə, münasibətləri gərginləşdirən addımlar atıb, işğalçı Ermənistanın yanında yer alıb, ona iqtisadi və hərbi yardım edib. Azərbaycanı az qala öz ərazi subyekti sayıb. Azərbaycanla  hədə dilində, onun suverenliyini təhdid dilində danışmağa çalışıb.
Vətəndaş Həmrəyliyi Partiyası son günlər baş verənləri  İran molla rejiminin  Azərbaycana qarşı açıq düşmənçiliyinin yeni təzahürü sayır. Bu qarşıdurmada 50 milyonluq Azərbaycan türkü dövlətimizin və Azərbaycan Respublikasının Ali Baş Komandanın yanındadır. İran çirkin əməllərindən, düşmənçilikdən əl çəkməli və Azərbaycanla münasibətlərdə Bakının həssasiyyətini nəzərə almalıdır. Tehran seçim etməli, dinc qonşuıuq münasibətlərini dəyərləndirməli, ermənipərəst siyasətdən əl çəkməli və ilk növbədə Güneyli qardaşlarımızın milli haqlarının qorunması tələblərinə əməl etməlidir.
Başqa yol yoxdur!”

Share: