“Siyasi partiyalar haqqında” yeni qanunun tətbiqi bir sıra tanınmış siyasi təşkilatların yenidən qeydiyyatını sual altına salıb.
Belə ki, REAL Partiyasının lideri İlqar Məmmədov Ədliyyə Nazirliyinə təqdim etdikləri üzv siyahısının 4 mindən artığının nazirlik tərəfindən “fake” çıxarıldığını deyib.
Bəs görəsən, belə bir təhlükə az qala müstəqilliyimizlə yaşıd olan Vətəndaş Həmrəyliyi Partiyasını da gözləyirmi?
Gununsesi.info-nun əməkdaşı bu sualla VHP sədri, millət vəkili Sabir Rüstəmxanlıya üz tutub.
Ədliyyə Nazirliyinin partiyalar tərəfindən təqdim etdiyi siyahıdakı şəxslərə zəng etməsindən xəbərdar olduğunu deyən Sabir Rüstəmxanlı, bununla belə narahat olmadıqlarını deyib: “Bilirəm ki, zəng edirlər, soruşurlar. İnsanlar bəzən bu zənglərdən ehtiyyat da edə bilər. Amma ümumilikdə bizim hər hansı narahatçılığımız yoxdur. Çünki, VHP Ədliyyə Nazirliyinə 10 min üzv siyahısı yollayıb”.
Sabir Rüstəmxanlının sözlərinə görə, təqdim olunan siyahıda olan adamlarla bağlı problemlərin çıxması da istisna olunmur: “Bizim üzvümüz olan həkimlər, müəllimlər olub ki, sonradan onları YAP-a yazıblar. Belə şəxslərlə bağlı problem çıxa bilər. Yaxud, elə şəxs var ki, ailə üzvlərindən kimsə bizim üzvümüz olub, YAP üzvü olan digərləri də onunla bərabər VHP-də olmaq istəyib. Bütün hallarda hesab edirəm ki, VHP-nin təqdim etdiyi 10 minə yaxın siyahıdan 500-600 nəfər səhv çıxa bilər”.
Nazirlik əməkdaşlarının partiya üzvlərinə bir-bir zəng etməsinə gəlincə, Sabir Rüstəmxanlı bildirib ki, buna qarşı olsallar da qanun artıq qüvvəyə minib: “Ümumiyyətlə, qanunun müzakirəsi zamanı biz öz fikirlərimizi demişdik. Amma artıq gecdir, qanun da tətbiq olunur”.
Azərbaycanda proporsional seçki sisteminin yenidən tətbiqi barədə fikirlərə gəlincə, Sabir Rüstəmxanlı indiki məqamda bunu real saymadığını deyib: “Birincisi, ölkədə hansı partiyalar siyasi səhnədə qalıb-qalmamasını heç kəs bilmir. Bu proses başa çatandan sonra bu barədə danışmaq olar. İndiki məqamda ölkədə dialiq mühiti var. Hökumətlə müxalifət arasında bu dialoq gedir. Gələcəkdə müzakirələr zamanı bu məsələlər ortaya çıxa bilər”.