Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gəncə şəhər təşkilatının üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 139-cu il dönümü ilə bağlı Gəncə şəhərində Rəsulzadənin büstünü ziyarət ediblər.
Abidə qarşısında çıxış edən VHP Gəncə şəhər təşkilatının sədri Füzuli Həsənov bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günü olduğunu qeyd edərək bildirib ki, Rəsulzadə Cümhuriyyət tarixinin ideoloji-siyasi fəaliyyətinin əsas təməllərindən biridir: “Bu gün biz Cümhuriyyətimizin dəyərlərinə sahib çıxmalıyıq. Gəncliyə ideologiya lazımdırsa, Rəsulzadənin həyatı və fəaliyyəti əsl ideologiya nümunəsidir. Rəsulzadə təkcə Müsavatın qurucusu deyil. O, həm də Azərbaycan adına tarixdə ilk dövlətin, müasir dövlətçilik ənənələrinin banisidir. O, millətin lideridir. Məmməd Əmin Rəsulzadə son minillik tariximizin yetirdiyi ən dahi şəxsiyyətlərdən biri, bəlkə də birincisidir. Onun Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və müstəqil Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında lider kimi gördüyü işlər danılmaz həqiqətlərdir. Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarı istiqlaliyyət əldə etmək istəyən xalqların prinsipinə çevrilib. Onun milli həmrəyliyi ifadə edən fikirləri bütün dövrlər üçün dövlətin qorunmasında vacib şərtlərdən biridir. Biz tarixi şəxsiyyətlərimizin qədrini bilməliyik. Bugünkü Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir və hər bir vətəndaş Cümhuriyyət dəyərlərinə sayğı ilə yanaşmalıdır”.
Daha sonra çıxış edən VHP Ali Məclisinin üzvü, Vətən Müharibəsi veteranı Samil Bağırlı bildirdi ki, Rəsulzadənin fəaliyyəti, yazıları və çıxışları gənclər üçün milli yoldur: “Onun fikirlərinə hər bir gənc sahiblənməlidir. İslam Şərqində ilk Cümhuriyyətin qurulması zamanının ən böyük hadisəsi idi, onu da Rəsulzadə və silahdaşları birgə etdilər. Bu gün milli dövlətimizin olması onların xidmətidir və bu dövlətin qurucularını biz hər zaman sayqı və sevgi ilə xatırlamalı, yaddaşlarımıza həkk etməliyik”.