Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan ərazisindəki qeyri-qanuni erməni hərbi birləşmələrinin qarşı antiterror tədbirlərinin uğurlu yekunu ilə bağlı təbrik bəyanatı verib. Bəyanatda deyilir:
“Azərbaycanın Zəfər Savaşına başlamasının üçüncü ili tamam olur. 2020-ci il sentyabrın 27-də işğalçı dövlətin hərbi təxribatlarına layiqincə cavab verən Azərbaycan ordusu bütün dünyaya öz gücünü göstərdi. Bu gün işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinə başlanılıb və regional layihələr yüksək səviyyədə jəyata keçirilir. Lakin Azərbaycan sülh sazişinin imzalanması və bölgədə daimi sabitliyin yaranması üçün 10 noyabr bəyannaməsində üzərinə götürdüyü öhdəlikləri tam mənada yerinə yetirdiyi halda erməni tərəfi cəbhənin müxtəlif istiqamətlərində təxribatlar törətməklə cinayətkar əməllərindən əl çəkmirdi. Qarabağda yaşayan ermənilər həm sülhməramlılara, həm müxtəlif ad altında Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərən Ermənistan ordusunun tör-töküntülərinə, terrorçu qruplaşmalara yardım edir, xarici havadarlarına arxalanıb Azərbaycanın konstitusion hüquqlarına qarşı çıxır, Ermənistandan silah-sursat daşıyır, yeni müharibəyə hazırlaşırdılar. Ötən müddət ərzində Azərbaycan ərazilərində yeni mövqelər, səngərlər, mühəndis-istehkam qurğuları hazırlamaq, qanunsuz silahlı birləşmələri texniki avadanlıqla təmin etmək və qanuni hakimiyyətə qarşı terror fəaliyyəti aparmaq, mülki vətəndaşlarımızın həyatına təhlükə yaratmaq antiterror tədbirlərini labüd etdi. Ötən üç ilin təcrübəsi onu göstərdi ki, erməni separatizmi, xunta rejimi diplomatik vasitələrlə, danışıqlar yolu ilə sülhə gəlməyəcək. Məlum oldu ki, güc onların başa düşdüyü yeganə vasitədir. Azərbaycan dövləti beynəlxalq hüquqla təsbit olunmuş suveren haqlarının bərpası üçün gərəkən gücü göstərdi. Çox qısa bir zamanda Azərbaycan Ordusunun yüksək peşəkarlıqla və heyrətamiz şücaətlə apardığı antiterror tədbirləri nəticəsində düşmən ağ bayraq qaldırmağa məcbur oldu. Beləliklə, Azərbaycan xalqı üç ildən sonra yenidən tarixi qələbəyə imza atdı. Vətəndaş Həmrəyliyi Partiyası bu şərəfli qələbənin tarixə yazılması, Azərbaycan ərazisində sonuncu erməni hərbi xunta rejiminin məhv edilməsi uğrunda şəhid olan qəhrəmanlarımızı sevgi və sayğı ilə yad edir, qazilərimizə şəfa diləyirik. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən hər bir əsgərimiz bizim qürur yerimizdir.
Vətəndaş Həmrəyliyi Partiyası bu tarixi qələbə münasibətilə Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla qəhrəman ordumuzu və milli həmrəylik örnəyi ilə dəmir yumruğa çevrilən xalqımızı təbrik edir. Qələbə hər zaman bizimlə olsun!
Tanrı Azərbaycanı qorusun!”