VHP deputata qarşı terroru pislədi

VHP deputata qarşı terroru pislədi

VHP deputata qarşı terroru pislədi: Dövlətimizə, istiqlalımıza qarşı istənilən təhdidə lazımi cavab veriləcək!

Vətəndaş Həmrəyliyi Partiyası Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd hadisəsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir: “28 mart 2023-cü il tarixdə saat 21:51-də Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında – “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Sui-qəsd nəticəsində Fazil Mustafa iki güllə yarası alıb. Vətəndaş Həmrəyliyi Partiyası baş vermiş terror aktını qətiyyətlə pisləyərək, millət vəkilinə şəfalar diləyir. Azərbaycan Respublikasının Ali qanunverici orqanının üzvü, Milli Məclisinin deputatına qarşı terror siyasi mahiyyət etibarı ilə Azərbaycan dövlətinə qarşı edilən terrordur. Əminik ki, ən yaxın vaxtda terror aktını həyata keçirənlər tapılacaq və hadisəyə hüquqi-siyasi qiymət veriləcək. VHP eyni zamanda bəyan edir ki, heç bir güc Azərbaycan Respublikası ilə hədə və terror dili ilə danışa bilməz. Azərbaycanın bütün siyasi qüvvələri və hər bir vətəndaş milli maraqlar və dövlətçilik məsələsində bir yumruq kimi birdir. Dövlətimizə, istiqlalımıza qarşı istənilən təhdidə lazımi cavab veriləcək!”

Share: